Ölkədə 12 məktəbi olan "İstək" liseyi niyə bağlanır?

Istək liseyi Fotonun müəllifi İstək liseyi

Bakıda və bölgələrdə 12 məktəbi olan "İstək" liseyi fəaliyyətini dayandırır.

"Biz məlumatı mətbuatdan oxumuşuq, valideynlər çox narahatdır, yığışıb buna etiraz edəcəyik", valideyn Gülnarə Bağırova BBC News Azərbaycancaya deyib.

"İstək" liseyindən "fəaliyyətlərini dayandırması" məsələsini şərh etmək istəməyiblər.

"İstək" liseyi ABŞ-da yaşayan və hazırda Türkiyə höküməti ilə problem yaşayan dini xadim Fətullah Gülənə məxsus "Çağ" Öyrətim Liseylər şəbəkəsinin nəzdində yaradılıb.

"Şagirdlər və müəllimlər istədikləri məktəbi seçə bilərlər"

Azərbaycanda bir neçə şəhər və rayonda məktəbi olan "İstək" lisey şəbəkəsi fəaliyyətinin dayandırılması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Təhsil Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, belə bir müraciətlə liseyin təsisçisi müraciət edib.

Fotonun müəllifi İstək liseyi
Image caption Istək liseyinin Bakıda Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu

Nazirliyin məlumatına görə, təsisçi "İstək" liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təminatına və şagirdlərin təhsillərini digər məktəblərdə davam etdirməsinə kömək göstərilməsini istəyib.

Təhsil Nazirliyindən qeyd edilib ki, bu müraciət əsasında işçi qrup yaradılıb və "prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb".

"İstək" liseyində təhsil alan şagirdlərin öz seçimləri əsasında müvafiq məktəblərdə oxumasını, eləcə də pedaqoji heyətin istəyindən asılı olaraq, digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

"İstək" liseyində rəsmi məlumat yoxdur

"İstək" liseyi BBC News Azərbaycanca məlumatı nə təsdiq, nə təkzib edib. Liseyin ictimaiyyətlə əlaqələr şöbəsindən deyiblər ki, hazırda onlarda belə bir rəsmi məlumat yoxdur, olan kimi ictimaiyyətə ətraflı məlumat verəcəklər.

Fotonun müəllifi İstək liseyi
Image caption İstək liseyinin Gəncə şəhərində yerləşən kampusu

"Bildiyim qədər maliyyə problemləri olmamalıdır"

Valideynlər isə məlumatı mətbuatdan oxuyublar. Valideyn Gülnarə Bağırova BBC News Azərbaycancaya deyib ki, məktəbdən heç bir narazılıqları olmayıb, əksinə, təhsilin yüksək səviyyəsindən hər zaman razı qalıblar:

"Gözəl təhsil mühiti vardı, təhsil göstəriciləri hər zaman yüksək idi. Bildiyim qədəri ilə maliyyə problemləri də olmamalıdır. Hər şagird üçün ora yüksək təhsil haqqı ödənilir", Gülnarə Bağırova qeyd edib.

Onun sözlərinə görə, övladı üçün illik təhsil haqqı kimi 11 min manat ödəyib: "Bakıda bizim liseydə qiymət bu idi, bildiyim qədər, bölgələrdəki liseylərdə təhsil haqqı nisbətən ucuzdur".

"Liseyin yüksək göstəriciləri var"

"İstək" liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. Bakıda və bölgələrdə 12 liseyi var.

Liseyin saytında verilən məlumata görə, ali məktəblərə qəbul göstəricisi 99 faiz, xarici universitetlərə qəbul 68 faiz olub.

Şagirdlər respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr göstəriblər- liseyin saytında vurğulanır.

Fotonun müəllifi İstək liseyi
Image caption İstək liseyinin yataqxanası

"İstək" liseyinin tarixçəsi

Saytda liseyin yaranma tarixi 2014-cü il götürülsə də, onun 2014 -cü ilin əvvəlinə qədər Azərbaycanda fəaliyyət göstərən və ABŞ-da yaşayan din xadimi Fethullah Gülen məktəbləri kimi tanınan "Çağ" Öyrətim Liseylər şəbəkəsinin bazasında yaradıldığı bildirilir.

2014-cü ilin martında "Çağ" Öyrətim Liseylər şəbəkəsi SOCAR-ın nəzdindəki Beynəlxalq Təhsil Mərkəzinə keçmişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov Azadlıq radiosuna verdiyi müsahibəsində bildirmişdi ki, türk məktəblərinin təsisçisi onlara müraciət edib və Beynəlxalq Təhsil Mərkəzinin tərkibində təmsil olunmaq istəyib.

Amma iyun ayının 18-də SOCAR "əlavə maliyyə xərclərini azaltmaq üçün" həmin məktəblərin bağlanmasına qərar verib. Bu isə valideynlərin narazılığına səbəb olmuş və ölkə prezidentinə müraciət etmişdilər. Bundan sonra isə liseylər Zərifə Əliyeva adına liseyə daxil edilərək "Eksperimental pilot sinifləri" adlanmışdı.

Bir müddət sonra isə pilot məktəblərin nəzdində "İstək" liseyi yaradılmışdı.

Fotonun müəllifi AFP
Image caption Türkiyə prezidenti Erdoğan Fethullah Güleni 15 iyul dövlət çevrilişində ittiham edir, Gülensə bu ittihamları rədd edir

"Çağ" Öyrətim Liseylər şəbəkəsinin bağlanma səbəbləri isə Fətullah Gülenle Türkiyə prezidenti arasında münasibətlərin pozulmasından qaynaqlanmışdı.

2014-cü ilin əvvəlində Türkiyədə parlament "Gülen məktəbləri"ni 2015-ci il sentyabrın 1-dək bağlanmasına dair qərar qəbul etmişdi.

2016-ci ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra isə Gülen hərəkatına məxsus olduğu iddia edilən Qafqaz Universiteti də bağlanıb. Hazırda onun nəzdində Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir.

Türkiyə hökuməti 15 iyul çevrilişinə cəhdin arxasında hazırda ABŞ-da yaşayan Fethullah Gülenin dayandığını bildirir və onun ekstradisiya olunmasını ABŞ-dan tələb edir.

Gülensə bu ittihamları rədd edir.

Həmin çevriliş cəhdindən sonra Türkiyədə minlərlə adam həbs olunub, yaxud işdən çıxarılıb.

Türkiyə prezidenti Receb Tayyib Erdoğanın yaxınlarda Azərbaycana rəsmi səfəri nəzərdə tutulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş