İlham Əliyev: "İsti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz"

prezident, işıq problemi, elektrik, müşavirə Fotonun müəllifi AZERTAG
Image caption Prezident enerji böhranı ilə bağlı keçirdiyi müşavirədə biıdirib ki, bir qəza ölkənin "enerji sektorunu çökdürməməliydi"

İyulun 4-də prezident İlham Əliyev ölkədə iki gün çəkən enerji böhranı ilə bağlı keçirdiyi müşavirəsində biıdirib ki, bir qəza ölkənin "enerji sektorunu çökdürməməliydi".

Prezident İlham Əliyev müşabirədə deyib ki, "bu qəzalar baş verməməli və ya baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi".

"Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir", İlham Əliyev deyib.

"İstehlakın artması qəzaya səbəb ola bilməz"

Prezident bildirib ki, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.

Müşavirədə İlham Əliyev "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi məzəmmət edib.

"Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz". İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, Neft Şirkətinə və ümumilikdə ölkəyə böyük iqtisadi ziyan dəyib.

İlham Əliyev səhiyyə nazirinin müşavirədə "bütün xəstəxanalarda generatorlar işləyib" deməsinə şübhəylə yanaşıb: "Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb".

Fotonun müəllifi AZERTAG
Image caption Kəmaləddin Heydərov: "İES-i təmir etməzdən əvvəl, bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir"

"Beynəlxalq audit aparılmalıdır"

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxışında deyib ki, onun rəhbərlik etdiyi qurum dəfələrdlə "Azərenerjiyə" qəza baş verən Mingəçevir İstilik Elektrik Stansiyasında təhlükəsizlik tədbirlərinə əməl olunmaması barədə xəbərdarlıq etməsinə baxmayaraq, buna əməl olunmayıb.

Kəmaləddin Heydərov qeyd edib: "Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır".

Onun sözlərinə görə, elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir.

Nazir ikinci dəfə enerjinin kəsilməsi zamanı orda olduğunu bildirib.

"Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı".

Nazir çıxışında vurğulayıb ki, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır.

"Vəsait ayırıb İES-i təmir etməzdən əvvəl, əgər imkan varsa, bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir" Kəmaləddin Heydərov təklif verib.

"250 meqavat çatmır"

Baş nazirin müavini Yaqub Eyyubov deyib ki, stansiyada transformatordan axan 1000 litrə qədər yağın yanması qəzaya səbəb olub.

Onun sözlərinə görə, "hazırda respublika üzrə enerji tələbatı 3150 meqavatdır. Paylayıcı şəbəkələrə verilən güc isə 2900 meqavatdır. Təxminən 250 meqavat çatmır. Bakı şəhəri 100 faiz enerji ilə təmin edilir. Bakı ətrafı qəsəbələr, Xırdalan şəhəri və rayonlar isə 85 faiz enerjiylə təmin edilib".

Komissiya sədri Gürcüstan və Rusiyadan elektrik enerji alındığını deyib.

Müşavirənin sonunda prezident qeyd edib ki, "strateji obyektlərdə, ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır".

İlham Əliyev səslənən təkliflərin enerji böhranına görə yaradılmış Dövlət Komissiyasına və ona verilməsini tapşırıb.

Bu barədə daha geniş