“Artıq hiss edirəm ki, gücüm çatmır...”

İlkin Rüstəmzadə Fotonun müəllifi Aziz Karimov
Image caption İlkin Rüstəmzadə 2014-cü il mayın 6-da 8 il həbs cəzası alıb

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə məhbəsdə pis rəftara məruz qaldığından şikayət edir. Penitensiar xidmət ona qarşı "qərəzin" olmadığını bildirir.

İlkin Rüstəmzadə "6 ildir ki, cəza çəkdiyi" müddət ərzində ən kəskin təzyiqlərlə qarşılaşdığını deyib.

"Məni burda hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar", - İlkin Rüstəmzadə telefon vasitəsilə tanışına bildirdiyi müraciəti sosial şəbəkələrdə yayılıb.

"Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar", ona məxsus olduğu iddia edilən müraciətdə deyilir.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya bildirib ki, müraciətdə deyilənləri araşdırıblar, amma iddialar öz təsdiqini tapmayıb:

"Söhbət ondan gedir ki, o, cəmiyyətə həqiqətə uyğun olmayan məlumatları ötürməyə çalışır. Daxili intizam qaydaları mövcuddur. Onların icrası hamı üçün mütləqdir. Hər hansı şəxs ona əməl etmirsə, bu, onun öz problemidir. Qərəzdən söhbət gedə bilməz", - Penitensiar Xidmətin mətbuat katibi bildirib.

Mehman Sadıqov, həmçinin İlkin Rüstəmzadənin saçının qırxılmasına münasibət bildirib.

"Sacını qırxmaldır. Saçını və üzünü. Bu, qanunvericilikdə nəzərdə tutulmuş qaydadır".

NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub. Ona qarşı bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə bağlı ittiham irəli sürülüb.

2014-cü ildə İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.

Bəzi insan haqları təşkilatı onun həbsinin siyasi motivli olduğunu hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

Bu barədə daha geniş