Baş Prokurorluq: "Bəzi internet saytlarının vəzifəli şəxslərilə bağlı cinayət işi qaldırılıb"

Baş Prokurorluq Fotonun müəllifi APA

Baş Prokurorluq sosial şəbəkələrdə "müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar maddəsi ilə" cinayət işi qaldırıb.

Bundan başqa, bəzi internet saytların rəsmi şəxsləri ilə bağlı cinayət işi qaldırılıb, Respublika Prokurorluğundan BBC News Azərbaycancaya bildirilib.

"Bastaninfo" saytının rəhbəri Mustafa Hacıbəyli polisə dəvət olunub, bu barədə onun qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, bu gün günorta Mustafa Hacıbəylinin evinə mülki geyimli polislər gəlib və onu polisə çağırıblar: "İndilərdə Mustafa Hacıbəyli zəng edərək Bakı şəhər Prokurorluğunda olduğunu, cinayət işində şahid kimi dindirildiyini və vəkil istədiyini dedi. İndi ona vəkil tutmaqla məşğuluq".

Baş Prokurorluğun indilərdə yaydığı məlumatda deyilir ki, "Bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" internet saytlarının "internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib".

Fotonun müəllifi APA
Image caption Elmar Vəliyev

Baş prokurorluğun məlumatında deyilir ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova törətdiyi hücumla bağlı "bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb".

Prokurorluq öz məlumatında silahlı hücumu "terror akti" kimi təsvir edib.

Baş Prokurorluq hesab edir ki, yayılan məlumatlar "ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalandan" paylaşılıb.

Baş Prokurorluq istinad etdiyi məlumatlarda Azərbaycanın "konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar" olduğunu vurğulayır.

Eyni zamanda "sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı" ilə də bağlı Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə cinayət işi başlanıb.

Fotonun müəllifi Xəzər TV
Image caption Yunis Səfərov

Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir, məlumatda deyilir.

Baş prokurorluq bildirir ki, bəzi internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilib və onlara rəsmi xəbərdarlıq edilib.

Bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı silahlı hücum törədib. Yunis Səfərov həbs olunub.

Sosial şəbəkələrdə bəziləri hadisənin Elmar Vəliyevin yerli əhali ilə "sərt münasibətindən" qaynaqlandığını iddia edib, hüquq-mühafizə orqanları isə hadisəni "terror hücumu" kimi xarakterizə edib.

Rəsmilər Elmar Vəliyevin və mühafizəçisinin hazırda müalicə aldığını bildirirlər.

Bu barədə daha geniş