İlham Əliyevin "Sarkisyanın çökməsində rolumuz var" bəyanatına Ermənistanda nə deyirlər?

Aprel, 2018 Foto Arxiv: Sarkisyanın baş nazirliyinə etiraz aksiyası
Image caption Aprel, 2018 Foto Arxiv: Sarkisyanın baş nazirliyinə etiraz aksiyası

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan hesab edir ki, Azərbaycan prezidentinin Serj Sarkisyan rejiminin "çökməsində Azərbaycanın rolu"na dair bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub.

"Azərbaycanın Ermənistan məxməri inqilabında rolu Azərbaycanın Yer kürəsinin fırlanmasında oynadığı rolu qədərdir", - Mehrabyan BBC News Azərbaycancanın Yerevan müxbirinə deyib.

Azərbaycan İlham Əliyev Ermənistandakı son hakimiyyət dəyişikliyindən danışarkən "deyə bilərəm ki, Ermənistanda rejimin çökməsində bizim də rolumuz olub" deyə bəyan edib.

Cənab Əliyev vurğulayb ki, Azərbaycanın Ermənistanı regional layihələrdən kənarda saxlaması "qonşu ölkəni iqtisadi iflasa uğradıb".

İlham Əliyevin fikrincə, "haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu".

Azərbaycanda daha pisdir

Ruben Mehrabyan deyir ki, Azərbaycanda hökm sürən vəziyyət Serj Sarkisyan rejimi dövründə Ermənistanda mövcud olan vəziyyətdən yaxşı deyil. "Əslində, ən azı insan haqları, söz azadlığı və digər azadlıqlar baxımından Azərbaycanın mövcud durumu hətta Sarkisyan rejimindən də sərtdir".

"Odur ki, cənab Əliyevin bəyanatının məqsədi və kimə ünvanlandığını aydındır. Lakin onun [bəyanatın] nə dərəcədə Ermənistan cəmiyyətinə aidiyyəti olduğu sual doğurur", - Mehrabyan deyir.

"Sarkisyan rejimini kriminal, oğru və sairə adlandıraraq, öz ölkəsi daxilində eyni mənfi hallardan diqqəti yayındırmaqla yalnız vaxt uzatmaq olar. İctimai inkişaf qanunları bütün cəmiyyətlər üçün universaldır. Hər halda Ermənistan və Azərbaycan cəmiyyətləri müxtəlif qanunlar əsasında inkişaf etmir", - deyə Mehrabyan cənab Əliyevin faktiki olaraq Azərbaycanda "məxməri" və ya "rəngli" ixtilaflardan ehtiyatlandığına eyham vurub.

Image caption 13 Aprel.2018. Foto Arxiv: Müxalif millət vəkili (hazırda baş nazir) Nikol Paşinyan Serj Sarkisyanın baş nazirliyinə yol verməmək üçün keçiriləcək "itaətsizlik tədbirləri" çərçivəsində bu gecədən paytaxta Yerevanda nəqliyyatın hərəkətini iflic etməkdən başlamağa çağırır

"Bəlkə Əliyev Paşinyan hökuməti ilə həmrəylik göstərməklə..."

Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin direktoru Stepan Qriqoryan Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan məxməri inqilabı ilə bağlı bəyanatının məqsədini və bu mesajin kimə ünvanladığını anlamağa çalışdığını bildirir.

"Bəlkə bu da, adətən Azərbaycan və Ermənistan rəsmilərinin görüşləri ərəfəsində edilən növbəti bəyanatlar sırasındandır", - Qriqoryan BBC News Azərbaycanca xidmətinin Yerevan müxbirinə deyib.

Gələn həftə Brüsseldə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənir.

"Bəlkə cənab Əliyev Serj Sarkisyan rejiminə qarşı Nikol Paşinyan hökuməti ilə həmrəylik nümayiş etdirərək, gələcək təmaslar üçün müsbət zəmin yaratmaq istəyir. Digər tərəfdən isə, bəlkə həm də xəbərdarlıq edir ki, yeni hökumət də Qarabağ məsələsində "keçmiş rejimin səhvlərini təkrarlasa", bu hakimiyyətin də aqibəti eyni olacaq", - Qriqoryan ehtimal edir.

Eyni zamanda Stepan Qriqoryanın sözlərinə görə, Paşinyanın rəhbərlik etdiyi məxməri inqilabın Qarabağ münaqişəsinə aidiyyəti olmayıb.

Fotonun müəllifi EMMANUEL DUNAND/AFP/GETTY IMAGES
Image caption Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan

"Sarkisyan da uğurlardan bəhs edirdi..."

"Bu [Sarkisyanın devrilməsinə yönəlmiş] hərəkat Qarabağ münaqişəsi ilə bağlı deyil. Qarabağ mövzusu mitinq və nümayişlər zamanı qaldırılmayıb və hallandırılmayıb. İnsanlar tamam başqa neqativ hallara qarşı qalxmışdılar. Və Serj Sarkisyan rejimi Qarabağ məsələsinin yaxşı, ya pis həll etdiyinə görə deyil, tamam başqa səbəblərə görə devrilib", - Qriqoryan deyib.

"O ki qaldı cənab İlham Əliyevin öz nitqində Serj Sarkisyan rejiminin iqtisadi uğursuzluqları ucbatından çökdüyünə, Azərbaycanın isə çiçəkləndiyinə işarə etməsinə, qeyd etmək istərdim ki, cənab Sarkisyan da çıxışlarında uğurlardan bəhs edirdi, çünki bu çiçəkləmənin də nəticələrini yalnız onun (Ermənistan prezidentinin) yaxın ətrafındakılar görürdü", - Stepan Qriqoryan qeyd edib.

Bu ilin aprelində Ermənistanda keçmiş prezidenti Serj Sarkisyanın baş nazirliyinə qarşı Nikol Paşinyanın rəhbərliyi ilə ölkə boyu kütləvi etiraz aksiyaları başlamış və nəticədə Sarkisyan istefaya getməyə məcbur olmuşdu.

Sonradan parlament səs çoxluğu Nikol Paşinyanı baş nazir seçdi.

Bu barədə daha geniş