Gəncə: Polis zabitlərini öldürməkdə şübhəli bilinən "şəxs saxlanılıb"

Gəncə Şəhəri Fotonun müəllifi Ganja.az

Azərbaycan hüquq-mühafizə orqanları Gəncə şəhərində baş vermiş "aksiyanın ən fəal iştirakçılarından" və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin "qətlində şübhəli bilinən" Fərrux Qasımovun saxlanıldığını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu "cinayətin törədilməsində şübhəli bilinən" digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hüquq-mühafizə orqanlarının daha əvvəl yaydığı məlumata görə, qəsdən adam öldürmə və "soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş" Fərrux Qasımovla yanaşı Rəşad Böyükkişiyev axtarılır.

Hüquq-mühafizə orqanları həmin şəxslərin fotosunu yayıb.

İyulun 10-da Gəncə şəhərində baş verən toqquşmalarda iki polis zabiti öldürülüb.

Daxili İşlər Nazirliyinin BBC News Azərbaycancaya verdyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov aldıqları xəsarətlərdən vəfat edib.

Polis 40 şəxsin tutulduğunu bildirir.

"Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib", DİN bildirib.

DİN eyni zamanda, iğtişaşları törədən şəxslərdən bəzilərinin qaçdığını deyir.

Yerli sakinlər digər polis zabitlərinin də xəsarət aldıqlarını və Gəncə Şəhər Xəstəxanasında müayinə olunduqlarını bildirir, lakin DİN bu məlumatı BBC News Azərbaycancaya təsdiqləməyib.

Bu gün axşam saatlarında Gəncədə iğtişaşlar başladığı barədə məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda Gəncə şəhər icra hakimiyyətinin qarşısında toplaşmış adamlar görünüb.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov "radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində" həlak olub, DİN bildirir.

Gəncə sakinləri BBC News Azərbaycancaya bildiriblər ki, bir müddət əvvəl polis parkda gəzən insanlara heç nə etməyib: "Ortada bir-iki adam qışqırırdı, dini şüar-filan səsləndirən vardı, polis də narahat idi, amma camaat sakitcə gəzirdi. Yəni yolunu gedən yolunu gedirdi, bu vurnuxanlara görə yolunu dəyişmirdi".

Şahidlər deyirlər ki, meydana yaxın yerdə daxili qoşunlara məxsus avtobus olub, amma küçədəki insanların bundan narahat olduqları görünməyib.

Müxalifət nə deyir?

Sosial mediada yayılan məlumatlara görə, AXCP-nin Gəncə təşkilatının üzvü Gülnarə Hüseynova polis bölməsinə aparılıb. Onun hadisələr zamanı və ya hadisələrdən əvvəl saxlandığı məlum deyil.

AXCP sədri Əli Kərimli BBC News Azərbaycancaya bildirib ki, o, Gəncədə baş verənlər barədə xəbərsizdir və belə bir üzvlərinin olub-olmadığını bilmir: "Gəncədəki aksiyanın bizə heç bir adiyyati yoxdur, kim təşkil edib, niyə edib, bilmirik. Bu barədə əvvəldən də məlumat vermişik ki, bizim belə aksiya ilə əlaqəmiz yoxdur".

Əli Kərimli hesab edir ki, Gəncədəki iğtişaşlar "təxribatdır".

Onun sözlərinə görə, uzun illik müxalifətçilik təcrübəsində heç bir vaxt "anonim aksiya" təşkil etməyiblər: "Düzdür, razılaşdırılmamış aksiya keçirmişik, amma heç vaxt təşkilatçılığımızı gizlətməmişik".

Əli Kərimli onu da deyir ki, Elmar Vəliyevə qarşı silahlı hücumdan sonra 4 AXCP üzvü polisə müqavimət ittihamı ilə sutkalıq həbs cəzası alıb.

Müsavat Partiyasının Gəncə təşkilatının keçmiş sədri Cahangir Əmirxanlı BBC News Azərbaycancaya bildirib ki, onlar aksiyanı kimin təşkil etdiyini bilmirlər:

"Bunun təxribat olduğunu hesab edirik. Bu məsələyə heç bir qarışacağımız yoxdur",

Yayılan görüntülər

Kadrlarda daxili qoşunların əsgərlərinin hadisə yerinə gəldiyi görünür.

Şəhər sakinləri BBC News Azərbaycancaya qarışıqlıq olduğunu, amma nə baş verdiyini bilmədiklərini deyiblər.

DİN mətbuat xidməti BBC News Azərbaycancaya məlumatı araşdırdıqlarını deyib.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub, o, xəsarət alıb.

Hüquq-mühafizə orqanları ona hücum edən Yunis Səfərovun "xaricdəki terror təşkilatlarına bağlı" olması barədə iddialar irəli sürüblər.

Xəbər yenilənir.

Əlaqəli mövzular

Bu barədə daha geniş