Musa Quliyev: “Gəncə heç vaxt mühafizəkar şəhər olmayıb”

Musa Quliyev Fotonun müəllifi Azertag

Gəncədə dünən iki polis zabiti öldürülüb. Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bildiyi iki şəxsi axtarır, 30-dan çox adamın saxlandığını bildirir.

Dünən Gəncədə nə baş verib?

Azərbaycanın ikinci şəhərini ölkə parlamentində təmsil edən millət vəkili, hazırda Gəncədə olan Musa Quliyev düşünür ki, Azərbaycanda sabitliyi pozmaq istəyiblər.

- Bütün Azərbaycan vətəndaşları kimi mən də bu hadisələri pisləyirəm. Azərbaycanda sabitliyi pozmaq istəyən hər kəsin Azərbaycan qanunları qarşısında cavab verməyini istəyirəm və bilirəm də ki, Azərbaycan hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı lazımı tədbirlər görürlər və o insanlar da öz layiqli cəzalarını alacaqlar. Bir həftə bundan qabaq Gəncənin icra başçısına sui-qəsd olub. Dünən icazəsiz Gəncə şəhərinin mərkəzində aksiya keçirmək istəyən bir qrup radikal dini yönümlü şəxslərin qarşısını almaq istərkən iki yüksək rütbəli polis zabitimiz qətlə yetirilib. Bu, Gəncədə ixtişaş törətmək cəhdidir. Bu, dövlətçiliyə qarşı yönəlmiş hərəkətdir. Bu, Azərbaycanda sabitliyin pozulmasına qarşı ola bilsin ki, hər hansı xarici qüvvələrin törətdiyi hərəkətdir.

Hazırda hüquq-mühafizə orqanları öz işlərini aparırlar. Lazımi istintaq hərəkətləri gedir. Bu cinayətin arxasında kim durur, onu kim hazırlayıb, iştirakçıları kimdir və s. bu barədə Azərbaycan ictimaiyyətinə də məlumat veriləcək. Hər kəs öz törətdiyi cinayətə uyğun olaraq adekvat cavabını da alacaq. Eyni zamanda Azərbaycandakı ictimai-siaysi qüvvələrə, QHT-lərə, dini qurumlara da müraciət edirəm ki, hər kəs bu bu hərəkətləri pisləsin. Azərbaycan dövlətinin və hökumətinin yanında olduğunu bəyan etsin. Bu tək Gəncə ilə bağlı hadisə deyil. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bir hadisədir. Hər kəs bu hadisədə öz mövqeyini ortaya qoymalıdır. Dövlətimizin yanında olmalıdır, müstəqilliyimizi və inkişafımızı birgə qorumalıyıq.

- Musa müəllim, uzun illərdir Gəncəni təmsil edirsiniz. Seçicilərinizdən Elmar Vəliyevlə bağlı şikayət almısınızmı?

- Xeyr, mənim o barədə heç bir məlumatım yoxdur, əgər narazılıqlar olubsa da, narazılığı olan şəxslər məhkəmələrə müraciət edə bilərdilər. Ancaq bu hadisənin Elmar Vəliyevlə heç bir əlaqəsi yoxdur. Bu xarici qüvvələrin Azərbaycana qarşı törətdiyi cinayət hadisəsidir.

- Sizcə, bunu niyə məhz Gəncədən başlamaq istəsinlər?

- Bilirsiniz ki, Gəncədə İmamzadə var, burada həmişə inanclı insanlar olub. Onların da bəzilərini aparıb lazımi yerlərdə hazırlayıblar, indi də gətirib Azərbaycana qarşı təxribat törədirlər.

- Gəncə dini cəhətdən çoxmu mühafizəkar şəhərdir?

- Gəncə heç vaxt mühafizəkar şəhər olmayıb. Hətta mühafizəkar olan şəhərdə də sağlam dini münasibətli insanlar bunu törətməz. Bunu törədən insanın dini də yoxdur, Allahı da, milləti də. Bu terrordur! Burada sağlam dini münasibətdən söhbət gedə bilməz.

- Bu mesaj artıq bir neçə gündür yayılır ki, belə bir aksiya keçiriləcək. Ancaq müxalifət nümayəndələri bildirirlər ki, onların bu aksiyayla heç bir əlaqələri yoxdur. Bəs siz necə, öz seçicilərinizə hər hansı təxribata uymamaqla bağlı müraciət etmişdinizmi?

- Əlbəttə, biz hamıya müraciət etmişik. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı da, Gəncədən olan deputatlar da müraciətlərimizi etmişik. Burada Gəncə sakinlərindən yox, ümumiyyətlə, 150-200 nəfər adamdan gedir söhbət. Söhbət bu işin təşkilatçılarından getməlidir.

-Təcrübənizə əsaslanaraq, bu hadisələrin qarşısının alınması üçün nə etmək lazım idi?

- Qarşısı artıq alınıb. Belə hadisələrin Gəncədə və ya başqa yerdə təkrar etməməsi üçünsə, önləyici tədbirlər alınmalıdır.

-İki yüksək rütbəli polis zabiti şəhərin ortasında öldürülür. Özü də deyilənə görə xəncər və ya qılıncla...

- Bu da onu göstərir ki, bu planlı aksiya olub. Cinayətkarlar da əvvəlcədən nə edəcəklərini bilirmişlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş