11 sosial müdafiə şöbəsi rəhbəri "ciddi nöqsanlara görə" işdən çıxarılıb

nazirlik Fotonun müəllifi mlspp.gov.az

"Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi üçün yaradılmış işçi qrupunun iclasında deyib.

Nazirliyin məlumatında deyilir ki, Sahil Babayev qanunsuz olaraq sosial yardım alan ailələrin müəyyən edildiyini açıqlayıb.

"Qanunsuz sosial yardım alan ailələrin müavinətlərinin dayandırılması, ehtiyacı olan, lakin yardım ala bilməyən ailələrə isə yardımın verilməsi istiqamətində işlər aparılır", - Sahil Babayev deyib.

Məlumatda bildirilir ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda "sövdələşmə"lər, eləcə də müraciətlərə baxılması üçün işçilərin şəffaflığı pozması müşahidə olunub.

Nazirlik bildirib ki, hazırda 54 min ailə ünvanlı sosial yardım alır və bu yardımın məbləği orta hesabla 178 manat təşkil edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş