Əli Həsənov BBC-yə yanlış məlumat verdiyini etiraf edib

Əli Həsənov Fotonun müəllifi Gənclər və İdman Nazirliyi

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən hadisəni "icra başçısına qarşı törədilmiş kriminal hadisə, silahlı basqın" adlandırıb, əslində isə bu, "terror hadisəsi" olub.

Əli Həsənov qeyd edib ki, iyulun 3-də sözügedən hadisələrlə bağlı BBC News Azərbaycancanın suallarını cavablandırıb və bu zaman ilkin məlumatlardan çıxış edib.

Keçən həftə, o, BBC News Azərbaycancaya bildirmişdi ki, Elmar Vəliyevə qarşı hücumla "bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir".

O, açıqlama verməsini dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istədiyi ilə əlaqələndirib.

Cənab Həsənov qeyd edir ki, daha sonra hüquq-mühafizə orqanları cinayətin terror xarakteri daşıdığını, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu və Azərbaycan tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi haqqında məlumat yayıb.



Əli Həsənov Facebook səhifəsində yazdığı açıqlamada həqiqətə uyğun olmayan və şişirdilmiş məlumatlar yayan yerli və xarici kütləvi informasiya vasitələrini tənqid edib.

O, vətəndaşların, xüsusilə də ictimai rəyə təsir imkanları olanların daha həssas davranmalı olduğunu qeyd edib.

Cənab Həsənov yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktının Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisənin olduğunu, lakin həmin terror aktının öz hədəfinə çatmadığını qeyd edib.

Bu barədə daha geniş