NATO zirvə toplantısında Azərbaycan və Ermənistan rəsmilərinin görüşü olacaq

NATO member countries' leaders Fotonun müəllifi Getty Images
Image caption NATO üzv ölkələrinin liderləri artıq Brüsseldəki zirvə toplantısına qatılıblar

Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu zirvə toplantısı başlayıb. İyulun 11 və 12-də keçirilən NATO sammitində alyansa üzv olan və olmayan 54 ölkə, o cümlədən, Azərbaycan və Ermənistan rəsmi nümayəndə heyətləri iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov da daxildir. Azərbaycan dövlət başçısı iyulun 10-dan Brüsseldədir.

Tədbirin ilk günü üzv ölkələrin liderləri terrorizmlə mübarizədə Şimali Atlantika alyansının rolunun artırılması ilə bağlı təkliflər irəli sürüləcək, NATO-nun iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq verilməsi nəzərdə tutulur.

Sammitin ikinci günü Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar məsələsi müzakirə olunacaq.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Görüşdə 29 NATO üzvü ölkələrinin liderləri ilə yanaşı, NATO-nun Əfqanıstanda "Qətiyyətli dəstək" missiyası üzrə tərəfdaşları da iştirak edəcəklər.

Ermənistan baş naziri Nikol Paşinyan da bu vəzifədə ilk dəfə NATO zirvə görüşündə iştirak edəcək.

Ermənistan Hökumət mətbuat xidmətinin məlumatına görə, baş nazir Paşinyan Brüsseldə Avropa İttifaqı strukturlarının rəhbərləri ilə görüşəcək. Həmçinin, onun bir sıra ölkə və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir.

Ermənistan hökumət başçısı Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasında iştirak edən NATO üzvü və üzv olmayan ölkə rəhbərləri, NATO-nun baş katibi Jens Stoltenberg-lə görüşləri və çıxışı gözlənilir.

Ermənistan KİV-nin məlumatına görə, Brüssel səfəri əsnasında Nikol Paşinyanın Carnegie fondunda "geniş ekspert dairələri üçün" çıxışı planlaşdırılıb.

Ermənistan baş naziri həmçinin Belçika erməni icmasının nümayəndələri ilə görüşmək niyyətindədir.

Brüssel NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanda "məxməri inqilab"dan sonra XİN rəhbəri vəzifəsini tutmuş Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrləri də iştirak edəcəklər. Bu məlumatı Ermənistan və Azərbaycan XİN mətbuat xidmətləri də təsdiq ediblər.

Bu barədə daha geniş