Gəncədə yaralanan polis: "Qılınc çıxarıb üzərimə şığıdı"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Gəncədə yaralanmış polis: “Xəncərlərlə üstümüzə cumdular”

Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini Samir Bayramov deyir ki, onu "qılıncla yaralayıblar".

Hazırda Gəncədə sakitçilikdi. Şəhər mərkəzində, çərşənbə axşamı günü toqquşma baş verən meydanda, Gəncə şəhər icra hakimiyyətinin qarşısında iki-iki dayanan Çevik Polis Alayının əməkdaşlarını görmək olar, BBC News Azərbaycancanın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Onun müşahidələrinə görə, mobil telefonlarda internet olduqca zəifdir, xüsusilə bir çox yerlərdə telefonla internet əlaqəsi yoxdur.


Həmçinin oxuyun:

Şəhər polis idarəsindən adını söyləmək istəməyən bir əməkdaş təhlükəsizlik məqsədilə mobil internetdə məhdudiyyətlər yaradıldığını bildirib.

"Meydanda dinc əhali vardı"

Müxbirimiz iyulun 10-da Gəncədə hücum nəticəsində yaralanan polis zabiti ilə də görüşüb.

Hazırda şəhər təcili yardım xəstəxanasının travmatologiya şöbəsində müalicə alan Gəncə şəhər baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini, qərargah rəisi, polis baş leytenantı Samir Bayramov deyir ki, həmin gün onlar asayişi qorumaq üçün orda olublar:

"Meydanda dinc əhali vardı, uşaqlar, qocalar, gənclər... Biz heç bir hücum gözləmirdik".

Polis zabiti deyir ki, ona 4 adam hücum edib, amma birinin əlində "kəsici alət" olub.

O, bu "kəsici alətin" "qılınc" olduğunu deyir:

"Paltarının altından uzun bir qılınc çıxarıb üzərimə şığıdı. Bircə "Allahu əkbər" dediyini eşitdim. Başqa söz dediyini eşitmədim".

Image caption Gəncə şəhər baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini, Samir Bayramov

"Kütlə bir istiqamətdə gəlmirdi..."

Samir Bayramov deyir ki, o, ona hücum çəkənləri zərbəylə vurub, bu zaman yıxılıb, onun üzərinə tuşlanan "qılıncı" ayağı ilə dəf edərkən ayağından yaralanıb.

Polis zabitinin sözlərinə görə, ondan əvvəl şəhər polis rəisinin müavini İlqar Balakişiyev hücuma məruz qalıb, ona müdafiəyə getdiyi zaman da hücuma məruz qalıb:

"Orda kütlə bir istiqamətdə gəlmirdi. Adamlar müxtəlif istiqamətlərdən gəlirdi. Üç-üç, beş-beş gəlib qruplaşdılar. Hadisə təxminən 20.20-də oldu. Biz güman eləməzdik ki, dinc görünən adamların üstündən xəncər, qılınc çıxa".

Onu hadisə yerindən isə adi sakinlər, sıravi polis əməkdaşları çıxarıb, xəstəxanaya çatdırıblar, müsahibimiz əlavə edir.

Niyə məhz polis zabitləri hədəf olub ? Samir Bayramovun buna cavabı yoxdur, deyir, bunu hadisəni törədənlərdən soruşmaq lazımdır.

Fotonun müəllifi Xəzər telekanalı
Image caption Yunis Səfərov iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsddə təqsirləndirilir.

İyulun 3-dən bəri...

İyulun 10-da baş verən hadisədə polis zabitlərinə hücum edənlər hər hansı şüar, tələb səsləndirməyib, yalnız bir neçə dəfə "Allahu əkbər" qışqırıblar, Gəncə şəhər polis idarəsindən deyirlər.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Fotonun müəllifi APA
Image caption Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iyulun 3-cü silahlı hücuma məruz qalmışdı.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Hüquq mühafizə orqanları onları öldürməkdə şübhəli bilinən bir şəxsin saxlanıldığını elan ediblər, digər şübhəli axtarışdadır.

Bu barədə daha geniş