Dini etiraz,yoxsa kriminal: Gəncə şəhərində nə baş verib?

Город Гянджа Fotonun müəllifi Гянджа

Azərbaycanın Gəncə şəhərində icra hakimiyyətinin qarşısında etirazçılar qrupuyla polislər arasında iki polis zabitinin qətlilə nəticələnən hadisə çoxlu suallar doğurmaqdadır.

Ölkə rəhbərliyi baş verənlərdə bəzi dini radikalları ittiham edir. Müxalifət isə günahsız olduğunu bəyan edib.

Hər şey isə bir həftə əvvəl şəhər icra hakiminin həyatına sui-qəsd edilən zaman, bütün ölkə enerjisiz qalan zaman başlayıb.

Gəncədə nə baş verib?

Çərşənbə axşamı günü dini şüarlar səsləndirən bir qrup insan Gəncə şəhərinin İcra Hakimiyyətinin qarşısında toplaşıblar.

Nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Hüquq mühafizə orqanlarının məlumatına görə, aksiyada 200 nəfər iştirak edib. Sosial şəbəkələrdə yayılan video roliklərdə əsgərlər, polis əməkdaşları, həmçinin mülki vətəndaşlar görünür.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir ki, dini radikallardan ibarət qrup kobud şəkildə qanunları pozmağa cəhd ediblər.

DİN yüksək rütbəli polis əməkdaşları radikallar tərəfindən deşici-kəsici alətlərlə vurulan zərbələr nəticəsində həlak olublar, məlumatda deyilir. DİN həmçinin 40 nəfərin həbs olunması barədə məlumat verib. Nazirliyin məlumatına görə, şəhərin mərkəzində qayda-qanun yarım saat ərzində bərpa edilib.

Qətlə yetirilən polislərdən biri Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev, digəri isə Nizami rayon polis idarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovdur.

Gəncə sakinləri deyirlər ki, əvvəlcə polis İcra Hakimiyyətinin qarşısına toplaşanlara heç bir reaksiya verməyib.

"İzdihamın içində bir neçə nəfər qışqırırdı, dini şüarlar eşidilirdi. Polis narahat idi, amma insanlar sakitcə gəzirdilər, Yəni ki, yolla gedənlər bu səbəbdən öz yollarını dəyişmədilər"- deyə şahidlərdən biri BBC-yə danışıb.

Bütün bu vaxt ərzində yaxınlıqda içində daxili qoşunların hərbçiləri olan avtobus dayanmışdı. Daha sonra əsgərlər nizam-intizam yaratmaq üçün əməliyyata qoşuldular.

"Turan" agentliyinin yazdığına görə, sosial şəbəkə vasitəsiylə təşkil edilən aksiya iyulun 3-də şəhərin icra hakimi Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı olub. Aksiya iştirakçılarının fikrincə, Vəliyevin həyatına sui-qəsd məmurun özbaşınalığı nəticəsində baş verib.

Lakin hakimiyyət belə düşünmür. "Dünən Gəncədə baş verən faciə Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsddir ", - deyə deputat Zahid Oruc bildirib. Deputat deyib ki, qeyri-qanuni ssenarini həyata keçirməyi arzulayan dairələr bunun üçün Gəncə şəhərini seçiblər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində dövlətin ətrafında daha böyük birlik gözlədiyini bildirib.

Bu təxribatdırmı?

Fotonun müəllifi Ganja.az

Müxalifət hesab edir ki, baş verənlər təxribatdır.

Ən böyük müxalifət partiyalarından biri - Azərbaycan Xalq Cəbhəsi Partiyası Gəncədə baş verən hadislərdə iştirakını təkzib edib.

BBC Azərbaycancaya müsahibəsində partiya lideri Əli Kərimli hazırlanan aksiya və onun iştirakçıları barədə məlumatı olmadığını bildirib.

"Gəncədə baş verən aksiyanın bizə heç bir aidiyyatı yoxdur. Biz bu aksiyanın kimin və niyə keçirdiyini bilmirik ", - o, deyib. O, baş verənləri təxribat adlandırıb.

Onun sözlərinə görə, müxalifət uzun illər ərzində bir dəfə də olsun anonim aksiya keçirməyib.

Digər böyük müxalif Müsavat Partiyasının nümayəndəsi Cahangir Əmirxanlı da baş verənləri təxribat adlandırıb.

Əli Kərimlinin sözlərinə görə, bir həftə əvvəl Gəncə icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra AXCP-nin 4 üzvü həbs olunub.

Sui-qəsd niyə intizamsızlığa gətirib çıxardı və Elmar Vəliyev kimdir?

İyulun 3-də axşam Mingəçevir İES-də baş verən qəza nəticəsində bütün Azərbaycan işıqsız qalmışdı, Gəncə icra hakimi Vəliyevin həyatına sui-qəsd edilmişdi.

3 gün sonra Baş Prokurorluq, DİN və DTX birgə bəyanat yayaraq baş verən sui-qəsdi terror aktı adlandırıb. Güc qüvvələrinin məlumatına görə, sui-qəsddə Suriyada döyüşdüyü iddia olunan Yunis Səfərov ittiham edilir.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov sui-qəsdin sosial xarakter daşımadığını, "ədalət uğrunda mübarizə" olmadığını və şəriət dövlətinin yaradılması uğrunda mübarizə elementi olduğunu bildirib.

Həsənov həmçinin avropalı müxalifətçi, hüququ müdafiəçisi və siyasi mühacir Leyla Yunusu, talış separatçılarını (talışlar ölkədə etnik azlıqlardır) və xaricdəki dini saytları sui-qəsddə ittiham edilən qatili dəstəkləməkdə ittiham edib. O bəyan edib ki, bu qüvvələr Azərbaycan dövlətinin müstəqil siyasətinə qarşı ideoloji təxribatla məşğuldurlar.

Prezidentin köməkçisi 10 iyulda Gəncədə baş verənlərdən danışmayıb. Buna baxmayaraq, onun açıqlaması Facebook-da hadisənin səhəri günü dərc edilb. Bir həftə əvvəl isə Həsənov BBC News Azərbaycancaya müsahibəsində icra hakiminə qarşı hücumu sadəcə kriminal adlandırmışdı. Hazırda isə o, həmin vaxtda kifayət qədər məlumata sahib olmadığını deyir.

İndi isə onun sözlərinə görə, hazırda söhbət yalnız pul və rahatlıq naminə dövlətçiliyə qarşı separatçılar, dini radikallar, "daxili müxalifət" tərəfindən aparılan sinxronlaşdırılmış ideoloji təxribat faktlarından gedir.

Birbaşa 10 iyul hadisələrinə istinad etməyən Həsənov buna baxmayaraq yazır: "Daxildən onları dəstəkləyənləri, polis əməkdaşlarına qarşı cinayətə haqq qazandırmaq istəyənlərin xəyanətini başa düşmək olmur".

Bəzi KIV-də Elmar Vəliyevin şəhər sakinlərinə qarşı kobud rəftarı barədə materiallar dərc edilib. Həsənov bununla bağlı deyib ki, media bununla Vəliyevdə islamfobiya və şiə əleyhinə imic yaratmağa cəhd göstərib.

"Bu ilin əvvəlində müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı barədə materialların kəskin çoxalması müşahidə olundu. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas yanaşmadığı səbəbindən "sosial zülm günahkarı" imici yaradılmasına ehtiyac yaranıb", Həsənov yazır.

Yeni Azərbaycan Partiyasının üzvü olan Elmar Vəliyev 2011-ci ildən bu posta başçılıq edir. Onun qardaşı Xanlar Vəliyev isə ölkənin baş hərbi prokurorudur.

"The Far Center" iqtisadi və siyasi təhqiqatlar mərkəzinin direktoru, Rusiyadakı keçmiş səfir Hikmət Hacızadənin sözlərinə görə, Vəiyev ictimai fəaliyyət göstərməyə cəhd göstərən Gəncə sakinləri ilə həmişə münaqişə içində olub.

"Söhbət təkcə siyasi fəallardan deyil, həm də vətəndaş cəmiyyətinin nümayəndələrindən, QHT-dən gedir. Dini fəallarla onun daima qalmaqalları olurdu. O gah məscidi bağlayıdı, gah da açırdı",- deyə politoloq BBC-yə müsahibəsində bildirib.

Bununla yanaşı Hacızadə Gəncədə baş verənləri təxribat hesab etmir. "Heç bir şey bunu göstərmir və buna dair bir iz yoxdur. Yığılmış gərginlik sonunda partladı".

İplərin yığılması?

Politoloq qeyd edir ki, Gəncədə baş verənlər iplərin yığılması üçün yeni səbəb ola bilər. Politoloqun fikrincə, Quba və İsmayıllı şəhərlərində baş hadisələrdən sonra buna bənzər vəziyyət olmuşdu. Ekspert bunun daimi təcrübə olduğunu düşünür.

O zaman, 5 il əvvəl İsmayıllı şəhərində yerli sakinlər icra başçısının istefası tələbiylə nümayiş keçirmişdilər. Bu nümayişlər otellərin və maşınların yandırılmasına gətirib çıxarmışdı. Bundan bir il əvvəl isə Quba şəhərində, icra hakimi Rauf Həbibov "Qubalılar öz rayonlarını və özlərini satıblar" deməklə yerlilərini təhqir etdikdən sonra buna bənzər hadisə baş vermişdi. Həbibov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.

O zaman da müxalifət baş verən intizamsızlıqda iştirakını təkzib etmişdi. Lakin buna baxmayaraq bir sıra müxalifətçi həbs olunmuşdu. Xüsusilə, İsmayıllıda baş verən hadisələrdən sonra Respublikacı Alternativ Partiyasının lideri İlqar Məmmədov həbs olunmuşdu. Nəticədə cənab Məmmədov polislərə qarşı intizamsızlıq və zorakılıq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

İnsan Haqqları üzrə Avropa Məhkəməsinin onun azad edilməsi barədə qərarına baxmayaraq İlqar Məmmədov hələ də həbsdədir. Bu, Azərbaycan üçün belə qərarın yerinə yetirlmədiyi yeganə haldır.

Yerli hüquq müdafiəçilərinin sözlərinə görə, ümumilikdə ölkədə 140 siyasi məhbus var. Onlardan çoxu (80 nəfər) dini qrupların üzvü, 2015-ci ildə Nardaran kəndində buna bənzər baş verən hadisələrdən sonra aparılan əməliyyatlrda həbs edilənlərdir. O zaman kənd sakinləri ilə yanaşı polislər də həlak olmuşdu.

Bu barədə daha geniş