Azərbaycanın "27 faiz ərazisində" elektrik kəsilib

Elektrik, işıqlar sönüb, işıqlar niyə sönüb, işıqlar niyə tez tez sönür Fotonun müəllifi AFP
Image caption Azərbaycanın 27% ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb

Cümə axşamı günü Bakı və Abşeron yarmadasının bəzi hissələrində elektriklər kəsilib.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BBC News Azərbaycancaya açıqlamasında bildirib ki, elektrik kəsilməsi qəza ilə əlaqədardır.

"Azərişıq ASC-yə məxsus 500 kilovoltluq Abşeron yüksək gərginlikli elektrik xətlərinin Ağsu rayonunun Bico kəndi ərazisindən keçən hissəsində yanğın baş verib. Yanğın nəticəsində Azərbaycanın 27 faiz ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb" Tanrıverdi Mustafayev belə deyib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində məhdudiyyət Bakı şəhəri, Abşeron yarımadası və bəzi regionları əhatə edib.

Azərişıq rəsmisi deyib ki, qurum öz şəbəkələri vasitəsilə birinci kateqoriyalı obyektlərə elektrik enerjisinin verilməsində məhdudiyyət tətbiq etməyib. Tanrıverdi Mustafayev bildirib ki, "Heydər Əliyev adına hava limanına, Bakı Metropoliteninə, xəstəxanalara, hərbi hissələrə və digər dövlət əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilməsində kəsintilərin olmasına imkan vermədik".

Cənab Mustafayev deyib ki, hələ də bəzi ərazilərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər qalmaqdadır. Azərişığın sözçüsü bildirib ki, "ötürücü xətlərə gərginlik verilən kimi problem aradan qaldırılacaq".

Image caption Metronun İnşaatçılar stansiyası

Elektrikin kəsilməsi Bakı metrosuna da təsir edib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BBC News Azərbaycancaya dildirib ki, elektrik kəsintisi yalnız bənövşəyi xətt üzrə olub.

"Metronun yaşıl və qırmızı xətlərinin hərəkətində heç bir məhdudiyyət yaranmasa da, bənövşəyi xətdə hərəkət məhdudlaşıb. Yalnız bənövşəyi xətt üzrə yəni, metronun "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarların hərəkətində 20 dəqiqəlik bir məhdudiyyət yaranıb. Daha sonra gərginliyin verilməsi nəticəsində hərəkət bərpa olunub" Bəxtiyar Məmmədov belə deyib. Onun sözlərinə görə, elektrik enerjisi kəsilən zaman tuneldə qatar qalmayıb.

Metropolitenin sözçüsü bildirib ki, hazırda Bakı metrosu fəaliyyətini normal qaydada davam etdirir.

Bir neçə həftə əvvəl Mingəçevir elektrik stansiyasında qəza nəticəsində Azərbaycanın böyük hissəsi qaranlığa qərq olmuşdu.

Bu barədə daha geniş