Gəncədə polisin ölümündə şübhəli bilinən şəxs öldürülüb

Ganja city Fotonun müəllifi Ganja.az

Gəncədə çərşənbə axşamı günü iki yüksək rütbəli polisin ölümündə şübhəli bilinərək, axtarışda olan şəxslərdən biri Rəşad Böyükkişiyev öldürülüb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, "şübhəli Rəşad Böyükkişiyevin gizləndiyi Şəmkir rayonunun Moranlı kəndində səhər saatlarında keçirilən əməliyyat zamanı, o, silahlı müqavimət göstərdiyindən yerindəcə məhv edilib".

DİN-nin məlumatında o da qeyd olunub ki, Gəncədə polislərin ölümündə şübhəli bilinənlərdən biri Samir İbrahimov da bir neçə gün əvvəl yaxalanıb.

Hadisələrdə şübhəli bilinənlərdən 11 nəfər saxlanılıb.

Facebook sosial şəbəkəsində video blogger Elvin Hüseynovun Gəncəyə getdiyi və neçə gündür yoxa çıxdığı deyilir.

Bundan başqa, BBC News Azərbaycancanın Gəncədə olan müxbirinin sözlərinə görə, bir valideyn onlara 15 yaşlı oğlunun saxlanması barədə bildirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, onlarda azyaşlıların saxlanılması və bloggerin yoxa çıxması barədə məlumat yoxdur.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıblar.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Hüquq mühafizə orqanları onları öldürməkdə şübhəli bilinən bir şəxsin saxlanıldığını elan ediblər, digər şübhəli isə polisə silahlı müqavimət göstərdiyi zaman öldürülüb.

Bu barədə daha geniş