"Terrorçuluğa çağırış edənlər" barədə 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib

saxlanılan şəxs Fotonun müəllifi OZAN KOSE/AFP/Getty Images

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib.

Bu barədə Respublika Prokurorluğundan BBC News Azərbaycancaya bildirilib.

Qurum bildirib ki, terrorçuluğa açıq çağırış etmiş digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Bundan başqa, qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.



Fotonun müəllifi APA.AZ

Bazar ertəsi günü Baş Prokurorluq sosial şəbəkələrdə "müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar maddəsi ilə" cinayət işi qaldırmışdı.

Bundan başqa, bəzi internet saytların rəsmi şəxsləri ilə bağlı cinayət işi qaldırılıb, Respublika Prokurorluğundan BBC News Azərbaycancaya bildirilib.

Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi ki, "Bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" internet saytlarının "internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib".

Fotonun müəllifi APA.AZ
Image caption Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıblar.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Hüquq mühafizə orqanları onları öldürməkdə şübhəli bilinən bir şəxsin saxlanıldığını elan ediblər, digər şübhəlnin isə polisə silahlı müqavimət göstərdiyi zaman öldürüldüyünü bildiriblər.

Bu barədə daha geniş