İlham Əliyev Gəncə hadisələri barədə nə deyib?

İlham Əliyev Fotonun müəllifi Azertag

Hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan Prezidenti Gəncə şəhərində baş verən hadisələri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu deyib və hücumla bağlı bir qrup insanın həbs edildiyini bildirib.

"Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək... Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək".

Din və terrorçuluq

İlham Əliyev dini şüarlar altında törədilmiş hadisələri terrorçuluq aktı kimi xarakterizə edərək deyib ki, dinlə cinayəti "bağlamaq istəyənlər" dinə qarşı ən "böyük cinayət törədiblər".

"Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır".

Prezident cinayətləri törədən "terrorçu qruplaşmanın" Azərbaycanda sabitliyi pozmaq istədiyini deyib.

"Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir".

İlham Əliyev xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini deyib.

"Şər qüvvələri"

O, bu qüvvələri "şər" kimi təsvir etsə də hadisələrin arxasında duran qüvvələrin kimliyini konkretləşdirməyib.

Eynilə prezident Azərbaycana "təsir etmək istəyən qüvvələrin müxtəlif üsullara" əl atdığını deyib.

"Qaralama"

O, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyasının aparıldığını deyib.

"Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır".

Hərçənd ki, İlham Əliyev onların uğursuz olduğunu hesab edir.

"Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır".

İlham Əliyev deyib ki, keçmişdə də belə hadisələrin baş tutmamasına səbəb iqtidarla xalq birliyi olub.

"Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz", - Azərbaycan dövlət başçısı hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə deyib.

"Azərbaycan Bayrağı" ordeni

Prezident İlham Əliyev Gəncədə iğtişaşlar zamanı həlak olan polis zabitlərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

Bu haqda prezidentin rəsmi saytında məlumat verilib.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin əməkdaşları - polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov (ölümlərindən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bu barədə daha geniş