Bakı şəhərində yolun çökməsi sosial mediada müzakirələrə səbəb olub

Yol Fotonun müəllifi Anar Nəcəfli/ Facebook

Sosial media istifadəçiləri Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı paylaşımlar edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəflinin bildirdiyinə görə, çökməyə səbəbi hal-hazırda araşdırılır. Onun sözlərinə görə yol 7-8 il bundan öncə Bakı Metropoliteninin sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

Hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub.

Bir çox istifadəçilər çökmüş yolun fotolarını paylaşaraq istehzalı və tənqidi şərhlər yazıblar.

"Bu ölkənin yol çəkilişinə tökülən milyardlara 2 respublika satın almaq olar. Bu da nəticə...", @azik_74 tvit edib.

Bəxtiyar Hacıyev isə Facebook-da belə yazıb: Bakıda Metro tikirlər, yol çökür. Dövlətçiliyimiz ətrafında sıx birləşək, metro tikintisini həyata keçirən rəsmi şəxsləri isə göndərək 'ASAN xidmət', KTN, NRHYTVDŞN-ə, axı orada böyük dövlətçilik təcrübəsi olan adamlar toplaşıb ancaq".

"Çox möhtәşәm görüntüdür, axır ki, Bakıda da 3D şәkil çәkilәn yol gördük. Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsidir. Gedib axtarmayın e, zarafat elәyirәm, yol çöküb, deyirlәr metro çәkilişinә görәdir. Әsas odur qulağımız dincdir, kef elәyin, dünya 5 gündür...", @zamin_talib belə yazır.

"Cəlil Məmmədquluzadə küçəsi 'Ölülər'ə etiraz olaraq çökmüşdür", Rashid Hajili Facebook-da yazıb.

Hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən baxış keçirildiyi bildirilir.

Bu barədə daha geniş