Gəncə: 3 iyul və 10 iyul niyə baş verib?

Gəncə şəhər icra hakimiyyətinin binası
Image caption Gəncə şəhər icra hakimiyyətinin binası

İki gün əvvəl bu şəhərdə iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri yaralanmışdı, təxminən 9 gün öncə isə şəhərin icra hakimiyyəti başçısına silahlı hücum olmuşdu.

BBC News Azərbaycancanın müxbirləri Gəncəyə də sonuncu hadisədən bir gün sonra gəlmişdilər: Gəncədə nə baş verdiyini araşdırmaq üçün...

Sakitçilikdir, kimisi işinə-gücünə tələsir, kimisi parkda - hər iki hadisəyə şahidlik edən şəhər parkındakı çinarların kölgəsində sərinlənir. Şəhərin mərkəzi yerləri Çevik Polis Alayının qüvvələrinin nəzarətindədir. Diqqətimizdən qaçmır ki, onlar bəzi şəxsləri saxlayıb sənədlərini yoxlayırlar.

Rəsmilər Gəncədə baş verənləri "terror aktı" kimi qiymətləndirib, bəs Gəncə sakinləri nə düşünürlər?

BBC News Azərbaycancanın müxbirləri Gəncədə onlarla adamla görüşüblər: onların arasında tələbələr, özəl və dövlət sektorunda işləyənlər, dindarlar, din xadimləri, müxalifətçilər, taksi sürücüləri, bizneslə məşğul olanlar var.

Fotonun müəllifi APA
Image caption İyulun 3-də Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum olub

"Gəlirdi ki, niyə burda saxlayırsan"

Sürücü "ya Allah…" deyib qapını örtür, maşını yerindən tərpədir. "O gün Gəncədə nə baş verdi" deyə soruşuruq.

"Heç kim bilmədi ki, nə baş verdi, iki rəis müavinini öldürdülər", 35-40 yaşlarında olan taksi sürücüsü cavab verir.

"Bəs başçının vurulması?" soruşuruq.

"Başçı adamlarla kobud davranırdı. Mən taksi sürürəm. Hər ay departamentə pul ödəyirəm. İcazəm var taksi üçün ayırılan yerdə saxlamağa. Gəlirdi ki, niyə burda saxlayırsan? Deyirdim ki, axı "znak" var, deyirdi, bu dəqiqə o "znak"ı çıxartdıraram. Bayaq mindiniz ha taksiyə, əgər başçı indi olsaydı, mən orada dayanamazdım".

Sürücü danışdıqca əsəbiləşir: "Bundan əvvəlki baçşı o qədər mədəni insan idi… Şəhərdə tək gəzirdi, olub ki, bizə yaxınlaşıb, əlimizdə siqaret olub, başçıdı, hörmət əlaməti olaraq tez gizlətmişik. Hal-əhval tutub, işimiz-gücümüzlə maraqlanıb. Amma Elmar müəllim mühafizəçi ilə, polislərlə gəzirdi".

"Gəncə dindar şəhər deyil"

Bayaq maşını yerindən tərpədəndə "ya Allah" deməsinə işarə edib soruşuruq ki, Gəncə sakinləri dindardımı, mühafizəkardırlarmı?

"Yox, Gəncə dindar şəhər deyil. "Allah" sözü dilimizdə var, hər kəs deyir, elə sovet dövründən deyirik".

Orta yaşlarında olan bir müsahibimiz vaxtilə özünün dini rituallara riayət etdiyini deyir: "Amma deməzdim ki, mühafizəkarıq, qatı dindarlıq var burda".

Digər 50-60 yaşlarında olan müsahibimiz isə qətiyyətlə bu fikri rədd edir: "Gəncə müasir şəhərdir. Burda kimisə dini çağırışlarla kiməsə qarşı qaldırmaq olmaz. Şəhərdə kim necə istəyir, elə də geyinir. Şortik, qısa geyinən qadınlar var, kim onlara bir söz deyə bilər?"

"Məscidə gələnlər də çoxdur, araq içənlər də"

Din xadimlərindən biri məscidə gələnlərin də çox olduğunu, amma "araq içənlərin də az olmadığını" deyir: "İçki satan dükanlar ilbəil artır. Toylarda içki verilir. Bu yaxınlarda dostlarımdan biri toy elədi, getdim, nəmərimi yazdırıb çıxdım".

O, Yunus Səfərovun Elmar Vəliyevi vurmasının səbəblərini bilmədiyini deyir: "Hələ də bilmirik ki, motiv nə olub. Bəzisi dinlə bağlayır, bəzisi deyir, dinə heç bir dəxli yoxdur. Bir il əvvəl o, polisi vurub silahını əlindən almışdı".

Image caption Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev

"Yunus Səfərovun məscidə getdiyini göstərən fakt tapmadıq"

"Məscidlərə Yunis Səfərov adlı şəxsin gəldiyini müşahidə etməmişik", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev BBC News Azərbaycancaya deyir. "O vaxt polisi vurub silahını əlindən alandan sonra məscidlərdə monitorinq apardıq ki, bu adam kimdir. Məscidlərə gəlib-getməsi ilə bağlı heç bir fakta rast gəlmədik", o əlavə edir.

Asif Əliyevin sözlərinə görə, Gəncədə rəsmi şəkildə fəaliyyət göstərən 6 məsciddə heç bir vaxt dini-milli zəmində hər hansı münaqişə yaşanmayıb: "Nə Yunis Səfərovun, nə də polis zabitlərinə hücum edənlərin nə dini icmalarla, nə din xadimləri ilə, nə də məscidlərlə yaxından-uzaqdan əlaqəsi olub".

"Gəncə "İmam Hüseyn" şəhəridir".

Gəncədə dini baxışların güclü olduğunu deyənlər də var: "Gəncə "İmam Hüseyn" şəhəridir. Aşura günündə adamları ziyarətgaha getməyə qoymurdular", 40-45 yaşlarında şəhər sakini deyir. Onun fikrincə, baş verənlərdə dini amil var.

Orta yaşlı bir kişi düşünür ki, baş verənlərə Elmar Vəliyevin idarəetmə siyasəti səbəb olub: "Məncə, həm sosial narazılıq vardı, həm də onun insanların dini hisslərinə həssas yanaşmaması bu hadisələrə səbəb olub".

"Aşura ərəfəsindəki yürüşlər çoxdan ləğv edilib"

Din xadimlərindən biri deyir ki, Aşura günündə Gəncədə dindarların bəzisi bir gün qabaqdan İmamzadəyə yürüş edərdi: "Bu, hətta sovet dövründən bəri bir ənənə idi. Bunun qarşısını aldılar. O zaman dindarlarla polis əməkdaşları arasında qarşıdurma yaranmışdı. Məncə, bunu belə zorakı yox, maarifləndirmə yolu ilə həll etməli idilər".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev isə deyir ki, bu hadisə çox əvvəl olub: "2011-ci ildən bəri Aşura ərəfəsində artıq küçə yürüşləri olmur".

10 iyul hadisəsində ayağından yaralanmış polis zabiti Samir Bayramov ona hücum edənlərin "Allahu Əkbər" qışqırdığını söyləyir.

Gəncədəki Qazaxlar məscidinin mütəvillisi Tural Süleymanov güman edir ki, həmin gün meydanda olanlar "Allahu Əkbər" qışqırsalar belə bunun dinə, İslama aidiyyəti yoxdur: "İslam dini zorakılığa yol vermir. 10 iyul hadisələrinin, bu hadisəni törədənlərin dinə heç bir aidiyyəti yoxdur".

Image caption Qazaxlılar məscidinin mütəvillisi Tural Süleymanov

10 iyul tələbi, ya tələbsizliyi?

10 iyulda aksiya keçirmək istəyənlər hansı şüarları, tələbləri səsləndimək istəyiblər?

20-25 yaşlarında gənc hesab edir ki, iyulun 10-da adamlar Yunus Səfərovun (Elmar Vəliyevə silahlı hücum etmiş şəxs) azadlığını tələb edəcəklərmiş. "Amma qoymadılar. Qoyaydılar, adamlar çıxıb öz fikrini söyləyərdi. Söz azadlığı var".

Ondan bu aksiyaya qatılıb-qatılmadığını soruşuruq. "Yox, mənim nə işim var? Bir yerə ki, üstlərində silah gətirirlər, o yerdə nə işimiz var?" suala sualla cavab verir.

"Whatsapp-dan gələn mesajda yazılırdı ki, Elmar Vəliyevin ailəsinin Gəncədən çıxarılmasını tələb edəcəklər", müsahibimiz olan, adının çəkilməsini istəməyən bir din xadimi deyir.

Qazaxlar məscidinin mütəvillisi Tural Süleymanov da deyir, bütün məscidlərdə təbliğat aparılırdı ki, bu mesajlar təxribatdır: "Məscidə gələnlərə başa salırdıq ki, diqqətli olsunlar, biz dövlətimizi də, xalqımızı da sevirik".

Fotonun müəllifi Ganja.az

"...balaca şəhərdir"

Müsavat Partiyasının Gəncə təşkilatının keçmiş sədri Cahangir Əmirxanlı güman edir ki, 3 iyul "şəxsi məsələdən" doğub: "Düzdür, Elmar Vəliyevin rəhbərliyi dövründə Gəncədə xeyli tikinti işləri aparıldı, neft pullarının ölkəyə axdığı illərə təsadüf edir bu işlər. Amma sakinlərə yuxarıdan aşağı münasibət sərgilənib".

Cahangir Əmirxanlı deyir, o, Elmar Vəliyevin fəaliyyəti barədə ölkə mətbuatında bir-iki dəfə tənqidi məqalələr yazıb: "Özü ilə heç vaxt kəlimə kəsmədim. Yəni "mənə bu hərəkəti etdi" deyə bilmərəm. Ancaq məqalələrdə onun idarəçiliyini, şəhərdəki işsizliyi tənqid etmişəm. Başçıdı, hansısa iş üçün qəbuluna gedənlər olur, kobud rəftar görənlər bunu yaxınlarına danışır, balaca şəhərdi, belə şeylər də sürətlə yayılır".

Cahangir Əmirxanlı deyir, Gəncədə mitinq, aksiya keçirmək istəsələr, polis gecədən fəalları polisə aparar, şəhərin mərkəzi yerlərini mühasirəyə alıb "quş da səkdirməz".

"Bu, xarici qüvvələrin Azərbaycana qarşı törətdiyi cinayətdir"

Gəncəni parlamentdə təmsil edən, YAP-ın Siyasi Şurasının Musa Quliyev düşünür ki, "əgər narazılıqlar olubsa da, narazılığı olan şəxslər məhkəmələrə müraciət edə bilərdilər".

BBC News Azərbaycancaya müsahibəsində Musa Quliyev deyir ki, 10 iyul hadisənin Elmar Vəliyevlə heç bir əlaqəsi yoxdur. "Bu, xarici qüvvələrin Azərbaycana qarşı törətdiyi cinayət hadisəsidir", o əlavə edib.

Gəncə şəhər icra hakimiyyətindən isə BBC News Azərbaycancaya danışmaq istəmədilər.

Image caption İyulun 10-da baş verən hadisələrdə tökülən qan qurusa da, izləri hələ də silinməyib.

Qan izləri

İyulun 10-da baş verən hadisələrdə tökülən qan qurusa da, izləri hələ də silinməyib. Meydanın bir tərəfindən başlayan bu qan izləri bizi Pedaqoji Universitetlə üzbəuz səkiyə qədər aparır. Kimin qan izidir? Rəis müavinləri İlqar Balakişiyevin, Səməd Abbasovun, yoxsa Samir Bayramovun?

İyulun 10-da baş verənləri kənardan izləyən bir şahid deyir ki, "hər şey iki dəqiqənin içində başladı və bitdi".

Polis zabitlərinə hücum edənlərin əlində uzun bir kəsici alət olub. Hadisələrdə yaralanmış polis zabiti Samir Bayramov BBC News Azərbaycancaya bunu qılınc kimi təsvir edib, şahidlərsə onun dönər bıçağına bənzədiyini deyirlər.

"Qara bir çantadan çıxardılar", hadisə zamanı kənarda olan biri deyir. Digərindən isə eşidirik ki, rəsmilərin "kəsici-deşici alət" kimi təsvir etdikləri bu soyuq silahlar həmin şəxslərin üzərlərində, köynəyin altında olub.

Biri qulaqdan-qulağa gəzənləri danışır: "Deyirlər, hücum edənlər qabağa duran polis serjantlarını itələyiblər, "sizinlə işimiz yoxdur" deyiblər.

"İlqar Balakişiyevi hər kəs şəhərdə sakit, mədəni adam kimi tanıyırdı. Adamları dindirsəz, kimsə ondan narazı olmazdı. Yerli adam idi. Danışırlar, adamların da qabağına çıxanda deyib ki, gəncəlilər mənə əl qaldırmaz", müsahiblərimizdən biri deyir.

Image caption 10 iyul hadisələrində yaralanan polis zabiti Samir Bayramov

Cavabsız suallar

Yüksək rütbəli polis zabitlərinə qarşı ölümcül hücum söhbət etdiyimiz hər kəsi şoka salıb. Sualları çoxdur: "Rəis müavini elə belə adam deyil ey! Necə olur ki, onlar əliyalın, silahsız gediblər? Onların yanlarında heç bir polis serjantı olmayıb? Niyə polis qabaqcadan tədbir görməyib? Müxalifət mitinq keçirirəm desəydi, indi meydanı dörd yandan polis kartonları ilə bağlayıb ora heç kimi buraxmazdılar", bizimlə söhbət edənlər öz rəylərində bu və buna bənzər suallar səsləndirirlər.

Bu suala biz də cavab almaq istədik: İyulun 10-da naməlum şəxslər adamları aksiyaya çağırıblar. Ölkədəki müxalifət partiyaları əvvəlcədən bəyanat veriblər ki, bu aksiyanın onlara dəxli yoxdur. Heç bir dini təşkilat da bu aksiyaya sahib çıxmayıb.

Sosial şəbəkələrdə əslən gəncəli olan ictimai fəallar da bir ucdan yazırdılar ki, bu, təxribatdır və heç kim buna uymasın. Belə olan halda polis hansı profilaktik tədbirləri həyata keçirib? Yüksək rütbəli polis zabitləri niyə qoruyucu geyimdə olmayıb? Niyə silahları olmayıb?

Amma Gəncə şəhər polis idarəsindən BBC News Azərbaycancaya danışmaq istəmədilər.

Həbs edilənlərin yaxınları onların günahsız olduğunu deyirlər

İyulun 10-dakı hadisələrdə həbs edilənlər var. Nizami rayon polis idarəsinin qarşısına həbs olunanların yaxınları toplaşıb. Gənc bir qadın 15 yaşlı oğlunun saxlandığını, yanına da valideyninin buraxılmadığını deyir: "Oğlumun 15 yaşı var, o nə tanıyır Yunus Səfərovu, ya o birisini. Gəlib evdən aparıblar".

Bir yaşlı kişiylə qadın iki oğlunun gətirildiyini deyir: "Həmin gün onlar evdən çıxmadılar. Namaz qılırlar, amma bu hadisələrə aidiyyətləri yoxdur".

Nizami rayon polis idarəsinin qarşısına yığışanlar nə öz adlarını, nə də saxlanan yaxınlarının adlarını söyləmək istəyirlər.

Image caption Qazaxlar məscidi

"Məsciddə ibadətlə bağlı problem yoxdur"

Bir nəfər dindar olduğunu, qorxusundan saqqalını qırxdığını deyir.

Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional təşkilatının sədri Asif Əliyev də, Qazaxlar məscidinin mütəvillisi Tural Süleymanov da vurğulaylır ki, 10 iyula qədər insanlar məscidə necə gəliblərsə, elə indi də o cür rahatlıqla gəlirlər.

Bu barədə daha geniş