Gəncə hadisələri: "dörd şübhəli şəxs həbs edilib"

Ganja city Fotonun müəllifi Ganja.az

Bazar ertəsi Gəncə hadisələri ilə bağlı daha 4 nəfər həbs edilib.

Bu barədə Azərtac xəbər yayıb.

Məlumatda deyilir ki, həbs olunanlardan biri Gəncə şəhəri icra hakimiyyəti başçısı Elmar Vəliyevi və başqa şəxsləri izləməklə onlar haqda məlumatları Yunis Səfərova verməkdə təqsirləndirilir. Hüquq-mühafizə orqanları onun Yunis Səfərovun yaxın qohumu olduğunu bildirir.

İyulun 3-də Elmar Vəliyevə silahlı hücum olub, iyulun 10-da isə Gəncədə iki yüksək vəzifəli polis zabiti öldürülüb.

Məlumatda o da bildirilib ki, "həbs edilən digər şəxslər iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları" olublar.

Bildirilir ki, onlardan biri "Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etməsi üçün Gəncəyə aparılmasını təşkil edib".

İyulun 10-da Gəncədə bir qrup şəxs şəhərin mərkəzi meydanına toplaşmış və iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri yaralanmışdı. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri öldürülmüş, digəri həbs edilmişdi. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağı Gəncədə 11 adamın həbs olunduğunu bildirir.

Bundan əvvəl isə, iyulun 3-də vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusiya vətəndaşı olan Yunus Səfərov adlı şəxs Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum etmiş, onu və mühafizəçisini ağır yaralamışdı.

Hüquq-mühafizə orqanları hadisəni "terror" kimi qiymətləndirmiş, Yunus Səfərovun xarici ölkələrdə "terror qruplaşmalarına bağlı olduğunu" iddia etmişdi.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.

Hər iki hadisə ilə bağlı saxlananların onlara qarşı irəli sürülən ittihamlara münasibəti bəlli deyil.

Bu barədə daha geniş