Emin Aslanovun ölkədən çıxışına qadağa qoyulub

Emin Aslanov Fotonun müəllifi Emin Aslanov

ABŞ-da təhsilini bitirib ölkəyə qayıdan kimi həbs olunan və 30 sutkadan sonra azadlığa çıxan hüquqşünas Emin Aslanovun ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə BBC News Azərbaycancaya xəbər verən Emin Aslanov ona səyahət qadağası qoyulduğunu ölkəni tərk etmək istəyən zaman öyrənib:

"Gürcüstana bilet almışdım. Səhər saat 8 radələrində hava limanında öyrəndim ki, mayın 30-da ölkədən çıxışıma qadağa qoyublar. Bu, ölkəyə gəlişimin tarixidir. Azərbaycana məhz həmin gün qayıtmışdım".

Emin Aslanov ölkəyə gəlməsindən iki-üç gün sonra həbs olunmuşdu.

Hüquqşünas məsələ ilə bağlı vəkilinə xəbər verdiyini və zəruri addımlar atacaqlarını bildirib: "Daxili İşlər Nazirliyinə onlayn ərizə göndərdik. Bu gün poçtla da məktub yollayacağıq".

Emin Aslanovun sözlərinə görə, o, səyahət qadağasının səbəblərini aydınlaşdırmaq istəyir:

"İnzibati cəza almışdım, məhkəmənin barəmdə verdiyi 30 gün həbs müddətimi çəkdim və azadlığa buraxıldım. Bildiyimə görə heç bir cinayət və ya mülki işdə şahid, təqsirləndirilən və ya zərərçəkmiş kimi cəlb edilməmişəm. Hər hansı vergi, kredit borcum yoxdur. Axtarılan şəxs də deyiləm. Bu zaman ölkədən çıxışıma niyə qadağa qoyulmalıdı? Səbəbini araşdırmağa çalışırıq".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, "çıxışına qadağa qoyulan şəxs özü bu məsələ ilə bağlı aidiyyatı qurumlara zəng edib, öyrənsin".

Emin Aslanov ABŞ-da təhsilini bitirib Azərbaycana qayıtdıqdan bir neçə gün sonra - iyunun 4-də, Bakının Dənizkənarı Bulvar ərazisində mülki geyimli şəxslər tərəfindən "naməlum istiqamətə aparılmışdı".

O, "polisin qanuni tələblərinə qəsdən tabe olmamaq" itthamı ilə 30 gün inzibati həbs cəzası almışdı.

Emin Aslanov bu ittihamı rədd edib və həbsinin səbəbini peşə fəaliyyətində görürüb.

Onun saxlanması sosial mediada qızğın müzakirələrə səbəb olmuşdu.

Emin Aslanov ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunudur.

Bu barədə daha geniş