Sumqayıtda "baş verməmiş hadisə"

Sumqayıt

İlk baxışdan Sumqayıtda sakitçiliyin hökm sürməsini müşahidə etmək olar, əgər Gəncə ilə müqayisə etsək, burda polis daha az gözə dəyir.

BBC News Azərbaycancanın müxbiri naməlum şəxslər tərəfindən çağrıldığı, amma baş tutmadığı, 18 şəxsin tutulduğu iddia edilən 15 iyuldan iki gün sonra Sumqayıta gedib.

Şəhərdə gözə dəyən polislər hər hansı olan və ya gözlənən gərginliyin nəticəsi deyil, onlar elə hər zaman gözə dəyirlər, sakinlər deyirlər.

Çoxları bilmir ki, Sumqayıtda iki gün öncə nə baş verib, hətta həbslər barədə də eşidən yoxdur.

Küçələrdə adamlar sərbəst hərəkət edir, parklarda uşaqla gəzən çoxlu qadınlar, kişilər görmək olar. Mağazalar, kafelər açıqdır.

İki gün öncə Sumqayıtda "radikal dini qruplaşmanın üzvləri", həm də "radikal müxalifət tərəfdarı olan" 18 şəxsin saxlanması xəbərləri yayıldı. Məlumatı verənlərdən biri dövlət xəbər agentliyi Azərtac idi. Daxili İşlər Nazirliyi BBC News Azərbaycancaya məlumatı nə təkzib, nə təsdiq etmişdi.

Məlumatda deyilirdi ki, həbs olunanlar iyulun 15-də Sumqayıtda Gəncə hadisələrini təkrarlamağı planlaşdırıb.

Gəncədə polis idarələrinin qarşısında 10 iyul hadisəsi ilə bağlı saxlananların yaxınları saatlarla növbə çəkir, "içəridən" bir xəbər almağa çalışırdılar. Amma biz Sumqayıt polis idarələrinin qarşısında saxlanması iddia edilən şəxslərin yaxınlarına rast gəlmədik.

Fotonun müəllifi Gəncə şəhər icra hakimiyyəti

Saxta hesablar kimə aid olub?

10 iyul Gəncə hadisələrindən sonra Facebook sosial şəbəkədə saxta hesablardan Sumqayıt icra hakimiyyəti binasının qarşısına toplaşmaqla bağlı çağırış olmuşdu. Çağırışda aksiyaçılara "soyuq silahla silahlanmaq" təklif edilirdi.

Həmin hesabların sahibləri sonra adlarını dəyişdiriblər. daha sonra isə hesablarını ümumiyyətlə, siliblər.

"Kafe və restoranlara obyektlərini bağlamaq tapşırılıb"

BBC-ə danışan Sumqayıt sakinləri deyirlər ki, həmin çağırışlarda aksiya axşama təyin edilsə də, şəhər icra hakimiyyətinin binası artıq səhər tezdən Çevik Polis Alayının qüvvələri tərəfindən mühasirəyə alınmışdı.

Şahidlərdən birinin BBC News Azərbaycancaya söylədiyinə görə, həmin gün Sumqayıt Dövlət Dram Teatrın binasında "qara maskalı" təhlükəsizlik qüvvələri keşik çəkiblər".

Sakinlər deyir ki, icra hakimiyyəti binasının qarşısında polis qüvvələri axşam saat 9-a kimi olub. Elə həmin gün polis yaxınlıqdakı kafe və restoran sahiblərinə obyektlərini müvəqqəti qapatmağı tapşırıb, İcra Hakimiyyətinin binasına gedən yolları isə bağlayıb, müsahiblərimiz danışırlar.

"Bizim əsas problemimiz ekolojidir"

Müsahiblərimiz hesab edir ki, kimlərsə təxribat törətmək istəyib, amma alınmayıb.

"Bizim Sumqayıtda zibil poliqonu ilə bağlı problemimiz var. Həmin poliqon yanan zaman iy şəhərə yayılır", - yerli iş adamlarından biri deyir: "Əgər ekologiyayla bağlı etiraz aksiyasına çağırsaydılar, inanardım ki, şəhər üçün ciddi problem qaldırılacaq. Bu aksiyanın isə tələbindən bir şey anlamadıq".

Sumqayıtda kim həbs olunub, "radikal müxalifət" təmsilçiləri kimdir? Bunu heç yerli müxalifət təmsilçiləri də bilmir. Onlardan biri bizə deyir ki, Sumqayıtda hakimiyyətin idarəçiliyini sərt tənqid edənlər var, amma fəaliyyətləri hər zaman göz qabağında olub.

Biz Sumqayıtdan cavabsız suallarla ayrılırıq: Həbs olunanlar kimlərdir? "Radikal müxalifət" deyəndə hansı qüvvələr nəzərdə tutulur? "Radikal dini qruplaşmanın üzvləri" kimlərdi? Onlar Sumqayıtda nə törətmək istəyiblər və bunu sübut edən detallar nədir? Sosial şəbəkələrdə "silahlı aksiyaya çağıran" hesablar kimə məxsusdur?

Hüquq-mühafizə orqanlarından isə suallarımıza cavab ala bilmədik.

15 iyula qədər olanlar

İyulun 10-da Gəncədə bir qrup şəxs şəhərin mərkəzi meydanına toplaşmış və iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri yaralanmışdı. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri öldürülmüş, digəri həbs edilmişdi.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağı Gəncədə 11 adamın həbs olunduğunu bildirir.

Bundan əvvəl isə, iyulun 3-də vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusoya vətəndaşı olan Yunus Səfərov adlı şəxs Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum etmiş, onu və mühafizəçisini ağır yaralamışdı.

Hüquq-mühafizə orqanları hadisəni "terror" kimi qiymətləndirmiş, Yunus Səfərovun xarici ölkələrdə "terror qruplaşmalarına bağlı olduğunu" iddia etmişdi.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.

Yunus Səfərov, onunla və 10 iyul hadisələri ilə bağlı həbs olunanların ittihamlara münasibəti bəlli deyil.

Bu barədə daha geniş