İlham Əliyev: "Azərbaycan İtaliya, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır"

İlham Əliyev, İlham Əliyev, prezidentlər, TAP qaz boru kəməri, TAP Fotonun müəllifi AZERTAG
Image caption İlham Əliyev İtaliya prezidenti Sercio Mattarella ilə görüşdə

Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella ilə görüşdə deyib ki, onlar strateji tərəfdaşdırlar, siyasi əlaqələri yüksək səviyyədədir.

"İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var" prezident İlham Əliyev görüşdən sonra mətbuata açıqlamasında belə deyib.

Prezident bildirib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda "Cənubi Qaz Dəhlizi" layihəsini uğurla icra edir.

O, bu il Cənub Qaz Dəhlizinin Bakıdakı və onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışlarını xatırladıb., Azərtac xəbər verir.

Prezident bildirib ki, İtaliya şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir.

Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər.

Prezident deyib ki, Azərbaycan üçün yeni texnologiyalar gətirilməsi tələb olunur: "İstərdik, ilk növbədə biz bu texnologiyaları dost ölkələrdən gətirək".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İtaliya, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Fotonun müəllifi AZERTAG
Image caption Azərbaycan və İtaliya prezidentləri mətbuat konfransında

İtaliya prezidenti Sercio Mattarella isə deyib ki, İtaliya da Azərbaycanı bu regionda əsas tərəfdaşı hesab edir.

"İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir", cənab Sercio Mattarella belə deyib.

O bildirib ki, İtaliya Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək.

"Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır", - Sercio Mattarella qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə İtaliya MDB ölkələrini çıxmaq şərtiylə Azərbaycanın xarici ticarət dövrüyəsinə ən çox paya malik 10 ölkədən biridir.

2017-ci il ərzində Azərbaycandan İtaliyaya göndərilən məhsulların qiyməti 4 milyard dollardan çox olub.

Fotonun müəllifi TAPAG.COM

Ötən ayın əvvəlində İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP layihəsinə yenidən baxacağını bildirmişdi.

Prezidentlərin bu məsələni müzakirə edib-etməməsi məlum deyil.

Azərbaycanın da maliyyələşdirdiyi Cənub Qaz Dəhlizi İtaliyaya qədər uzanır.

40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub.

Bu barədə daha geniş