CPT: Azərbaycanda "işgəncə...sistemlidir və geniş yayılıb"

Mikola Qnatovski Fotonun müəllifi Council of Europe/ Vimeo
Image caption Mikola Qnatovski

Avropa Şurasının (AŞ) İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi (CPT) çərşənbə günü Azərbaycanla bağlı və indiyədək məxfi olmuş altı hesabatını dərc edərək Azərbaycanda polis, digər hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə işgəncə və fiziki pis rəftarın sistemli, geniş yayıldığını bəyan edib.

2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərə aid olan bu altı hesabatda Azərbaycanın hüquq-mühafizə orqanlarında zorakı rəftarın geniş yayılaraq adiləşdiyi, işgəncə və digər pis rəftar iddialarının araşdırılması prosesində ciddi problemlər olduğu, bu cür hərəkətlərə məsuliyyət daşıyan şəxslərin cəzasız qaldığı vurğulanır.

May və iyun aylarında Azərbaycanda səfərdə olan CPT-nin heyəti DİN, Baş Prokrurorluq və Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib.

DİN-nin iyunun 4-ü dərc etdiyi bəyanatında daxili işlər naziri Ramil Usubovun CPT prezidenti Mikola Qnatovski ilə görüşündə məhbusların "kobud rəftara, işgəncəyə məruz qalmamasının DİN rəhbərliyinin də xüsusi nəzarətində olduğunu " qeyd etdiyi bildirilib.

İndiyədək məxfi olan hesabatlar və Azərbaycan hökumətinin rəsmi cavablarına dair sənədlər Azərbaycan hökumətinin xahişi ilə dərc olunub.

CPT-nin prezidenti Azərbaycanın qərarı ilə "çox şad" olduğunu və bununla Azərbaycanın "komitə ilə əməkdaşlıqda sədaqətli olacağını açıq şəkildə nümayiş" etdiyini deyib.



Bəyanatla yanaşı AŞ tərəfindən yayımlanmış müsahibəsində cənab Qnatovski bildirib ki, Azərbaycanda işgəncə və pis rəftara dair iddiaların araşdırılmadığı "tamamilə aydındır".

O, xususilə istintaq təcridxanalarında korrupsiyanın geniş yayıldığını, məhbusların nəinki əlavə güzəştlər almaq üçün, hətta qanunvericilikdə onların haqqı olduğu adi əşya və xidmətlərə ödəniş istənildiyini iddia edib.

Fiziki pis rəftarın ölkədə yayıldığını qeyd edən CPT prezidenti deyib:

"Bir-birilərilə əlaqələri olmayan və ölkənin müxtəlif regionlarında olan insanlarla müsahibə apardıqda onlardan polisin pis rəftarına dair eyni hekayələri eşitmək çox narahatedicidir".

"Bu, ağır pis rəftardır. Burda, sadəcə şapalaq, yumruq və ya dəyənək zərbərlərindən yox, əslində işgəncə kimi təsvir edilə biləcək metodlardan söhbət gedir. Məsələn, falaka - ayaqların alt nahiyəsinin döyülməsi və ya insanların müxtəlif pozalarda məcburi şəkildə saxlanıb təpiklənməsi..."

Azərbaycanın CPT-nin son hesabatındaki iddialarına dair rəsmi cavabında CPT-nin işgəncə və pis rəftara dair iddialarına dair araşdırmalara məsuliyyət daşıyan prokurorla görüşlərin təşkil edildiyi bildirirlir.

Cavabda həmçinin qeyd olunur ki, son 5 il ərzində və 2018-ci ilin ilk rübündə insan haqları pozuntularına görə, daxili tədbirlər nəticəsində 1909 polis işçisinə qarşı intizam tədbirləri, 4 polis işçisinə qarşı cinayət ittihamları irəli sürülüb.

Nəticədə onlardan 177-si işindən uzaqlaşdırılıb, 168-i tutduqları vəzifədən buraxılıb, 10-nun rütbəsi azaldılıb və 1,550 nəfərə xəbərdarlıq verilib.

Öz növbəsində CPT insan haqları pozuntularına dair cinayət ittihamlarının az olduğundan şikayətlənib.

CPT-nin bəyanatına dair Azərbaycan hökumətinin müvafiq qurumlarından münasibət almaq mümkün olmayıb.

Mikola Qnatevskinin sözlərinə görə, CPT Azərbaycana tövsiyə verib ki, prezident də daxil olmaqla, Azərbaycanın ən yüksək siyasi səviyyələrindən pis rəftara qarşı sıfır dözümlülüyun olduğunu bəyan edən çox aydın bir mesaj verilsin.

Azərbaycan nə etməlidir?

Cənab Qnatovski hər bir pis rəftar və ya işgəncə şikayətinə dair effektiv araşdırmanın vacibliyini vurğulayıb, "çünki cəzasızlığa son qoymaq hakimiyyətin əsas vəzifəsidir".

"Onlarla söhbətlərimizdə aydınlaşıb ki, onlar bu vəzifənin mövcud olduğunu tamamilə anladıqlarını göstəriblər və effektiv istintaq sisteminin yaradılmasına dair bütün səyləri göstərəcəklərini deyiblər", o qeyd edib.

Hesabatların Azərbaycan hökumətinin xahişi ilə dərc olunması məsələsinə gəldikdə, cənab Qnatovski bildirib ki, CPT-nin hesabatlarının məxfiliyinə baxmayaraq, Azərbaycanın qərarından əvvəl yalnız iki ölkə istisna olmaqla, Avropa Şurasına üzv olan ölkələr bu hesabatların ictimai şəkildə dərcini xahiş ediblər.

"Azərbaycanın indiyədək bütün hesabatları və hökumət cavablarını tam şəkildə dərc etməsindən çox şadam", cənab Qnatovski vurğulayıb.

"Düşünürəm ki, Azərbaycan komitə ilə əməkdaşlığa sədaqətli olacağını açıq şəkildə nümayiş edib və ümidvaram ki, bəlkə bir gün Azərbaycan bu sənədlərin avtomatik dərc olunma prosedurunu da qəbul edər", o, deyib.

Bu barədə daha geniş