Azərbaycanda işgəncə varmı?

həbsxana, işgəncə, qeyri-insani rəftar, Pentensiar Xidmət, Azərbaycanda İnsan Haqları, Avropa Şurası

Şəklin mənbəyi, JOHN MACDOUGALLAFP Getty Images

Rəsmilər Avropa Şurasının müvafiq komitəsinin hesabatına şübhə ilə baxırlar, ekspertlər isə Azərbaycanın razılığı ilə açıqlanan məxfi hesabatların açıqlanmasına "pərdəarxası niyyətlər" durduğunu düşünürlər.

"Təqdim olunmuş sənədin içərisində mütləq həqiqət kimi nöqtə və vergülə inanmaq olmaz", Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir.

O, Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin "Azərbaycanda polis, digər hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə işgəncə və fiziki pis rəftarın sistemli, geniş yayılıb" fikri ilə razılaşmadığını deyir.

Avropa Şurası çərşənbə günü Azərbaycanda hüquq-mühafizə orqanlarında işgəncə faktları olması ilə bağlı altı, illik məxfi hesabatını açıqlayıb. Hesabatın açıqlanmasını Azərbaycan hakimiyyəti xahiş edib, AŞ rəsmiləri bildirib.

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı,

Səməd Seyidov

Səmad Seyidovun fikrincə, Azərbaycanla bağlı hansısa bir "məxfi və ya gizlədilməsi bir məsələ yoxdur", ona görə də bu hesabatlar dərc edilməli idi.

O, BBC News Azərbaycancaya açıqlamasında deyir, "AŞ-da bəzi qruplar var ki, onlar Azərbaycan-Avropa münasibətlərinin normallaşması istiqamətində gedən prosesləri görməkdən o qədər də şad deyillər".

"Azərbaycan-Avropa arasında fikir ayrılığı var"

Səməd Seyidovun sözlərinə görə, bu sənədlər hökümət tərəfindən təhlil olunur, bir-bir öyrənilir: "Elə sənədlər var ki, müxtəlif QHT-lər, müxtəlif qruplar tərəfindən göndərilib və ora daxil olunub. Artıq beynəlxalq təşkilatlarda bu reallıqları çox gözəl dərk edirik ki, hər təqdim olunmuş sənədin içərisində mütləq həkiqət kimi nöqtə və vergülə inanmaq olmaz".

Səməd Seyidov hesab edir ki, "Azərbaycan- Avropa arasında enerji məsələləri" ilə bağlı problem olmasa da, insan haqları, qanunun aliliyi, demokratik inkişaf, toplaşma azadlığı və bu kimi məsələlərdə "Azərbaycan və beynəlxalq təşkilatlar, xüsusən də Avropa Şurası arasında fikir ayrılığı var".

Amma o düşünür ki, bu məsələlərə yanaşma milli maraqlar, sabitliyi qorumaq nöqteyi-nəzərdən olmalıdır: "Qərbin və Avropa Şurasının, başqa təşkilatların yanaşması isə geopolitik vəziyyəti, sabitliyi və başqa məsələləri qəti nəzərə almır", millət vəkili əlavə edib.

"Əgər problem varsa onu gizlətmirik, onu aradan qaldırmağa çalışırıq"

İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin hesabatlarında göstərilir ki, xususilə istintaq təcridxanalarında korrupsiya geniş yayılıb, məhbuslardan nəinki əlavə güzəştlər verilməsi üçün, hətta qanunvericilikdə onların haqqı çatdıqları "adi əşya və xidmətlərə ödəniş tələb olunur".

"Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi vaxtaşırı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə baş çəkirlər", Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC News Azərbaycancaya deyir.

Onun sözlərinə görə, ancaq hələ avropalı araşdırmaçıların iradları ilə rastlaşmayıblar: "Son dövrlərdə belə bir fakt olmayıb ki, onlar Pentensiar Xidmətin müəssisələrində hansısa bir məhkuma işgəncə verildiyini desinlər".

Mehman Sadıqovun fikrincə, hansısa məhkumun sözlərini fakt kimi qəbul etmək doğru deyil.

Cənab Sadıqov bildirib ki, son illər ərzində məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün işlər görülür.

Ədliyyə Nazirliyinin rəsmisi deyir ki, əgər hər hansı problem varsa, onlar bu problemdən "qaçmır və onu gizlətmirlər, əksinə onu aradan qaldırmağa çalışırlar".

Ancaq Mehman Sadıqov onu da əlavə edir ki, 2014-cü ildə Komitənin müraciəti əsasında şikayətlərə baxılıb və bəzi əməkdaşlar məsuliyyətə cəlb olunub, hətta ədliyyə orqanlarından xaric ediliblər.

Şəklin mənbəyi, Horacio Villalobos - CorbisCorbis via Getty Images

"Məhbuslar üçün qaynar xəttimiz var"

"Bizim cəzaçəkmə müəssisələrinin tam əksəriyyəti köhnədir və ardıcıl olaraq yeni cəzaçəkmə müəsissələri inşa olunur, amma eyni zamanda onlar deyirlər ki, filan cəzaçəkmə müəssisəsində məhkumların sayı bir az çoxdur. Onlar bunu işgəncə kimi qəbul edirlər. Daha doğrusu, standartlara cavab verməyən saxlama şəraiti kimi qəbul edirlər",- Mehman Sadıqov deyib.

Penitensiar Xidmətin nümayəndəsi hesabatda yer alan "qanunla nəzərdə tutlmuş məhsul və xidmətlərin pulla əldə olunması" iddiası ilə razılaşmır, deyir, "belə hallar yoxdur".

Onun sözlərinə görə, hər qanunla nəzərdə tutulan şeylər üçün kifayət qədər vəsait ayrılır: "Bu vəsaitlər istər cəzaçəkmə müəsisələri, istər istintaq təcridxanaları üçün alınıb verilir".

O əlavə edir ki, belə halla üzləşən məhkumlar bu barədə qaynar xəttə məlumat verə bilər:

"Bütün məhkumlar üçün ayrıca telefon qovşaqları var və orada da qaynar xətt var. Bu telefonlarla həm Pentensiar Xidmət, həm Ədliyyə Nazirliyinin müvafiq qurumlarına, Cəzaların İcrası üzrə Müfəttişliyə, həm də prokurorluq orqanlarına birbaşa müraciət edə bilərlər".

"Yəqin, DİN-də hansısa "təmizlik işləri" aparmaq məqsədi güdülür"

Şiyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanda üzdə olmasa da, "pərdə arxasında hakimiyyət üçün" mübarizə gedir.

"Əgər indi Azərbaycan hakimiyyəti razılıq veribsə ki, bu çoxillik sistemli işgəncə faktları barədə hesabat açıqlansın, bu, o deməkdir ki, Azərbaycan höküməti bundan istifadə edib Daxili İşlər Nazirliyində hansısa "təmizlik işləri" aparmaq istəyir", Zərdüşt Əlizadə belə düşünür.

Onun sözlərinə görə, bunu Azərbaycanın demokratik, nümunəvi ölkə olması naminə etmirlər, "bunu ona görə edirlər ki, DİN-də mərkəzə tabe olmayan şəxs və şəxsləri təmizləsinlər və bu zaman da Avropa Şurasının hesabatına istinad etsinlər".

Ramil Usubov nə deyib?

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya hesabatla tanış olandan sonra açıqlama veriləcəyi bildirilib.

DİN-in saytında iyunun 4-də dərc edilən məlumatında göstərilib ki, nazir Ramil Usubov Komitə sədri Mikola Qnatovski ilə görüşündə məhbusların "kobud rəftara, işgəncəyə məruz qalmamasının DİN rəhbərliyinin də xüsusi nəzarətində olduğunu " vurğulayıb. Məlumatda deyilir ki, belə hallara görə cəzalanan və işdən çıxarılan, o cümlədən, cinayət məsuliyyətinə cəlb edilən polis əməkdaşlarının olduğunu da Ramil Usubov qeyd edib.