Qətərin Azərbaycana göndərdiyi səfirin etimadnaməsinin qəbul olunmadığı iddia edilir

Qətər, Azərbaycan, qətər səfiri, qətər səfirinin etimadnaməsini Azərbaycan qəbul etmir Fotonun müəllifi Valery Sharifulin/TASS/Getty Images
Image caption Qətər Xarici İşlər Nazirliyinin binası

Ötən həftə ərəb dilli media mənbələri Azərbaycan hökumətinin Qətərin Azərbaycana yeni təyin etmiş səfirinin etimadnaməsini qəbul etmədiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumatı nə təsdiq, nə təkzib edib. O, BBC News Azərbaycanca deyib ki, "diplomatik qaydalara görə, bu məsələlər şərh olunmur".

May ayının 28-i Qətər XİN-i Zaid Rəşid Əl-Kumait Əl-Xəyarinin Azərbaycana səfir təyin olduğu barədə bəyanat yayıb.

Səfir təyinatları ənənəvi olaraq səfirin göndərildiyi ölkə tərəfindən təsdiqləndikdən sonra rəsmiləşir - yəni ki, səfir vəzifəsinə yalnız etimadnaməsinin qəbul edildiyindən və mandatının rəsmi təsdiqindən sonra yerləşdirilir.

Təyinatından 7 həftə keçməsinə baxmayaraq, Zaid Əl-Xəyarinin etimadnaməsi hələ də Azərbaycan tərəfindən qəbul olunmayıb.

Onun sələfi Yusif ibn Həsən Əl-Saai-nin təyinatından etimadnaməsinin qəbulunacan yalnız 5 həftə gözləməli olmuşdu.

BBC News Azərbaycanca Qətərin Azərbaycana səfirliyi ilə əlaqə saxlasa da bu iddialara dair şərh ala bilməyib.

Zaid əl-Xəyarin Qətərin İraqda səfiri olub və 2016-cı ildə bir qrup nüfuzlu qətərlinin İraqda ov edərkən qaçırılmasından sonra, onları qaçıran silahlı qruplaşmalara girov pulunun verilməsilə nəticələnən danışıqlarda mühüm rol oynayıb.

İraqa səfir təyin olmadan əvvəl Zaid Əl-Xəyari Qətər kəşfiyyatında işləyib və təxminən 50 yaşlarındadır. O, 27 il ərzində Qətərin İraqa göndərdiyi ilk səfir olmasına baxmayaraq, bu vəzifə mühüm sayılmırdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş