Azərbaycan: traktorların gecə vaxtı magistralda hərəkəti qadağan edilir?

traktor Fotonun müəllifi getty/ Mark Hirsch

Dövlət Yol Polisindən traktorların və digər kənd təsərrüfatı texnikasının gecə vaxtı magistralda hərəkətinin qadağan edilməsi ilə bağlı artıq tapşırıq verilib.

"Kənd təsərrüfatı texnikaları avtomobil yoluna çıxmağa məcburdur. Ancaq onlar əvvəldən bizə məlumat versələr, biz onları müşaiyət edərək, təhlükəsizliyi təmin edə bilərik".

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev deyib ki, kənd təsərrüfatı texnikasının parametrləri fərqli, sürəti isə aşağı olduğundan ana yolda hərəkət edərkən, problem yaranmasın deyə, onun müşaiyəti vacibdir.

BBC News Azərbaycanca xəbər verir ki, bu haqda Kamran Əliyev çərşənbə günü Bakıda Kənd Təsərrüfatı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin birgə görüşündə danışıb.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikasının yolda qoşqu ilə hərəkəti hərəkətə maneə törətməklə yanaşı, həm də təhlükəlidir:

"Təsəvvür edin ki, traktor hərəkət edir, arxasında da kotan. Gecə vaxtı arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri qoşqunu görə bilmir. Ona görə də yol qəzaları baş verir".

Xidmət rəhbəri deyib ki, digər bir problem kənd təsərrüfatı texnikasının sərnişin daşımasıyla bağlıdır:

"Kənd təsərrüfatı texnikasının sərnişin daşıması qanunla qadağandır. Bir müddət əvvəl traktorun aşması nəticəsində bir neçə nəfər həyatını itirdi".

O vurğulayıb ki, "bu, təhlükəsizlik məsələsidir və ciddi nəzarət olunmalıdır".

Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb, cənab Əliyev bildirib.

Bu barədə daha geniş