Bakı-Sumqayıt yolunda 18 marşrutun hərəkəti müvəqqəti dəyişdirilib

avtobus

28 iyulda səhər saatlarından Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 18 marşrut xəttinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə məlumatı BBC News Azərbaycancaya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib.

Onun sözlərinə görə, şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.

Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.

67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

Mais Ağayev qeyd edib ki, marşrut xətlərindəki dəyişikliklər təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli BBC News Azərbaycancaya bildirib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, məhdudlaşdırma asfalt örtüyünün yenilənməsi ilə bağlıdır.

"Ərazidə işlərin 18-20 saat ərzində yekunlaşması nəzərdə tutulur. Gücləndirilmiş iş rejimi ilə bütün işlər bu müddət ərzində başa çatdırılacaq", - cənab Nəcəfli söyləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş