Sentyabrda 324 “güzəştli mənzil” satışa çıxarılır

mənzil

Şəklin mənbəyi, MİDA.GOV.AZ

Sentyabrın 5-dən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "güzəştli evlər" kimi tanınan 324 mənzilin satışına başlayır.

5 dekabra qədər davam edəcək prosesdə may ayında satış nəticələri ləğv olunmuş 260 mənzil də təkrar satılacaq, bu barədə MİDA-nın sözçüsü Diana Dadaşova BBC News Azərbaycancaya bildirib.

"Güzəştli Mənzil" sistemi layihəsi çərçivəsində tikilən mənzillərin 260-ı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşir. Digər 64 mənzil isə eyni ünvanda tikilmiş 5-ci binadadır.

Mənzillər ilk dəfə 2018-ci il mayın 7-də satışa çıxarılmışdı. Lakin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmalara görə yüklənmişdi.

Bundan başqa, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranmışdı.

"Güzəştli mənzil" sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdi.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməmişdi.

Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin seçiminin yenidən təşkil ediləcəyi deyilsə də, dəqiq tarix açıqlanmamışdı.

Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə fəaliyyətə başlayıb.

Satışa çıxarılan mənzillərin seçiminin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalında yaradılan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.