"Azərbaycanda ləyaqətli vəkil olmaq xəstəlik tapmaqdır", vəkillər danışır

İyulun 30-da Azərbaycanda vəkillər peşə bayramlarını qeyd edirlər. BBC News Azərbaycanca ölkədə vəkillik fəaliyyəti, nüfuzu və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı vəkillərlə söhbət edib.

Həmçinin bax:

Fotonun müəllifi Aqil Layic

Vəkil Aqil Layıc:

"Azərbaycanda ləyaqətli vəkil olmaq xəstəlik tapmaqdır. Məvacib və gəlirlər əziyyətimizi qarşılamır. Azərbaycanda həqiqətən vicdanlı vəkil olmaq çətindir.

Hazırda vəkillər tam müstəqil deyil və bu da onların fəaliyyətlərini tam həyata keçirməyə müəyyən maneçilik yaradır."

Aqil Layıc son zamanlar Azərbaycanda kollegiyaya yeni vəkillərin götürülməsinin "müsbət hal olduğunu" söyləyir:

"Ancaq mənim əsas arzum vəkilliyin tam olaraq müstəqil şəkildə fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradılmasıdır".

Fotonun müəllifi Emin Isayev

Vəkilliyə yeni qəbul olunmuş Emin İsayev:

"Əvvəllər dövlət idarələrinə vəkil nə deməkdir bilmirdilər, gedəndə bizi aşağılaya bilərdilər. Ancaq indi tanıyırlar və yaranmış hər hansı problemi, süni maneəni kollegiyanın vasitəsilə tezliklə aradan qaldıra bilirik.

Məvacib və gəlirlərə qalanda, təzə vəkil üçün çətin olur... Müştəri bazasının toplanmasına qədər istər-istəməz çətin olacaq. Bu elə bir işdir ki, özü-özünü maliyyələşdirməlidir".

Fotonun müəllifi AZERTAG

Vəkillər Kollegiyasının sədri Anar Bağırov:

"Əgər keçən il bizdə 920 vəkil vardısa, bu il bu rəqəm 1500-ü ötür.

Vəkilliyin inkişafı ilə əlaqədar dövlət hesabına hüquqi yardımın məbləği üç dəfə artırıldı. İndi biz çalışırıq ki, dövlət hesabına göstərilən hüquqi yardım formal olmasın, keyfiyyətli və insanların ürəyincə olsun.

Biz çalışırıq ki, vətəndaşların şikayətlərinə operativ reaksiya verək. Əvvəllər dövlət hesabına olan işlərə bir qrup vəkil çıxırdısa, indi kollegiyanın hər bir üzvü bu işlərə çıxacaq. Bizim əsas məqsədimiz odur ki, Azərbaycanda hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edək. Bunun üçün də ucqar rayonlarda da vəkil çatışmazlığını aradan qaldırmağa çalışacağıq.

Vəkillər Kollegiyasının qaynar xətti yaradılıb. Hər bir vətəndaş hüquqi yardımla, vəkillərin fəaliyyətilə bağlı istədiyi vaxt bizə müraciət edə bilər. Elektron vəkil kabineti yaradılıb. Vəkillərin reyestri dərc olunub.

Bəzi hallarda vəkillər etik davranış qaydalarına lazımi şəkildə əməl etmirlər. Biz də başa salırıq ki, qanunla qadağalar var bu sahədə. Vəkil, sirrini təşkil edən məlumatlar yayıla bilməz. Vəkillərin bir çoxu demək olar ki, əksəriyyəti məhkəmə proseslərində mantiyasız çıxış edirdilər. Bu da birbaşa etik davranış qaydalarının pozuntusudur".

Bu barədə daha geniş