Şimal rayonlarında yanğınlar: "Temperatur nə qədər yüksək olsa da, meşə özbaşına yanmır"

Yanğın Fotonun müəllifi fhn.gov.az
Image caption Yanğınlar nəticəsində 1315 hektar ərazi (meşə ərazisi 5 hektar, digər ərazilər 1310 hektar) yanıb

İyulun 28-dən 30-dək Azərbaycanın şimal rayonlarında 35 yanğın hadisəsinin baş vermə səbəbini rəsmilər "insan faktoru" ilə izah edirlər.

Bu barədə BBC News Azərbaycancaya Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri bildiriblər.

ETSN sözçüsü İradə İbrahimovanın sözlərinə görə, yanğın meşə fonduna zərər vurmayıb:

"İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb".

Nə baş verib?

İyulun 28-dən 30-dək Siyəzən, Şabran və digər rayonlarda meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.

Yanğınlardan biri Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayıb, sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Altıağac Milli Parkındakı yanğının baş verməsində şübhəli bilinən şəxs müəyyən edilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

Yanğınlar nəticəsində 1315 hektar ərazi (meşə ərazisi 5 hektar, digər ərazilər 1310 hektar) yanıb.

"Meşə özbaşına yanmır"

Fotonun müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekoloji təhlilçi Telman Zeynalov deyir ki, temperatur nə qədər yüksək olsa da, meşə özbaşına yanmır:

"Meşədə olan nəmişlik onun birdən-birə yanmağına imkan verməz. Kiməsə ərazi lazım olur deyə meşəni yandırırlar və yaxud da kimsə öz torpağında olan alaq otlarını yandıranda külək qığılcımı meşə zolağına apara bilər".

Cənab Zeynalov hesab edir ki, "meşələrin yanması iqlimdə gedən təbii prosesləri minimuma endirir:

"Meşələrin yanması nəmişliyi azaldır, buxarlanmanı çoxaldır. Külək vasitəsilə buxar kütlələri başqa yerə aparılır və nəticədə səhralaşma yaranır. Torpaq qeyri-münbit olmağa başlayır və nəticədə aclıq yaranır".

Təhlilçi hesab edir ki, ərazilərə nəzarət edən yoxdur, nəzarət olsa, yanğın başlayan kimi nazirliyə məlumat tez çatar: "Yarım, bir saatdan sonra məlumat onlara çatırsa, o bir saata o meşənin yarısı yana bilər".

Fotonun müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin baş mütəxəssisi Nizami Fərəcov BBC News Azərbaycana deyib ki, şimal bölgəsindəki yanğınlardan sonra ərazidə tədqiqat işləri davam etdirilir:

"Bizdə olan ilkin məlumatlar belədir ki, yanğın texnogen xarakterlidir - insan amili var".

Nizami Fərəcov söyləyib ki, meşələrin mühafizəsinə ETSN cavabdehdir.

"Ora nəzarətçilər qoymaq, meşə zolaqlarının kənarlarını şumlamaq, meşələrdən quru çır-çırpını təmizləmək onların öhdəliyindədir. Biz ETSN-nin əməkdaşlarıyla birgə seminar-müşavirələr keçiririk. Əhalinin yanğın təhlükəsizliyi barədə maarifləndirilməsi üçün onlara yanğın kitabçaları veririk, plakatlar hazırlayırıq, ən əsası onlara nələri etmək olmazla bağlı məsləhətlər veririk".

Cənab Fərəcov deyib ki, "meşələrin giriş-çıxışları ciddi nəzarət altına alınmalıdır".

Ən əsas problemin "qəsdlə yanğın törədilməsi" olduğunu bildirən mütəxəssis deyib ki, "bu sahədə araşdırmaların davam etdiyi üçün hələlik konkret bir şey deyə bilmərik".

Nizami Fərəcov son bir neçə gündə silsilə yanğınların olmasına baxmayaraq, Azərbaycanda ildən-ilə meşə yanğınlarında azalma olduğunu vurğulayıb.

Mütəxəssis yanğınların qarşısının alınması üçün maarifləndirmənin çox önəmli olduğunu deyir.

ETSN-dən bildirilib ki, hər il yaradılan mövsümi qərargahda komissiya fəaliyyət göstərir və dəyən zərər müəyyənləşdirilir.

Hərçənd ki, BBC News Azərbaycanca yanğının səbəbləri və meşələrə nəzarətin təşkili barədə ETSN-dən ətraflı məlumat ala bilməyib.

Meşə yanğınlarından qorunmaq üçün nə etməli? - FHN Dövlət Yanğın Nəzarəti Xidməti

  • Meşəyə gələn maşınlar yanğısöndürən texniki vasitələrlə təmin olunmalıdır.
  • Kibriti söndürmədən yerə atmayın!
  • Siqareti söndürdüyünüzə əmin olun!
  • Qaladığınız tonqalı söndürdüyünüzə əmin olun!
  • Küləkli havalarda tonqal qalamaq olmaz!
  • Ağacların altında tonqal qalamaq olmaz!
  • Tonqalları yalnız meşələrin mühafizəsi əməkdaşlarının icazə verdiyi yerlərdə qalayın!
  • Qaladığınız tonqalları yanarkən nəzarətsiz buraxmayın!
  • Tonqalı su ilə yox, torpaqla söndürmək lazımdır.
  • Meşəyə gətirilən şüşə qablar yanğına səbəb ola bilər.

Bu barədə daha geniş