"İstək" liseyinin valideynləri məktəbin bütün xərclərini öhdələrinə götürməyi təklif ediblər

Istək liseyinin Bakıda Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu Fotonun müəllifi İSTƏK LİSEYİ
Image caption İyulun 7-də bağlanmış "İstək" liseyinin Azərbaycanda 12 məktəbi fəaliyyət göstərib

Valideynlər Təhsil Nazirliyinə "İstək" liseyini təkrar təsis etmək və maliyyələşdirmək üçün təkliflə müraciət edib. Nazirlik təklifə cavab verəcəyini desə də, hələlik heç bir cavab yoxdur.

İyulun ayının 5-də bağlanmış "İstək" liseyində təhsil alan şagirdlərin valideynləri məktəbin açılması ilə bağlı Təhsil Nazirliyinə müraciət ediblər. Bu təkliflə bağlı BBC News Azərbaycancaya danışan liseyin valideynlər komitəsinin üzvü Emil Qurbanov deyib ki, yeni şirkət yaradılarsa, yeni məktəbdə köhnə heyəti saxlamaq üçün lazım olan xərclər ödənilə bilər.

Adının çəkilməsini istəməyən bir valideyn BBC News Azərbaycancaya deyib ki, "valideynlər toplaşıb qərar verdilər ki, yığışaq, məktəbin bütün xərclərini öz üzərimizə götürək. Təsisçilər də elə 5 nəfər öz valideynlərimiz olsun. İki həftədir müraciət etmişik, lakin Təhsil Nazirliyi hələ də təklifimizə cavab verməyib".

Təhsil məsələləri üzrə təhlilçilər valideynlərin təklifini qadağan edən qanunun olmadığını deyirlər. Onların sözlərinə görə, bu məsələ baş tutarsa, bunun Azərbaycanda bir ilk olacağını vurğulayırlar.

Təhsil Nazirliyindən və fəaliyyətini dayandırmış "İstək" liseyindən məsələ ilə bağlı şərhlər almaq mümkün olmayıb.

Bakıda və bölgələrdə 12 məktəbi olan "İstək" liseyi fəaliyyətinin dayandırılması barədə iyulun əvvəlində Təhsil Nazirliyinə müraciət edib, lakin mediaya qərar barədə ətraflı məlumat verilməyib.

Bu liseylərdə təhsil səviyyəsinin "yüksək olduğunu" deyən valideynlər bu qərardan narazı qalıblar.

"Əgər doğrudan da valideynlər istəyirlərsə ki, şirkət qurub məktəbi maliyyələşdirsinlər, mən bunu qadağan edən qanun tanımıram", təhsil məsələləri üzrə təhlilçi Nabatəli Qulamoğlu bildirir.

Cənab Qulamoğlu əlavə edir ki, bu təklifə qarşı çıxılsa, valideynlər məhkəməyə müraciət edə bilərlər.

Fotonun müəllifi Istək Liseyi
Image caption Istək Liseyi

Qanun nə deyir?

Digər bir təhlilçi Kamran Əsədov hesab edir ki, Azərbaycanda bu təcrübə baş verərsə, ortaya çıxacaq yeganə problem "pulların mənbəyi məsələsi" olacaq:

"Valideynlər bu pulları hardan əldə ediblər və qazanılmış pullar necə xərclənəcək? Əsas sual budur. Pulların mənbəyi məsələsi həll olunsa, hesab edirəm ki, ciddi problem olmaz".

Təhlilçi həmçinin təklif edir ki, "Bütün xidmətlərin şəffaf həyata keçirilməsi üçün elektron sistem yaradılmalıdır".

Cənab Əsədov bildirir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, "bir neçə şəxs hüquqi şəxs kimi qeydiyyatdan keçərək, şirkət yaradıb, məktəb təsis edə bilər".

O, Amerika və Avropa ölkələrindən misal gətirərək deyir ki, orada valideynlər tərəfindən Himayəçilər Şurası adlı bir qurum yaradılır. Bu zaman yığılan fond məktəbin ehtiyaclarına sərf olunur.

Bu təklif mümkün olmazsa, Kamran Əsədov deyir ki, Azərbaycanda təhsilin icbari olduğu üçün "İstək" liseyinin şagirdləri məcburi şəkildə hansısa məktəbə yerləşdiriləcəklər:

"Buradaki yeganə məsələ onların yerləşdirilməsindəki gecikmələr ola bilər".

Təhlilçilər valideynlərin təklifi müsbət qarşılanarsa, təsis olunacaq məktəbin Azərbaycanda bir ilk olacağını vurğulayırlar.

"İstək" liseyinin tarixçəsi

Saytda liseyin yaranma tarixi 2014-cü il götürülsə də, onun 2014 -cü ilin əvvəlinə qədər Azərbaycanda fəaliyyət göstərən və ABŞ-da yaşayan din xadimi Fethullah Gülen məktəbləri kimi tanınan "Çağ" Öyrətim Liseylər şəbəkəsinin bazasında yaradıldığı bildirilir.

2014-cü ilin martında "Çağ" Öyrətim Liseylər şəbəkəsi SOCAR-ın nəzdindəki Beynəlxalq Təhsil Mərkəzinə keçmişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov Azadlıq radiosuna verdiyi müsahibəsində bildirmişdi ki, türk məktəblərinin təsisçisi onlara müraciət edib və Beynəlxalq Təhsil Mərkəzinin tərkibində təmsil olunmaq istəyib.

Amma iyun ayının 18-də SOCAR "əlavə maliyyə xərclərini azaltmaq üçün" həmin məktəblərin bağlanmasına qərar verib. Bu isə valideynlərin narazılığına səbəb olmuş və ölkə prezidentinə müraciət etmişdilər. Bundan sonra isə liseylər Zərifə Əliyeva adına liseyə daxil edilərək "Eksperimental pilot sinifləri" adlanmışdı.

Bir müddət sonra isə pilot məktəblərin nəzdində "İstək" liseyi yaradılmışdı.

"Çağ" Öyrətim Liseylər şəbəkəsinin bağlanma səbəbləri isə Fətullah Gülenle Türkiyə prezidenti arasında münasibətlərin pozulmasından qaynaqlanmışdı.

2014-cü ilin əvvəlində Türkiyədə parlament "Gülen məktəbləri"ni 2015-ci il sentyabrın 1-dək bağlanmasına dair qərar qəbul etmişdi.

2016-ci ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra isə Gülen hərəkatına məxsus olduğu iddia edilən Qafqaz Universiteti də bağlanıb. Hazırda onun nəzdində Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir.

Türkiyə hökuməti 15 iyul çevrilişinə cəhdin arxasında hazırda ABŞ-da yaşayan Fethullah Gülenin dayandığını bildirir və onun ekstradisiya olunmasını ABŞ-dan tələb edir.

Gülensə bu ittihamları rədd edir. Həmin çevriliş cəhdindən sonra Türkiyədə minlərlə adam həbs olunub, yaxud işdən çıxarılıb.

"İstək" liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsi olub. Bakıda və bölgələrdə 12 lisey ilə fəaliyyət göstərib.

Liseyin saytında verilən məlumata görə, ali məktəblərə qəbul göstəricisi 99 faiz, xarici universitetlərə qəbul 68 faiz olub.

Şagirdlər respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr göstəriblər, liseyin saytında vurğulanır.

Bu barədə daha geniş