Azərbaycanda daha iki sayta giriş məhdudlaşdırıldı

Kompüter Fotonun müəllifi Getty Images

Çərşənbə günü bir neçə xəbər saytına Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Bloklanmış saytlardan biri - Xural.com saytının baş redaktoru Əvəz Zeynallı BBC News Azərbaycancaya deyib ki, ona məhkəmədən qabaq xəbərdarlıq edilməyib:

"Mənə heç bir xəbərdarlıq məktubu göndərilməyib. Həmin məktubla burada - məhkəmədə tanış olmuşam. Heç bir vəsatətimizi qəbul etmədilər və heç bir sualımıza cavab vermədilər. Hiss olunur ki, dəqiq tapşırıq verilib ki, bu gün məsələni bitirin".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi BBC News Azərbaycancanın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, xəbərdarlıq olunub-olunmamasıyla bağlı qurum yaxın zamanda şərh verəcək.

Fotonun müəllifi Xural.com
Image caption Əvəz Zeynallı

Əvəz Zeynallı bildirib ki, "saytın bloklanması haqda qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında çıxarıb".

Nazirin iddia ərizəsində deyilir ki, məhdudlaşdırılma müraciəti xural.com saytında yayımlanmış dörd yazıya görə istənilib.

Eyni gündə daha bir xəbər saytı - arqument.az saytının da Azərbaycan ərazisində bloklanması haqqında məhkəmə hökmü çıxarılıb. Saytın baş redaktoru Şəmşad Ağayev BBC News Azərbaycancaya deyib ki, onların saytına da məhdudiyyət qərarı nazir Ramin Quluzadənin iddia ərizəsi əsasında verilib.

Ərizədə bildirilib ki, "www.arqument.az" internet informasiya ehtiyatında dərc olunan iki məqalədə "böhtan, yalan və qərəzli ifadələrə yol verilib".

Fotonun müəllifi Şəmşad Ağayev
Image caption Şəmşad Ağayev

Şəmşad Ağayev deyir ki, nazirlik onlara bir gün əvvəl elektron xəbərdarlıq göndərib.

Xəbərdarlıqda deyilib ki, "Kütləvi informasiya vasitələri" haqqında qanuna əsasən, böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

"Bu səbəbdən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar "www.arqument.az" internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır", məktubda bildirilib.

Şəmşad Ağayev iddia edir ki, saytın bağlanmasına səbəb orada gedən yazılar deyil, "bir müddət əvvəl nazir Ramin Quluzadəni tənqid etdiyi köşə yazısıdır".

O saytın artıq Azərbaycan ərazisində bloklandığın bildirib.

Bundan əvvəl 2017-ci ildə Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və "Azərbaycan saatı" proqramının internet səhifələrinə Azərbaycan ərazisində giriş məhdudlaşdırılmışdı.

Avqustun 1-i axşam saatlarından APA Holdinqə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb. Holdinqin rəhbəri bildirib ki, müəyyən problemlər yaranıb və hazırda araşdırma gedir. Bundan öncə isə APA Holdinq Prezident İlham Əliyevin sözlərini təhrif etdiyini etiraf edərək üzr istəyib.

Bu barədə daha geniş