İlham Əliyevlə Angela Merkel iqtisadi əlaqələr, insan hüquqları və Qarabağı müzakirə ediblər

Almaniya Kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşüb Fotonun müəllifi STR/ Getty Images
Image caption Almaniya Kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşüb

Şənbə günü Almaniya Kansleri Angela Merkel Azərbaycana səfərində prezident İlham Əliyev və vətəndaş cəmiyyəti üzvlərilə də görüşüb.

Prezident Əliyev onu və Almaniya nümayəndə heyətini salamlayaraq xanım Merkelin səfərinin Azərbaycan-Almaniya əlaqələrinə "yeni təkan" verəcəyindən əmin olduğunu deyib, prezidentin rəsmi saytı bildirir.

Öz növbəsində, xanım Merkel Azərbaycana ilk səfərini həyata keçirməkdən şad olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsilə yanaşı "insan hüquqları və humanitar vəziyyət" kimi "kritik məqamlara" da toxunacağını qeyd edib.

Xanım Merkel Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istədiyini və "regiona çox mane olan" bu məsələni də müzakirə edəcəyini bildirib.

Almaniya Kansleri Angela Merkel-in Qafqaza səfəri avqustun 23-ü Gürcüstana gəlişi ilə başlayıb. Cümə günü isə, o, Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

"Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır", Angela Merkel bəyan edib.

O, Almaniyanın Azərbaycanla iqtisadi əlaqələrinin və "həm də mədəniyyət sahəsində" də əlaqələrin genişləndirilməsinə potensial olduğunu bəyan edib.

"Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir", xanım Merkel qeyd edib.

Almaniya kansleri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istədiyini deyib.

Görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib və Angela Merkel Şəhidlər Xiyabanını ziyarət edib.

Xanım Merkel həmçinin insan hüquqları müdafiəçiləri və digər cətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb.

Fotonun müəllifi President.az
Image caption Görüşdən sonra Angela Merkel və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər

Prezident İlham Əliyev xanım Merkelin səfərinə "böyük əhəmiyyət" verdiyini vurğulayıb.

"Biz sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir", cənab Əliyev deyib.

O, görüşdə ikitərəfli əlaqələrin, o cümlədən siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlərin müzakirə ediləcəyini bildirib.

Fotonun müəllifi Karen Minasyan/ Getty Images
Image caption Qafqaz ölkələrinə səfərdə olan Almaniya kansleri Angela Merkel (sağda) cümə günü Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşüb (solda)

Müzakirələr və çağırışlar

Kansler Angela Merkelin Azərbaycana səfərindən əvvəl onun səfərinin əsas məqsədi ətraflı müzakirələrə səbəb olub.

Digər tərəfdən isə, Azərbaycanın hüquq müdafiəçiləri, yerli və beynəlxalq insan haqları təşkilatları xanım Merkeli prezident Əliyevlə söhbətlərində insan haqları narahatlıqlarına toxunmağa çağırıblar.

Səfərin məqsədi "Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığının inkişafıdır", Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib.

Almaniya XİN-i isə xanım Merkelin insan haqları məsələlərinə toxunacağını ehtimal etdiyini deyib.

Lakin Almaniya hökumətinin sözçüsü Qərb mediasında Merkelin səfərindən əsas məqsədin Avropa üçün Rusiyaya alternativ enerji mənbələrini genişləndirmək olduğu barədə iddialara münasibətini BBC News Azərbaycancaya bildirməyib.

Almaniya XİN-i Almaniyanın "dünya boyu insan haqlarına, xüsusilə də jurnalistlərin öz işlərini azad və manesiz görməsinin" tərəfdarı olduğunu qeyd edib.

Almaniya hökumətinin sözçüsü, cənab Steffen Seibert BBC News Azərbaycancaya açıqlamasında bildirib ki, "mən görüşdəki söhbəti proqnozlaşdırmadan qeyd etmək istəyirəm ki, insan haqları məsələsi və vətəndaş cəmiyyəti və azad media mühiti kanslerin bir çox səfərlərində olduğu kimi, Azərbaycanda da öz rolunu oynayacaq".

Enerji layihələri

Bir çox Qərb mediasında Angela Merkel-in Azərbaycana səfərinin arxasında əsas məqsədin Almaniyanın Avropanın enerji mənbələrinin diversifikasiyası olduğu iddia edilib.

Bu xəbərlərdə qeyd olunur ki, Rusiyanın Avropaya yeni Nord Stream 2 qaz kəmərinin tikilməsi Avropa Birliyinin Rusiyadan asılılığını artıracağına görə, Azərbaycanın idarə etdiyi Cənub Qaz Dəhlizi böyük əhəmiyyət daşıyır.

2018-ci ilin ilk yarısında Almaniya istifadə etdiyi qazın 39 faizini Rusiyadan alıb, Almaniya hakimiyyəti bildirib.

Nord Stream 2 daxil olmaqla, Rusiyanın Avropaya çəkdiyi qaz kəmərlərinin həcmi 110 milyard kub metrdir. Cənub Qaz Dəhlizi isə 2020-ci ildə tamamlananda, həcminin 16 milyard kubmetr olması nəzərdə tutulub.

Qərb mediası Almaniyanın Cənub Qaz Dəhlizinə regiondaki digər ölkələri də cəlb etməyi arzuladığını iddia edib.

Lakin bu barədə BBC News Azərbaycancanın sualına cavabında Almaniya hökumətinin adının açıqlanmasını istəməyən sözçüsü deyib ki, "biz kansler Merkelin Azərbaycandakı danışıqlarda nə müzakirə edəcəyini ehtimal edə bilmərik".

Azərbaycana gələ bilməyən deputat

Sözçü həmçinin Dağlıq Qarabağa Azərbaycandan icazə almadan səfər edən və hazırda Almaniya parlamentində Cənubi Qafqaz ölkələrilə dostluq qrupunun sədr müavini olan Albert Weiler-in Azərbaycana girişinin Bakı tərəfindən qadağan edilməsini "təəssüfedici" adlandırıb.

Fotonun müəllifi Anadolu Agency/ Getty Images
Image caption Almaniya hökumətinin sözçüsü Steffen Seibert, Albert Weiler-in Azərbaycanın arzuolunmaz şəxslər siyahısında olmasını "təəssüfedici" adlandırıb.

O, Azərbaycanın qərarının "Qarabağ münaqişəsi üzrə dialoqun yaradılmasına xidmət" etmədiyini və Angela Merkelin bu məsələni prezident İlham Əliyevlə müzakirə edəcəyini deyib.

Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev isə Albert Weiler-in 2014-cü ildən arzuolunmaz şəxslər siyahısına daxil edildiyini və bu məsələnini cənab Weiler-in Azərbaycana üzrxahlıq məktubu ilə müraciət etdiyi təqdirdə həll olunmasının mümkün olduğunu qeyd edib.

"Amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb", o, vurğulayıb.

Fotonun müəllifi RASUL JAFAROV
Image caption Rəsul Cəfərov Angela Merkelin insan haqları barədə Azərbaycana çağırışlar yönəltməsini arzu etdiyini bildirib

İnsan haqları

Hüquq müdafiəçisi Rəsul Cəfərov Almaniya kanslerinin səfəri ərəfəsində "geopolitik və ya iqtisadi konvensiya məsələləri ilə yanaşı, insan haqları və demokratiya məsələləri"ni də müzakirə etməsinin mühüm olduğunu bildirib.

"Almaniya, eləcə də Avropa Birliyi Azərbaycanda insan haqları məsələsinə ciddi yanaşmalı, bu sahədə irəliləyişlərin olmamasının münasibətlərin formatına təsir edə biləcəyi ehtimalını açıq şəkildə bildirməlidir", o, əlavə edib.

Cənab Cəfərov Almaniyanın Avropa Şurasının (AŞ) aparıcı üzvü olduğunu qeyd edərək, vurğulayıb ki, Angela Merkel Azərbaycana, "götürdüyü öhdəliklər və məsuliyyətləri xatırladaraq" insan haqları məsələsinə dair çağırışlar etməlidir.

Angela Merkelin Bakı səfəri ərəfəsində insan haqları ilə bağlı məsələlərə toxunacağını deyən hüquq müdafiəçisi Rəsul Cəfərov 2016-cı ildə İlham Əliyevin Almaniyaya səfəri zamanı bu məsələlərin qabardıldığını xatırladıb.

"Ola bilməz ki, insan haqları məsələsinə heç toxunulmasın. 2016-cı ildə İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkellə görüşdə vətəndaş cəmiyyətilə bağlı məsələlər, o cümlədən, Alman fondlarının Bakıda fəaliyyətinin qadağan edilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası kontekstində İlqar Məmmədovun işi var idi və bu məsələlərə toxunulmuşdu."

Fotonun müəllifi Avropa Şurası
Image caption Rəsul Cəfərov xatırladıb ki, İlqar Məmmədov azadlığa buraxılmasına baxmayaraq, Azərbaycan AİHM-ın ona dair hökmlərini hələ də icra etməyib.

O, İlqar Məmmədovun azadlığa buraxılması ilə bu məsələnin həllini tapmış görünməsinə baxmayaraq, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarının tam icra olunmadığını xatırladıb.

Nümunə olaraq cənab Cəfərov "həbsdə olan siyasi məhbusların Avropa məhkəməsindəki işlərinin icrası ilə bağlı çağırışlar"ın edilə biləcəyini qeyd edib.

O hazırda Azərbaycanda 100-dən artıq siyasi məhbusun mövcud olduğunu idda edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına nümayəndə heyətinin sədri Səməd Seyidov, İlqar Məmmədovun azadlığa buraxılması ilə Azərbaycanın AŞPA-dakı problemlərinin "həll" olduğunu deyib.

Lakin Avropalı təşkilatları və liderləri Azərbaycanın hələ də AİHM-ın İlqar Məmmədova dair hökmlərini icra etmədiyini qeyd ediblər.

"Azərbaycanın Almaniyaya töhfəsi siyasi qaçqınlardır"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Almaniya-Azərbaycan iqtisadi əlaqələri deyəndə, "bu ortabab adamların Almaniyanın işlənmiş maşınları, varlıların isə Almaniyanın təzə avtomobillərini alması ilə assosiasiya olunur".

"Mənim bildiyim iki amil var. Birincisi, uzun müddət Sumqayıtda Siemens şirkəti elektrik stansiyası tikib, digər bir qazma şirkəti isə Azəri-Çiraq-Günəşli yatağında qazmaçı olub. Yaddaqalan başqa bir şey xatırlamıram mən."

"Reallıqdan danışmaq lazımdır. Azərbaycanın Almaniyaya töhfəsi siyasi qaçqınlardır. Hə, iki ölkə arasındakı digər bir əlaqə də, Azərbaycanda varlıların burnu belə qanasa üz tutacaqları yerin Almaniyanın klinikalarının olmasıdır".

Image caption AXCP sədri Əli Kərimli Angela Merkelin Azərbaycana səfərini müsbət hal olaraq qiymətləndirdiyini qeyd edib.

"Böyük gözləntilər yaratmağın tərəfdarı deyiləm"

"Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinin müzakirələrinin başladığı bir vaxtda şübhəsiz ki, Avropa liderlərinin regiona, həm də Azərbaycana gəlişi müsbət haldır", - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli belə deyib.

Cənab Kərimlinin sözlərinə görə, "bu səfər Azərbaycanın Almaniya ilə ikitərəfli, bütovlükdə isə Avropa ilə əlaqələrinə müsbət təsir göstərə bilər".

Partiya sədri hesab edir ki, Merkelin Bakı səfərinin ətrafında böyük gözləntilər yaratmaq lazım deyil.

"Sosial şəbəkələrdə fəalların Merkelin Bakı səfəri ətrafında yaratdıqları yüksək gözləntilər doğru deyil. Bu insanlarda əlavə məyusluq yarada bilər. Merkel hökuməti ölkəmizin problemlərinin hamısını bilir. Elə bir ay əvvəl bu ölkənin üzv olduğu Avropa Birliyi Parlamenti Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. İki il əvvəl Almaniya Bundestaqı Azərbaycandakı vəziyyətlə bağlı sərt qətnamə qəbul edib. Həmin qətnamələrdə Azərbaycandakı bütün siyasi məhbusların azad olunması tələb olunub. Ölkədə demokratik islahatlara, mətbuat azadlığına çağırış sərbəst toplaşma azadlığına birləşmək azadlığına hörmət qoyulması tələb olunub".

Sözügedən məsələlərin hansı səviyyədə müzakirəsinə nail ola biləcəklərinə gəlincə isə cənab Kərimli deyib ki, "bu konkret olaraq situasiyadan və real münasibətlərin səviyyəsindən asılıdır".

"Avropa liderləri Azərbaycan hakimiyyətilə hər görüşdə demokratiya, insan haqları, siyasi məhbusların taleyi, demokratik seçkilərin zərurətilə bağlı məsələləri artıq açıq şəkildə, mətbuat önündə müzakirə etməlidirlər", o əlavə edib.

Image caption Müsavat Partiyasının başqanı Arif Hacılı Angela Merkel-ə məktub unvanladığını bildirib.

"Müsavat" Partiyasının başqanı Arif Hacılı hesab edir ki, "Merkelin Bakıya səfəri "Azərbaycanın Rusiyanın təsir dairəsinə verilməsi" kimi ciddi şəkildə yayılan və təbliğ edilən bir məlumatın yanlış olduğunu göstərir.

"Angela Merkelin Azərbaycana gəlişi ərəfəsində müəyyən mətbuat orqanlarının, bağlanmış saytların açılması, İlqar Məmmədovun azadlığa buraxılması və digər amillər də göstərir ki, bu səfər Azərbaycana yalnız müsbət təsir edə bilər".

Partiya başqanı iki gün əvvəl öz adından Almaniyanın Bakıdakı səfirliyinə məktub təqdim etdiyini deyib.

"İnanıram ki, məktubum Almaniya Kanslerinə təqdim olunacaq. Məktubda Azərbaycanın problemləri və bu problemlərin həlli üçün Almaniya kimi ciddi bir dövlətin rəhbəri olaraq onun fəaliyyətinin nə cür olmasını görmək istədiyimi yazmışam. Həm də ona müraciət etmişəm ki, digər dövlətlər də Azərbaycanda azad demokratik hüquqi dövlətin qurulması işi ilə əlaqədar səylərini artırsınlar, yardımlarını əsirgəməsinlər."

Image caption Araşdırmaçı-jurnalist Xədicə İsmayıl, Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratik Birliyinin üzvlərinin Azərbaycanla bağlı rüşvət qalmaqalında oynadıqları rolu xatırladıb.

"Partiyasının deputatları Laundromat skandallarına qarışmış Kansler..."

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın sözlərinə görə, "fəaliyyət imkanları olduqca məhdudlaşdırılmış" bir jurnalist olaraq ümid edir ki, Merkel İlham Əliyevlə görüşdə "Almaniyanın tərəfdaşı olmaq istəyən bir ölkənin mətbuatı azad olmalıdır" mesajını verəcək.

"Avropa Birliyindən meqalayihələrə yardım, kredit istəyən ölkədə korrupsiyanın olmaması üçün gərək azad mətbuatı və vətəndaş cəmiyyəti olsun" - jurnalist belə deyib.

Xanım İsmayıl deyib ki, "Kansler bizim prezidentimizə modern dünyaya inteqrasiyanın yolunun bundan keçdiyini, Almaniya kimi ölkələri partnyor görmək istəyirsə, o zaman həmin ölkələrdə hökm sürən qaydaları da öyrənmək lazımdır" deməlidir.

Jurnalist hesab edir ki, ölkəsində "siyasi məhbus olan şəxs özünü Avropanın tərəfdaşı hesab etməməlidir".

"Merkelin gəlişilə bağlı çox ümidli deyiləm, çünki siyasi korrupsiya ilə araşdırmalar etmiş jurnalist kimi bilirəm ki, Avropa siyasətçiləri Azərbaycan hökuməti tərəfindən müxtəlif yollarla necə susdurulurlar".

Merkelin partiyasından olan deputatların "Laundromat" qalmaqalına qarışmasını xatırladan Xədicə İsmayıl "belə hadisələrin qarşısının alınması üçün xanım Merkelin əlindən gələni edəcəyinə ümid etdiyini" deyib.

O, Azərbaycanı "azad mətbuatı olmayan" ölkə olduğunu deyərək, Azərbaycanda "azad mətbuatın fəaliyyəti üçün" imkanların yaradılmadığını iddia edib.

"Bura isə həm də jurnalistlərin həbsi ilə bağlı məsələlər daxildir. Mən ölkədə səfər qadağası ilə üzləşən yeganə jurnalist deyiləm. Bu isə ölkəni sovet keçmişinə qaytarmaq cəhdidir. Berlin divarını sökən ölkə olaraq, Almaniyanın Azərbaycana bu barədə deyiləsi sözü olmalıdır", jurnalist vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev yanvar ayında Davosda Dünya İqtisadi Forumunda iştirak edərkən bir suala cavabında qeyd ki, "Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır".

"İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır", cənab Əliyev deyib.

Bu barədə daha geniş