Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir?

Gəncənin yeni icra hakimiyyəti başçısı Niyazi Bayramov

Şəklin mənbəyi, Mingəçevir IH

Şəklin alt yazısı,

Gəncənin yeni icra hakimiyyəti başçısı Niyazi Bayramov

Son Gəncə hadisələrindən sonra ölkənin ikinci şəhərinə icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilən Niyazi Bayramov kimdir?

Niyazi Bayramov 1956-cı ildə Bakıda anadan olub. O, ixtisasca hüquqşünasdır.

Mingəçevir icra hakimiyyətinin saytında onun əmək fəaliyyətinə 1973-cü ildə, Bakıda Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başladığı göstərilir.

Niyazi Bayramov həm də vəkillik edib: 1980-1986-cı illərdə 4 saylı hüquq məsləhətxanasında işləyib.

Vəkillikdən sonra Niyazi Bayramov idarəetmə orqanlarında çalışıb, müxtəlif rayon icra hakimiyyətlərində şöbə müdiri, icra hakimiyyəti başçısının müavini olub.

O, 10 ildən çox Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyib.

2012-ci ildən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Gəncə Niyazi Bayramov üçün yeni deyil, o, bir müddət Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi olub.

Mingəçevir icra hakimiyyətinin saytında onun Qarabağ müharibəsi iştirakçısı və iki övladının olduğu yazılır.

Bu gün prezident sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad edilib.

İlham Əliyev digər bir sərəncamla Niyazi Bayramovu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı,

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev iyulun 3-cü silahlı hücuma məruz qalmışdı.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və mühafizəçisi ağır yaralanıblar.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.