"Azərenerji"nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad edilib

Etibar Pirverdiyev Fotonun müəllifi Azertag

Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi vəzifəsindən azad edib.

Onun yerinə Baba Hüseynağa oğlu Rzayev (Balababa Rzayev) "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

İlham Əliyev bu barədə sərəncamı çərşənbə axşamı imzalayıb.

Azərtac dövlət agentliyi cənab Pirverdiyevin işdən çıxarılmasını iyul ayında ölkənin bir hissəsinin işıqsız qalmasına gətirib çıxaran Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza ilə əlaqələndirib.

Məlumatda deyilir ki, qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının rəyində, baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Agentlik yazır ki, prezident Əliyev Dövlət Komissiyasının yekun rəyi ilə tanış olmuş və işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etmişdir.

İyul ayının 2-də Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza nəticəsində ölkənin bir çox yerində işıqlar keçmiş, enerji böhranı yaranmışdı.

"Azərenerji"nin sözçüsü Yəhya Babanlı BBC News Azərbaycancaya açıqlamasında Mingəçevir İES-dəki bloklardan birində baş vermis qəzanın "yayın çox isti keçməsi və nəticədə kondisionerlərdən çox istifadə olunması" ilə əlaqəli olduğunu bildirmişdi.

İki gün davam edən enerji böhranından sonra İlham Əliyev, iyulun 4-də keçirdiyi müşavirədə bu səbəbi qəbul etməmiş və bildirmişdi ki, "ölkənin enerji sektoruna yüksək məbləğdə investisiya qoyulub" və "isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz".

Müşavirədə İlham Əliyev "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi məzəmmət etmişdi. "Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz", İlham Əliyev belə demişdi.

Fotonun müəllifi AZERTAG
Image caption Prezident enerji böhranı ilə bağlı keçirdiyi müşavirədə bildirib ki, bir qəza ölkənin "enerji sektorunu çökdürməməliydi"

Ölkənin baş prokuror Zakir Qaralov da baş vermis böhranla bağlı prezidentin müşavirəsindəki çıxışında bildirmişdi ki, "son üç ildə "Azərenerji"yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qurum bu barədə tədbirlər görməyib.

Zakir Qaralov bildirmişdi ki, məsələni araşdırmaq üçün komissiya yaradılıb, yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.

Fotonun müəllifi APA

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC News Azərbaycancaya bildirib ki, "iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

"Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun elə iyul ayında, qəzadan dərhal sonra birgə yaydığı məlumatda da deyildiyi kimi, iş üzrə adıçəkilən nazirliklərin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, istintaq-əməliyyat qrupu tərəfindən də qeyd edilən iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", Eldar Sultanov belə deyib.

Bu barədə daha geniş