"Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsində hərbçi həlak olub

Qırmızı Körpü

Şəklin mənbəyi, AzerTAC

Bazar ertəsi günü Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində hərbi qulluqçu həlak olub.

Dövlət Gömrük və Sərhəd xidmətlərinin birgə məlumatına görə, Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib.

"Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib", məlumatda deyilir.

"İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq", birgə məlumatda vurğulanıb.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində fasilə yaranıb, amma bu, tezliklə aradan qaldırılıb, Gömrük və Sərhəd xidmətləri bildirib.