İlqar Məmmədov: "İlham Əliyevə sualım var..."

İlqar Məmmədov vəkilləri Fuad Ağayev (sağda) və Xalid Bağırov (solda)
REAL-ın yenicə azadlığa çıxmış sədri İlqar Məmmədov keçirdiyi mətbuat konfransında azadlığı üçün ilk öncə media nümayəndələrinə təşəkkür elədi. Amma onun təşəkkür ünvanları bununla bitmirdi: vəkilləri, REAL-çılar və onu dəstəkləyən digərlərinin də "sağ ol" payı var.
Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılmış İlqar Məmmədov iki saatdan çox çəkən mətbuat konfransına vəkilləri, REAL-ın İdarə Heyətinin üzvləri ilə gəlmişdi.
"Adam 5 il həbsdə yatıb, danışmaq istəyir", bunu İlqar Məmmədovun silahdaşlarından biri jurnalistlərlə söhbətində mətbuat konfrasının uzun çəkəcəcəyinə işarə edərək yarızarafat, yarıgerçək deyir.
REAL sədrinə verilən yeddi illik həbs cəzasının 5 il yarımını həbsxanada keçirən İlqar Məmmədov təklif edir ki, həbsinin səbəbləri, həbsxanadakı şərait kimi məsələlərlə bağlı indi danışsınlar və "bu səhifəni çevirsinlər".
İlqar Məmmədov həbsxana həyatının statistikasını açıqlayır: 8 həbsxanada olub, işinə 19 hakim baxıb və onun təbirincə, qanunsuz qərar çıxarıb. Həbsxanada son iki il yarım vəkilləri ilə məlumat mübadiləsində problem yaşayıb.
İlqar Məmmədov həbsdə olarkən onun əfv ərizəsini yazmağını istəyiblər, amma o, bundan imtina edib, siyasətçi iddia edir. Detallara varmaq istəməyən REAL sədri bunu hüquq müdafiəçiləri ilə müzakirə edəcəyini söyləyir.
Natiq Cəfərli və İlqar Məmmədov
İlqar Məmmədovun "3 hissəyə böldüyü" mətbuat konfrasının "ikinci hissəsində" fonda ölkə iqtisadiyyatını əks etdirən rəqəmlər var. Az sonra bu rəqəmlərin "sirri" bəlli olur.
"Mən tutulanda, 2013-cü ildə Azərbaycan iqtisadiyyatınıda adambaşına düşən ÜDM-un səviyyəsinə baxın, 2017-ci ilin rəqəmlərinə baxın, büdcə xərclərinə, orta aylıq əmək haqqına baxın, hamısında kəskin azalma var. İlham Əliyevə sualım var: Məni buna görəmi həbs etmişdiz? Mən həbs olunanda Azərbaycanın göstəriciləri qat-qat yüksək idi. Məni həbs eləyib Azərbaycanı ağ günəmi çıxardınız?"
İlqar Məmmədov deyir ki, onun bu "ritorik sualı" təkcə özü ilə bağlı deyil, 2013-cü ildən sonra hökumətin azad mediaya, siaysi fəallara təqibinə yönəlib: "Hökumət sus deyirdi, hər kəsin susmasını istəyirdi" deyə əlavə edir ki, "bu susdurmağın ağır nəticələri" ölkə iqtisadiyyatının geriləməsində özünü göstərir.
REAL sədri hesab edir ki, erkən prezident seçkisi "çox bərbad şəkildə" keçirilib və bunu düzəltmək üçün parlament seçkiləri daha azad və demokratik keçirilməlidir. O, hər hansı boykot qərarını istisna edir, deyir ki, onun həbsinin "bir nömrəli səbəbi" 2013-cü ildə prezident seçkisinə qatılmaq istəyi olub.
Hər hansı təhdid, təzyiqin onu yolundan döndərmədiyini deyən İlqar Məmmədov istənilən siyasi seçkiyə qatılacaqlarını, hətta REAL-ın ikinci qurultayına qədər "hökumət ola biləcəklərini" söyləyir.
İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunmuşdu.
İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham edilmişdi.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum olunmuşdu.
İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlamışdı.
2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilmişdi.
Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırmışdı.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.
Hakimiyyət İlqar Məmmədovun siyasi fəaliyyətinə görə həbs olunduğu iddialarını rədd edərək onun konkret cinayət hallarına görə tutulduğunu bildirir.
Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib kli, Azərbaycan demokratik dəyərlərə sadiqdir və ölkədə bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir.