"Güzəştli mənzillərin" hamısı seçildi: etiraz edənlər var

Çərşənbə günü "güzəştli mənzil" seçməyə çalışan, lakin buna müvəffəq olmayan onlarla şəxs Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) binası qarşısında öz etirazlarını bildiriblər.

Keçmiş hərbçi Saləddin Əzizov BBC News Azərbaycancaya deyib ki, oğlu kompüter üzrə mütəxəssisdir və o, mənzil seçmək üçün hər hazırlığı görüb: "Oğlum dedi ki, ata, heç cür alınmır. Oğlumun 28 yaşı var, evə görə evləndirə bilmirəm".

Bir xanım bildirib ki, satış səhifəsi açılmayıb: "O vaxt açıldı ki, bütün mənzillər satılmışdı".

Sosial şəbəkələrdə də MİDA-nı seçim prosesini "şəffaf aparmamaqda" günahlandırırlar. Etiraz edənlər mənzillərin seçilməsini şübhə altına alırlar, yazırlar ki, sistem yenə də işləməyib.

"O vətəndaşlar ki, mənzil seçimində iştirak edə bilmirlər, onlarda internetin sürətində problem ola bilər və ya imzalayıcı ilə bağlı proqramları öz kompüterlərinə düzgün quraşdırmaya bilərlər", MİDA-nın sözçüsü Diana Dadaşova BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, sistemlə bağlı heç bir problem olmayıb və bütün vətəndaşların mənzil seçimi prosesi şəffaf, bərabər və təhlükəsiz iş rejimində həyata keçirilib.

Bu gün 324 mənzilin satışı prosesinə başlanıb və mənzil seçimi prosesi "uğurla başa çatıb", MİDA rəsmisi bildirib.

"Güzəştli mənzil" nədir?

MİDA-nin "bazar qiymətlərindən ucuz" olduğunu iddia etdiyi "güzəştli mənzillərin" seçimi dövlət portalı vasitəsilə aparılır.

Bu mənzillərə sahib olmaq üçün müəyyən kriteriyalara cavab vermək lazımdır. Agentliyin satışa çıxardığı mənzillərin təxminən qiyməti 1 otaqlı - 30 min, 2 otaqlı - 47 min, 3 otaqlı - 65 min manatdan başlayır.

MİDA "güzəştli mənzillərin" satışını bu gün saat 11-də aparmalı olsa da, sonradan bunu saat 3-ə keçirmişdi. Agentlik bunu, səbəbini izah etmədən satışın vaxtını dəyişməklə izah etmişdi.

Bundan əvvəl, mayın 7-də "güzəştli mənzillər" satışa çıxarılsa da, proses baş tutmamışdı. Həmin vaxt rəsmi açıqlamaya görə, mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmaya görə yüklənmişdi.

Vətəndaşların etirazından sonra BBC News Azərbaycancaya müsahibə verən xanım Dadaşova deyir ki, seçilmiş mənzillərin 70 faizindən çoxu vətəndaşlar tərəfindən imzalanıb.

"İstənilən halda burda rəqabət çox yüksək idi. Vətəndaşlar narahat olmasınlar, növbəti mənzil seçimləri ilə bağlı elanlar veriləcək".

Güzəştli mənzil sistemində 9500-dən çox insan qeydiyyatdan keçib, onlardan 4800-dən çoxu sistemə daxil olub və seçim prosesində iştirak edib, o der.

"Bu dəfə mənzil seçimi edə bilməyən vətəndaşlar növbəti mənzil seçimi proseslərində iştirak edə biləcəklər. Növbəti satış prosesi barədə elanlar satışdan bir ay əvvəl veriləcək", sözçü bildirib.

MİDA bildirib ki, mənzil seçimi prosesi Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, ASAN, Elektron Hökumətin İnkişafı Mərkəzi, Ernst & Young şirkəti tərəfindən canlı olaraq müşahidə edilib.

"Yenə yazdı ki, seçim zamanı xəta baş verdi"

Facebook sosial şəbəkəsində Ruslan Abasov yazır ki, 3 dəfə mənzili seçib, "amma sistem onu əsas səhifəyə atıb". O qeyd edir ki, ikinci dəfə 2 otaqlı seçib: "Yenə yazdı ki, seçim zamanı xəta baş verdi. Sonra da yazdı ki, mənzil başqası tərəfindən seçilib. Əgər seçilmişdisə, niyə axtarışa verəndə o ev çıxdı?"

Aydan Aliyeva Mammadova imzalı bir istifadəçi isə qeyd edir ki, saat 3-də şəxsi kabinet 10 dəqiqə "not found" (tapılmayıb-red.) yazılıb: "10 dəqiqə sonra sistem açıldı, o zaman da 3 otaqlı mənzillərin hamısı satılıb yazır".

İradə Abulova-Kərimova MİDA-nın Facebook səhifəsinə yazıb ki, seçim zamanı 5-ci binada 3 otaqli bir mənzil görünüb: "Nə qədər elədim, amma seçə bilmədim, dondu, nə qədər gözlədim, sonra atdi məni səhifə. Əgər mənzil seçilmisdisə, niyə göründü? Görünən mənzili niyə seçmək olmadi?"

"Bütün mənzillər seçilib"

"İnternet vasitəsilə satışa çıxarılan güzəştli mənzillərin hamısı artıq seçilib", MİDA-nın sözçüsü Diana Dadaşova BBC News Azərbaycancaya deyib.

"Heç bir texniki problem olmadı, ona görə də proses tez başa çatdı. Növbəti mərhələdə mənzilləri seçənlər alqı-satqı etməlidirlər".

"Əgər mənzil seçənlərdən kimsə onu almasa, həmin mənzillər təkrar internetdə satışa çıxarılacaq", o deyib.

İlk texniki çətinlik

Mənzillər ilk dəfə 2018-ci il mayın 7-də satışa çıxarılmışdı. Lakin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmaya görə yüklənmişdi.

Bundan başqa, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranmışdı.

"Güzəştli mənzil" sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdi.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməmişdi.

5 sentyabrdakı mənzil satışı isə"səhər saat 11-dən başlamalı idi, bunu MİDA açıqlamışdı. Saat 11-də sayta girmək istəyən şəxslər "sistemin işləməməsindən" şikayət ediblər.

Saat 12-də MİDA-dan BBC News Azərbaycancaya bildirilmişdi ki, bu dəfə hər hansı "sistem çökməsindən" söhbət getmir, sadəcə, satışın vaxtı dəyişib.

MİDA-nın sözçüsü Diana Dadaşova vaxtın dəyişdirilməsi səbəbləri barədə danışmaq istəməyib, açıqlamanı sonra verəcəklərini bildirib.

Ötən ilin mayında kütləvi daxilolma nəticəsində sistemin yüklənməsi, həmçinin bəzi vətəndaşların elektron imzadan istifadə zamanı texniki çətinliklərlə üzləşməsi kimi problemlərin təkrarlanmaması üçün sistemin dayanıqlığı artırılıb, MİDA sözçüsü deyir.

"Güzəştli mənzil" sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün təhlükəsizlik, gizlilik, proseslərin bütövlüyü, əlçatanlıq və fərdi məlumatların qorunması kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar aparılıb", Diana Dadaşova deyir.

Onun sözlərinə görə, "EY" beynəlxalq audit şirkəti "Güzəştli mənzil" sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı qiymətləndirmə aparıb və sistemin etibarlılığı təsdiqlənib.

5 sentyabr- 5 dekabr seçimi üçün yeni şərtlər

"Satışlar "erkən gələnə erkən xidmət" prinsipi ilə olacaq. Yəni, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxs onu almaq imkanı əldə edəcək", xanım Dadaşova deyib.

Dekabrın 5-nə qədər davam edəcək prosesdə satışa çıxarılan 324 mənzilin 260-ı may ayında satış nəticələri ləğv olunmuş mənzillərdir.

"Güzəştli Mənzil" sistemi layihəsi çərçivəsində tikilən mənzillərin 260-ı Bakıda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşir. Digər 64 mənzil isə eyni ünvanda tikilmiş 5-ci binadadır.

Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə fəaliyyətə başlayıb.

Satışa çıxarılan mənzillərin seçiminin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalında yaradılan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş