Putin kimi sevir? Rusiya prezidentinin bu və digər suallara TV-də cavabı

Vladimir Putin

Şəklin mənbəyi, ДРУЖИНИН АЛЕКСЕЙ/TASS

"Rossiya-1" dövlət kanalı tamamilə Rusiya prezidentinin işinə və asudə vaxtına həsr olunmuş "Moskva. Kreml. Putin" adlı proqramı efirə buraxıb.

İlk buraxılışı sentyabrın 2-də efirə gedən proqramda prezident yaxşı fiziki formasına, gərgin iş cədvəlinə, uşaqlara olan sevgisinə və təqaüd islahatlarını yüngülləşdırməsinə görə təriflənib.

Ekspertlərin sözlərinə görə, bu cür proqramın hazırlanması bir qədər əvvəl Putinin reytinqinin aşağı düşməsiylə izah oluna bilər.

"Rossiya-1" kanalı yeni proqramın anonsunu yalnız premyera ərəfəsində təqdim edib.

"Moskva. Kreml. Putin" proqramının məzmunu, müddəti və hətta aparıcısı barədə ilk buraxılış efirə gedənə qədər heç bir məlumat verilməyib.

Məlum olub ki, yeni format əsasında hər həftə aparıcı Vladimir Solovyev və qonaqları Vladimir Putinin işi və asudə vaxtı barədə danışacaqlar.

İlk buraxılışda studiyanın qonağı olan prezidentin mətbuat katibi Dmitriy Peskov proqramı dövlət başçısının bir həftəsini nümayiş etdirmək cəhdi kimi dəyərləndirib.

Proqramın ilk buraxılışı 4 mövzuya - Putinin Sibirə iş səfərinə, təqaüd ishatlarının yüngülləşdirilməsinə, Soçidəki "Sirius" (Peskov onu prezidentin "balası" adlandırıb) mərkəzinə ziyarətə və Tuvedəki istirahətinə həsr olunub.

BBC-nin Rusca xidməti tamaşacıların yeni proqramdan nə öyrəndiklərini danışır.

Ağır iş cədvəli və Sibirə səfər

"Bu cür cədvələ, bu cür marafona necə tab gətirməyi mən çox da başa düşmürəm ".

"Rusiya prezidenti birinci il deyil prezident səlahiyyətlərini icra edir. Bəlkə də istirahət etmək mümkündür, amma yox! Hər həftə ağır iş rejimi".

"Prezidenti aldada bilməzsən"

Solovyevin qonaqlarından biri, "Rossiya-1" kanalının müxbiri, prezidentin fəaliyyətini işıqlandıran Pavel Zarubin Vladimir Putin haqqında xoş sözlərini əsirgəməyib. Onun Vladimir Solovyevlə söhbəti əsasən "prezidentin ciddi iş rejiminə" həsr olunub.

Zarubin özünün səfərlərin gərgin cədvəlinə çətinliklə davam gətirdiyini aparıcıya etiraf edib. "Proqramın sonunda biz onun bu qədər gözəl formada olması səbəblərini bilmək üçün prezidentin fiziki formasının sirlərini nümayiş etdirəcəyik ", - deyə Solovyev vəd edib.

Şəklin mənbəyi, МЕТЦЕЛЬ МИХАИЛ/TASS

Şəklin alt yazısı,

Sibirə səfəri zamanı Putin Omsk sakinləriylə ünsiyyətdə olub

Proqramda Zarubinin Putinin rusiyalılarla ünsiyyətinə həsr edilmış süjeti nümayiş etdirilib. "Mədən işinin nə qədər təhlükəli və ağır olduğunu Putin öz təcrübəsindən bilir ", - ekranlarda prezidentin mədənə düşməsi barədə köhnə arxiv materialları nümayiş olunan zaman müxbir deyib.

Zarubin əsas diqqəti Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən məmurun Putinin yanında mənzillə bağlı şikayət edən şəxslərin telefonlarını yazması epizoduna yönəldib.

Prezident özü isə bir az ləngiyərək məmurun bütün nömrələri yazıb-yazmadığına nəzarət edib.

"Əminəm ki, vəd edilən hər şeyin yerinə yetirilməsiylə bağlı zənglər gələcək. Prezidenti aldada bilməzsən", - deyə Solovyev şərh edib.

Zarubin prezidentin Omsk sakinləriylə söhbətinə vaxt ayırıb. "O, insanları yaxşı hiss etmək və insanları nəyin narahat etdiyini anlamaq üçün onlarla həmişə ünsiyyət yaradır ", müxbir izah edib.

Prezidentin ağır iş cədvəlini Solovyev Peskovla da müzakirə edib

"Prezident dərhal dəyişən vəziyyətə reaksiya verir", - deyə mətbuat katibi hesabat verib.

Peskov Putinin cədvəlinə təsir göstərən iki faciəvi hadisəni - müğənni və deputat İosif Kobzonun vəfatını və özünü müstəqil elan edən Donetsk Xalq Respublikasının başçısı, onun cəsarətli adam adlandırdığı Aleksandr Zaxarçenkonun ölümünü xatırlayıb.

Aparıcı mətbuat katibindən prezidentin belə hadisələri çətin qəbul edib-etməməsiylə maraqlanıb.

"O, emosiyalarına yaxşı hakim olur. Onun məhz nəyi necə qəbul etdiyini həmişə başa düşmək mümkün deyil ", - deyə cavab verən Peskov eyni zamanda bu cür xəbərlərə Putinin ürək ağrısıyla reaksiya verdiyini də əlavə edib.

"Prezidentin gələn həftəsi kifayət qədər aktiv, ciddi görüşlər və uzun uçuşlarla müşahidə olunacaq ", Solovyov vəd edib.

Təqaüd islahatlarının yüngülləşdirilməsi

"Prezident yarım saat ərzində problemin mahiyyətini izah edib ".

"Prezident siyasi riskləri öz üzərinə götürüb ".

"Yarım saat ərzində bütün ağrılı mövzulara toxunulub ".

Proqramda həftənin sitatı Vladimir Putinin təqaüd islahatlarının yüngülləşdirilməsinə həsr olunmuş çıxışındakı sözlərdən adlandırılıb və yenidən göstərilib.

Baxmayaraq ki, bəzi KİV-lər Putinin bu bəyanatının əvvəlcədən hazırlandığını yazırlar, Peskov əmin edib ki, qərar anidən qəbul olunub. "O elan etdi (müraciət barədə), biz isə səhər artıq müraciəti yaydıq".

Prezidentin sözlərini müzakirə etmək üçün Dövlət Dumasının büdcə və vergi üzrə komitəsinin başçısı Andrey Makarov da gəlib. "Niyə prezident indi bu qədər kəskin addım atdı, çünki istəsəydi prezidentlik müddəti bitənə qədər bir şey etməyə bilərdi?" Solovyev sual edib.

"Prezident hətta dedi ki, hakimiyyət üçün ən sadəsi heç nə etməməkdir. Lakin bu gələcək nəsil qarşısında məsuliyyətdir", Makarov ciddi cavab verib.

Makarov izah edib ki, prezident hər kəsin fikrini söyləməsini gözləyib. Putin iki aydan artıq bir müddətdə təqaüd islahatlarını ətraflı şərh etməyib. "Prezidentin yarım saatlıq çıxışı və bütün ağrılı mövzulara toxunulur ", deputat Putini tərifləyib.

"Bu, xüsusilə günlərə bölünəndə daha inandırıcıdır ", prezidentin təqaüd yaşının artırılmasından başqa digər variantların olmaması barədə sözlərini şərh edən Solovyev belə deyib. O, Putinin siyasi riskləri öz üzərinə götürməkdən qorxmadığını da əlavə edib.

Müxalifətdə olan siyasətçilərin təqaüd yaşının artırılması və buna qarşı etiraz aksiyalarının keçirilməsi barədə Solovyov və Makarov danışmamaq barədə razılığa gəliblər. Prezident müxalifətin təqaüd mövzusundan istifadə etməyə cəhd edəcəyini əvvəlcədən bilirdi, aparıcı xatırladıb.

"Volod, gəl bu mövzunu kənara qoyaq və prezidentin dedikləriylə söhbətimizi məhdudlaşdıraq ", - deyə təklif edən Makarov Putinin etiraz aksiyası - demokarik cəmiyyətin dəyəridir sözlərinə istinad edib.

"Sirius" və uşaqlar

"Putinin uşaqları necə sevdiyi görünür".

"O, uşaqları sevir. O, insan adamdır".

Proqramın daha bir mövzusu Putinin Soçidəki "Sirius" təhsil mərkəzinə ziyarəti olub. "Ordakı uşaqların və müəllimlərin gözlərinin necə qaynadığı görünürdü. Xüsusi yerdir ", Zarubin mərkəzi Solovyevə tərifləyib. Reportaj zamanı o, bir neçə dəfə mərkəzin prezidentin şəxsi layihəsi olduğunu qeyd edib.

Soçidəki "Sirius" təhsil mərkəzi Putinin təşəbbüsü ilə 2014-cü ildə olimpiya infrastrukturu əsasında yaradılıb. "Bacarıq və uğur" fondu tərəfindən yaradılan mərkəzin təsisçisi prezidentin dostu, violonçel Sergey Rolduqindir.

Fondun direktoru 2018-ci ildə Putinin seçki qərargahının həmsədri olan Yelena Şmelevadır.

"Mərkəzin yaradılması barədə qərarı Olimpiadadan sonra şəxsən Putin özü qəbul edib. Məmurların şübhələri az deyildi, hokkeyçilər riyaziyyatçıları incidəcəkdilər.

Soçi mehmanxanasının sahibi isə uşaqlara bu cür otelin niyə lazım olduğunu anlaya bilmirdi və onları üç ulduzlu otelin də bəs edəcəyinə inandırmağa çalışırdı", Zarubin "Sirius"un necə yarandığını xatırladıb.

"Hətta Putinin sayəsində mərkəzin binasının köhnə sahibi, iş adamı Viktor Vekselberq də uşaqları sevməyə başlayıb", Solovyev deyib.

Reportajda prezidentin "Sirius"dakı uşaqlarla görüşü də nümayiş etdirilib.

"Olimpiya məşəllərinin görüntüsü ancaq qələbəyə motivasiya edir", Zarubin deyib.

- "Mənim adım Vladimir Petrovdur, mən Sankt-Peterburq şəhərindənəm..."

- "Mənim də adım Vladimirdir və mən də Peterburqdanam", Putin yeniyetməyə cavab verib.

- "Mən riyaziyyat üzrə beynəlxalq olimpiadanın qalibiyəm".

- "Təəssüf ki mən yox".

Vladimirin prezidentdən nə öyrənmək istədiyi reportajda göstərilməyib. Lakin kadrlarda onun yanında üzərində "Navalniy 2018" yazılan köynək geyinən yeniyetmənin olduğu görünür.

Şəklin mənbəyi, ДРУЖИНИН АЛЕКСЕЙ/TASS

Şəklin alt yazısı,

Putinin əhatəsində köynəyində "Navalnıy 2018" yazısı olan yeniyetmə olub

"Dojd"a müsahibəsində o, bura belə köynəkdə gəlməsinin "siyasi itaətsizlik aktı" olduğunu deyib. Jurnalist Zarubin diqqəti digər məktəbliyə - fizika üzrə olimpiada qalibinə yönəldib. Onun sözlərinə görə, prezidenti suala tutan şagird sanki jurnalist olmağa hazırlaşır.

Olimpiada qalibinin "Sizi ruhlandıran nədir?" sualına Putin "Ölkənin uğuru" cavabını verib.

"Putin və uşaqlar" mövzusunu Solovyov Peskovla da müzakirə edib.

"Putinin uşaqları necə sevdiyi görünür. Onun rəftarı səmimidir, bu saxta ola bilməz", aparıcı təbəssümlə iddia edib.

"Putin təkcə uşaqları sevmir. O, insanları sevir. O, əsl insandır", deyə prezidentin mətbuat katibi cavab verib.

Tuvada istirahət

"Yalnız bizim proqramda: Putin, Şoyqu və Bortnikov Sayanlarda hansı göbələkləri toplayıblar və nə qədər?

"Təqribən iki kilometr yüksəklikdə gedirdik, orada nəfəs almaq çətindir.... Bu, böyük fiziki yükdür ".

"Hər bir metr çətinlikdir ".

"Prezidentin tam həftə sonu ola bilməz".

Prezidentin Tuvada, müdafiə naziri Sergey Şoyqu və FTX-nin direktoru Aleksandr Bortnikovla keçirdiyi istirahət barədə KİV-lər ötən həftə yazıblar.

"Rossiya-1" kanalı Putinin istirahəti barədə kadrlardan ibarət bu günə qədər dərc edilməyən eksklüziv süjet hazırlayıb. Putinin qısa müddətli məzuniyyətinin müzakirəsi hazırlıqsız bir insan üçün belə bir gəzintinin necə çətin olmasına diqqəti yönəldib.

Şəklin mənbəyi, ALEXEI NIKOLSKY/TASS

Şəklin alt yazısı,

"Təsəvvür edin ki, bir saata dağdan enirsiniz, bu böyük fiziki yükdür", deyən Peskov Putinə istirahətdə necə çətin olduğundan danışıb.

"Yuxarı və aşağı gəzirdik. Təsəvvür edin ki, bir saata dağdan enirsiniz, bu, böyük fiziki yükdür ", Peskov deyib. O, Putinin özünü necə formada saxladığından danışıb. Məsələn, o, "gündəlik 1 kilometr" üzür. "Mən belə yalnız piyada gəzə bilərəm", Solovyev etiraf edib.

Mətbuat katibi prezidentdən vəhşi heyvanların da qorxmadığına diqqəti yönəldib: "Dünyanın ən ürkək heyvanları olan vəhşi dağ keçiləri belə Putini görən zaman qaçmadılar. Hətta onu tanıdıqları barədə zarafatlar da oldu".

Solovyev mətbuat katibindən Vladimir Putinin əmin əllərdə olub-olmadığı ilə maraqlanıb və məsələn, ayılar tərəfindən prezidenti təhlükə gözləyib-gözləmədiyini soruşub.

"Ayı məgər axmaqdır ki?" Peskov zarafat edib.

Aparıcı dövlət başçısının quşüzümünü nə etdiyini və Putinin, Şoyqunun və Bortnikovun hansı göbələkləri toplamağından danışacağını vəd edib. O, vədinə əməl edib.

Süjetdən məlum olub ki, prezident quşüzümünü kolxoz bazarına aparmağı təklif edib. Göbələklərə gəldikdə isə, Putin böyük ağ göbələk, müdafiə naziri isə yağlı göbələk tapıb. Lakin heç birinin yaninda onu qoymaq üçün paket olmayıb.

Bu nəyə lazımdır?

Hökumətin təqaüd yaşının artırılması barədə planları elan etməsindən sonra Putinin reytinqi ciddi şəkildə aşağı düşüb. İyun ayından prezidentin elektoral reytinqi 15 bal aşağı düşüb (iyunun 10-da 62% səs verməyə hazır idisə, 30 avqustda bu 47% təşkil edib. "İctimai rəy" fondunun məlumatı).

Bu, prezidentə dəstəyin ən ciddi zəifləməsi və 2011-ci ildən bu yana ən aşağı səviyyəsidir. Həmin ildə ölkədə keçirilən Duma seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq kütləvi etirazlar keçirilirdi.

Ötən həftə Putin telemüraciət edərək qadınların təqaüdə çıxma həddinin 8 ilə deyil, 5 ilə qaldırılmasını təklif edib. Sentyabrın 9-da islahatlara qarşı geniş miqyaslı etiraz aksiyası planlaşdırılıb.

Politoloq Abbas Hallamovun sözlərinə görə, yeni formatın meydana gəlməsi məhz prezidentin reytinqinin aşağı düşməsiylə bağlıdır. "Ümumilikdə belə şeylər işə yarayır. Görünür, onların təbliğatçı xarakteri yalnız ziyalıların az bir hissəsini qıcıqlandırır", ekspert belə düşünür.

"Əhali Putinin işi və şəxsiyyəti barədə müstəqil şəkildə fikir yürüdə bilməz. Sadəcə xəbərləri izləməklə bu nəticələr tətbiq edilməlidir", Hallamov izah edib.

Prezidentin uğurları və ya onun iştirakı ilə teleproqramlar uzun illər bir adamın rəhbərlik etdiyi dövlətlərdə sevilən formatdır.

Məsələn, Venesuela prezidenti Ugo Chavez hakimiyyətdə olduğu 14 il ərzində, 1999-cu ildən 2012-ci ilə qədər hər bazar səhəri "Alo Presidente" (Allo, prezident) proqramı ilə efirə çıxıb.

Qırmızı bluz geyinən Chavez nazirlərin hesabatını canlı efirdə dinləyir, Venesuelanın müxtəlif regionları ilə telekörpü yaradır və ABŞ rəhbərliyini qınayırdı. Hər buraxılış bir neçə saat davam edə bilərdi.

Türkmənistanın dövlət televiziyası mütəmadi olaraq prezident Qurbanqulu Berdiməhəmmədovun (2006-cı ildən ölkəyə başçılıq edir) iştirakı ilə süjetlər yayınlayır.

Burada prezidenti müasir və enerjili lider kimi təqdim etməyə çalışırlar. 61 yaşlı Berdiməhəmmədov rep oxuyur, idman zalında məşq edir, at belində gəzir, avtomatdan atəş açır və BMW M3 sürür.

Qazaxıstan liderı Nursultan Nazarbayev (1990-cı ildən ölkəyə başçılıq edir) haqqında sənədli filmlər toplusu çəkilib, hansı ki bir həftə nümayiş etdirilib.

Nazarbayevə həsr olunan ilk prezident günündə "Nazarbayev-mərkəzi"ndə fəaliyyətdə olan prezidentin həyatının müxtəlif mərhələlərindən bəhs edən filmlər nümayiş etdirilib.

Qazaxıstanda Nazarbayev şəxsiyyət kultu qanunla təsdiqlənib. Ona özünü və ailəsini cinayət məsuliyyətindən azad edən ömürlük "xalq lideri" titulu verilib.