Vəkillər Kollegiyası 4 vəkilin fəaliyyətinə niyə xitam verib?

Anar Bağırov Fotonun müəllifi AZERTAG
Image caption Vəkillər Kollegiyası sədri Anar Bağırov

"Fəaliyyətinin dayandırılmasına qərar verilən vəkillər, əsasən, rayonlarda fəaliyyət göstərən şəxslərdir", Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC News Azərbaycancaya bildirib.

Anar Bağırovun sözlərinə görə, onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətdiklərinə görə vəkillikdən uzaqlaşdırılıb.

O, "fəaliyyətinə xitam verilən vəkillərin adlarının etik səbəbdən açıqlamır, deyir ki, həmin vəkillər özləri bunu açıqlayarsa, Vəkillər Kollegiyası da əlavə məlumat verə bilər.

Bundan başqa, vəkil etikasına riayət etmədiyinə görə bir vəkilə irad tutulub, məhkəmə prosesinə mane olduğuna və məhkəmə prosesi iştirakçılarına qarşı nəzakətsiz davrandığına görə iki vəkilə töhmət verilib, Anar Bağırov deyib.

Bir müddət öncə Vəkillər Kollegiyası Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verib.

Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə isə bir illik məhdudiyyət tətbiq olunub.

Daha bir vəkil - Yalçın İmanovun fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmə prosesləri davam edir.

İndiyədək Vəkillər Kollegiyasının fəaliyyətinə xitam verdiyi bu vəkillər bunu "qərəzli addım" sayıb və hesab ediblər ki, vəkillikdən uzaqlaşdırmaları yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus" saydığı şəxsləri müdafiə etmələri ilə bağlıdır.

Vəkillər Kollegiyası isə bu ittihamları rədd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş