Marneuli rayonunun keçmiş meri Temur Abazovun ittihamı "ağırlaşdırılıb"

Temur Abazov mer Marneuli Gürcüstan Fotonun müəllifi MARNEULİ.GOV.GE
Image caption Marneuli rayonunun keçmiş meri, "Gürcü Arzusu" partiyasından olan Temur Abazov 2018-ci ilin iyunun 13-də saxlanıb.

Gürcüstanın Marneuli rayonunun keçmiş meri Temur Abazovun vəkili, ona qarşı ittihamları "əsassız" hesab edir.

Rustavi Şəhər Məhkəməsində cümə axşamı günü keçirilən məhkəmədə Teymur Abazova qarşı ittihamlar "ağırlaşdırılıb".

Vəkil Qaqi Mosiaşvili BBC News Azərbaycancaya bildirib ki, hazırda Abazov "alçaldıcı və ya qeyri-insani davranış" maddəsilə ittiham olunur.

"Temur Abazov Gürcüstanın etnik azərbaycanlıları arasından, özü də yerli camaat tərəfindən seçilmiş ilk meri idi. Bu hadisə ona qarşı bir provokasiyadır. Yalnız bir nəfərin zərərçəkmiş qismində ifadəsi ittiham tərəfi üçün əsas götürülüb. Bu hadisəni təsdiqləyə biləcək ikinci bir sübut yoxdur".

Vəkil deyib ki, Gürcüstan kimi demokratik dövlətdə belə hadisənin yaşanması doğru deyil.

Abazov bundan əvvəl "şəxsi və ya ailə sirrinin açıqlanması və ya özəl həyat, yaxud şəxsi məlumatlara dair informasiyanın paylaşılması" maddəsi ilə ittiham olunub.

Temur Abazov ona qarşı irəli sürülən ittihamı rədd edir.

Abazovun növbəti məhkəməsi sentyabr ayının 20-də keçiriləcək.

Marneuli rayonunun keçmiş meri, "Gürcü Arzusu" partiyasından olan Temur Abazov 2018-ci ilin iyunun 13-də saxlanıb. İyunun 14-də isə məhkəmə onu həbs edib.

Gürcüstanın İnterpress.ge saytı yazmışdı ki, Tbilisidə keçirilən etiraz aksiyasında iqtidar partiyasının rəhbəri və keçmiş baş nazir Bidzina İvanişvili və Temur Abazova qarşı qeyri-etik ifadələr işlətmiş şəxs bir neçə nəfər tərəfindən üzr istədilib və ona qarşı qeyri-insani və alçaldıcı davranışlar edilib.

Bu hadisə videoya alınıb və görüntülər internetdə paylaşılıb, Gürcüstanın İnterpress.ge saytı yazıb.

Gürcüstan prokurorluğunun Rustavi şəhərində 2018-ci ilin iyunun 13-də keçirdiyi mətbuat konfransında açıqlanmışdı ki, "bəzi səlahiyyətli şəxslər" Elçin Abdullayevə qarşı "fiziki zorakılıq törədib" və "alçaldıcı hərəkətlərə yol veriblər".

Bu barədə daha geniş