"Atam azadlığa buraxılacaq", Məmməd İbrahimin oğlu deyir

Məmməd Ibrahim, AXCP, Turan İbrahim, pentensiar xidmət Fotonun müəllifi TURAN IBRAHİM
Image caption 3 il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim özünə qarşı olan heç bir ittihamı qəbul etmir və həbsini "siyasi" adlandırır.

Həbsdən çıxmasına iki gün qalmış cərimə təcridxanasına (karserə) salınmış müxalifətçi, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimhəftəsonu "azadlığa çıxacaq", oğlu Turan İbrahim BBC News Azərbaycancaya bildirib.

Cümə günü Məmməd İbrahimə dəstək toplantısında "saxlanaraq, 31-ci Polis bölməsinə aparılmış" jurnalist və digər fəallar da sərbəst buraxılıb, AXCP-çi Təzəxan Mirələmli deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Məmməd İbrahim aclığı dayandırıb

Cümə axşamı günündən bəri cərimə təcridxanasında olduğu deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim sabah günortadan sonra azadlığa buraxılacaq, oğlu Turan İbrahim BBC News Azərbaycancaya deyib.

Oğlu Turan İbrahimin sözlərinə görə, o, bu gün 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Həsənovla görüşüb.

"Şahin Həsənov mənə dedi ki, elə indicə Məmməd İbrahimlə görüşdən çıxıb, hər şey yaxşıdır, səhhəti qaydasındadır, heç bir fiziki zorakılıq olmayıb".

Turan İbrahim atasının aclığı dayandırdığını deyib.

"Məmməd İbrahimin saxlandığı müəssisədə axtarış-baxış tədbiri keçirəndə onun yataq yerində kəsici-deşici alət aşkar olunub", Penitensiar Xidmət BBC News Azərbaycancaya bildirib.

Xidmətin sözçüsü Mehman Sadıqov hadisə ilə bağlı "araşdırma aparıldığını və hüquqi qiymət veriləcəyini" deyib.

Qurum rəsmisi bildirib ki, "hazırda aparılan araşdırmaların məqsədi oldur ki, müəyyən etsin ki, bu kəsici-deşici alət ora necə keçib və burada hər hansı bir cinayət tərkibi var, ya yox"?

Turan İbrahimin sözlərinə görə, o atasının vəziyyətin öyrənmək üçün cümə günü cəzaçəkmə müəssisəsinə gedən zaman onu yolun yarısında polis saxlayıb geri qaytarmağa çalışıb.

"Polis əməkdaşları mənə zor tətbiq etdilər, yumruqladılar. Məni zorla avtobusa mindirib yola saldılar təzədən düşüb qayıtdım. İndi cəzaçəkmə müəssisəsinin qabağında gözləyirəm", - Turan İbrahim belə deyib.

Turan İbrahim bildirib ki, Məmməd İbrahim aclıq aksiyası keçirir, təzyiqi düşüb. Halı pisləşib. Mənə cəzaçəkmə müəssisəsindən dedilər ki, görüşəcəksən gözlə".

Penitensiar Xidmətin sözçüsü bununla bağlı bildirib ki, "cərimə təcridxanasında olan adama ailə üzvləri ilə görüş verilməyə bilər".

"Jurnalist və digər fəallar sərbəst buraxılıb"

"Saxlanaraq, 31-ci Polis bölməsinə aparılmış jurnalist və digər fəallar da sərbəst buraxılıb", AXCP-çi Təzəxan Mirələmli bildirib.

Cümə günü Məmməd İbrahimə dəstək üçün çəzaçəkmə müəssisəsinin qarşısına onlarla insan toplaşıb.

Toplaşanlar arasında olan AXCP fəalı Təzəxan Mirələmli BBC News Azərbaycancaya bildirib ki, jurnalist Ramin Deko çəkiliş aparmağa çalışarkən, polis ona "mane olub".

"Ramin kamerasını çıxarıb çəkməyə başlayarkən, onun qoluna vurub, çəkiliş aparmasına mane oldular. Daha sonra isə, maşına otuzdurub, apardılar. İndi də zəng edirik açmır telefonunu. Güman ki, əlindən alıblar".

Cənab Mirələmli bildirib ki, jurnalistdən başqa polis bölməsinə "15 nəfərdən çox adam aparılıb".

Suraxanı rayon 31-ci Polis Bölməsindən BBC Azərbaycancaya "bu məsələ ilə bağlı məlumat yoxdur, olsa da verə bilmərik" deyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Məmməd İbrahim kimdir?

AXCP sədrinin müşaviri Məmməd İbrahim 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb.

Mikayıl Quliyev adlı şəxs 2015-ci il sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.

Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılıb.

Əvvəlcə "xuliqanlıqda" ittiham olunan cənab İbrahim sonradan "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilib.

3 il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim özünə qarşı olan heç bir ittihamı qəbul etmir və həbsini "siyasi" adlandırır.

Bu barədə daha geniş