Azərbaycan: Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatlar ödənmir?

hakimlər Fotonun müəllifi FREDERICK FLORIN/Getty Image
Image caption Avropa İnsan Haqları Məhkəməsində gözləyən işlər üzrə Azərbaycan 2150 iş üzrə yeddinci yerdə qərarlaşıb.

Azərbaycandan olan vəkillər və vətəndaş cəmiyyətinin fəalları deyirlər ki, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) müsbət qərar alsalar da, Azərbaycan höküməti bu qərarları icra etmir.

BBC-yə danışan vəkillər, fəallar və jurnalistlər deyirlər ki, hökümət əvvəllər Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatların ödənilməsini hissə-hissə ödəsə də, təxminən son 9 ayda ödənişləri "tamamilə dayandırıb".

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində "müxtəlif vaxtlarda bəzi adamlara" təzminatların ödənildiyini deyib və hazırki halı "texniki məsələ" adlandırıb.

Maliyyə Nazirliyinin saytında yazılır ki, 2017-ci ildə AİHM qərarlarının icrası üçün 1 milyon manat, bu il isə 2 milyondan çox məbləğ ayrılıb.

Hüquqşünaslara qonorarların ödənilməsi "dayandırılıb"

Fotonun müəllifi AFU
Image caption "Mən isə 2014-cü ildə həbs olunandan bu tərəfə udduğum işlərlə bağlı Avropa Məhkəməsinin müəyyən etdiyi qonorarları ala bilmirəm", hüquqşünas İntiqam Əliyev deyir

"2017-ci ilin sonundan adları hökumətin qara siyahısında olan hüquqşünaslara qonorarların ödənilməsi dayandırılıb. Mən isə 2014-cü ildə həbs olunandan bu tərəfə udduğum işlərlə bağlı Avropa Məhkəməsinin müəyyən etdiyi qonorarları ala bilmirəm".

Bu sözləri hüquqşünas İntiqam Əliyev BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, hökumət əvvəl hissə-hissə ödəməyə başlayıb, hərçənd ötən ilin sonundan ödənişləri tamamilə dayandırıb.

Cənab Əliyev deyir ki, son dövrlərdə Avropa Məhkəməsinin çıxardığı qərarların əksəriyyəti seçki, işgəncə, inzibati və cinayət təqibi qaydasında həbslər, siyasi məhbusların işləri ilə bağlıdır.

"Bu işlərdə qurbanlar vəkillər, jurnalistlər, siyasətçilər, gənc fəallar, hüquq müdafiəçiləri və fəal insanlardır. Hökumətin planında onları ac-susuz saxlamaqdır. Avropa Məhkəməsinin təzminatları bu planı pozur".

Cənab Əliyev hesab edir ki, Avropa Məhkəməsinin tarixində, onun qərarlarının təzminatlarının ödənişi ilə bağlı hissədə "belə miqyaslı imtina hadisəsi hələ ki, heç bir ölkə üzrə baş verməyib".

"Bu, Azərbaycan barədə çox pis fikir formalaşdırır, onsuz da reputasiyası o qədər də yaxşı deyil və bir gün onun üçün əsl başağrısına çevrilə bilər, o cümlədən, böyük kreditlər aldığı beynəlxalq maliyyə qurumları qarşısında",- hüquqşünas bildirib.

Jurnalist Leyla Mustafayeva da Avropa Məhkəməsinin onun barəsində çıxardığı qərarın icra olunmadığını bildirir:

"Mənim haqqımda qərar 2017-ci ilin aprelində çıxıb. Qərar seçki hüququnun pozulması ilə bağlı idi. Hökumət 10 min avro cərimə olunub. Qərar çıxandan sonra mənim pulumdan üç min avro ödənilib, qalan yeddi min isə qalır",- Leyla Mustafayeva BBC News Azərbaycancaya deyib.

Siyasi ayrı-seçkilik?

Vəkil Əsabəli Mustafayev hesab edir ki, hökümət Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatların ödənilməsini "siyasiləşdirib".

"2016-cı ilin əvvəllərinə qədər heç bir qərar üzrə təzminatın ödənilməsində problem yox idi. İcraya nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi və Azərbaycan ictimaiyyəti bu hal ilə barışmışdı ki, heç olmasa təzminatlar ödənilir",- Əsabəli Mustafayev deyib.

Vəkilin sözlərinə görə, 2018-ci illə bağlı mülki işlərdə təzminatlar ödənilir, amma burda da "siyasi ayrıseçkilik var".

Cənab Mustafayev deyib ki, "bu işlərdə nümayəndə biziksə, yəni mən, digər siyasi işlərə çıxan vəkillərdisə, hüquqşünaslardısa onlara hüquqi yardım üçün məhkəmə tərəfindən təyin olunmuş təzminatlar ödənilmir".

Əsabəli Mustafayev bildirib ki, bu yaxınlarda bir neçə mülki iş üzrə ərizəçilərə pul ödənildi, ancaq hüquqi yardımçılara ödənilmədi.

"Üç ay ərzində təzminatlar ödənilməsə, həmin gecikmələrə görə faiz tətbiq olunur. Faiz Avropa Mərkəzi Bankının hesablamalarına əsasən hesablanır",- vəkil deyib.

Image caption Araşdırmaçı jurnalist Xədicə İsmayılova da Avropa Məhkəməsindən ona ödənilməli olan məbləği ala bilmədiyini deyib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova da Avropa Məhkəməsindən ona ödənilməli olan məbləği ala bilmədiyini deyib.

"2017-ci ilin aprelində Avropa Məhkəməsi mənim işim üzrə qərarı elan elədi. Bu aksiyada həbs olunmağımla bağlı iş idi. Avropa Məhkəməsi mənim haqqımda 10-cu və 5-ci maddələrin pozuntusu üzrə qərarı tanıdı və 6000 avro cərimə və 2000 avro hüquqi xidmət haqqı kəsdi. Bu məbləğdən mənim hesabıma cəmi 1500 avro pul ödənilib",- xanım İsmayılova belə deyib.

Onun sözlərinə görə, daha sonra üç dəfə məktubla Prezident Adminstrasiyasına müraciət etsə də, heç bir cavab ala bilməyib.

Hökümət nə deyir?

Prezident Adminstrasiyasından bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Fotonun müəllifi Azertag
Image caption "Bizdə olan məlumata görə, müxtəlif vaxtlarda bəzi adamlara Avropa Məhkəməsinin qoyduğu təzminatlar ödənilib", - millət vəkili Səməd Seyidov deyib.

"Bizdə olan məlumata görə, müxtəlif vaxtlarda bəzi adamlara Avropa Məhkəməsinin qoyduğu təzminatlar ödənilib", BBC News Azərbaycancaya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Ancaq o, təzminatların ötən ildən bəri ödönilməməsini "texniki məsələ olduğu üçün" şərh etmək istəməyib: "Buna müvafiq qurumlar cavab verə bilər".

Maliyyə Nazirliyinin BBC News Azərbaycancaya bildirdilər ki, qurum büdcədə bu sahə üzrə hesabat aparmır.

Maliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2017-ci ildə dövlət büdcəsindən AİHM-də Azərbaycanın maraqlarını qorumaq və orada çıxarılan qərarların icrasına 1 milyon manat ayrılıb. 2018-ci ildə isə bu məbləğ 100 faiz artırılıb və rəqəm 2 milyon manatdan çox olub.

Avropa Məhkəməsində gözləyən işlər üzrə Azərbaycan 2150 iş üzrə yeddinci yerdə qərarlaşıb. Siyahının liderləri Rusiya və Türkiyədir.

Bu barədə daha geniş