Məhkəmə-Hüquq Şurası: "7 hakim cəzalandırılıb"

Məhkəmə-Hüquq Şurası, iclas, 9 oktyabr Fotonun müəllifi Məhkəmə-Hüquq Şurası

Məhkəmə-Hüquq Şurası (MHŞ) çərşənbə günü keçirilən iclasında daha yeddi hakimi cəzalandırıb, MHŞ-nın rəsmi saytında deyilir.

Qərarlar "qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar" verilib.

Məlumata görə, "konkret korrupsiya faktı" üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

"Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib."

Məhkəmə-Hüquq Şurası adlarını çəkmədiyi dörd hakimin də səlahiyyətlərinə "qanuni əsaslarla xitam verildiyini" deyib.

BBC News Azərbaycanca adları çəkilən hakimlərdən şərh ala bilməyib.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin, son 13 ildə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, 100-dən çox hakimin işindən kənarlaşdırıldığı bildirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş