Mühacirətdən xəstə atasını görməyə qayıdan Azad Həsənli "külli miqdarda narkotik əldə etmə" ittihamı ilə 4 aylıq həbs edilib

Müsavatçı, siyasi mühacir Azad Həsənli Fotonun müəllifi Təranə Məmmədova
Image caption Cümə axşamı Vilnusdən Bakıya gələn siyasi mühacir Azad Həsənli yoxa çıxıb.

Müsavat partiyasının üzvü Azad Həsənli Xətai rayon məhkəməsinin qərarı ilə "külli miqdarda narkotik əldə etmə" ittihamına görə 4 aylıq həbs edilib, vəkil deyib.

Vəkil Osman Kazımov BBC News Azərbaycancaya bildirib ki, Azad Həsənli hazırda Kürdəxanı təcridxanasında saxlanılır.

Vəkil qərardan apellyasiya şikayəti verdiyini də bildirib.

Müsavatçı Azad Həsənli oktyabrın 11-də Hövsan qəsəbəsində "beş nəfər mülki geyimli şəxs tərəfindən zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb". Məlumatı BBC News Azərbaycancaya müsavatçının qardaşı Araz Həsənli bildirib.

Onun sözlərinə görə, Azad Həsənli 2014-cü ildən mühacirətdə olduğu Litvadan xəstə atasıyla görüşmək üçün Azərbaycana qayıdıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib.

Müsavatçı "naməlum istiqamətə aparılıb"

"Axşam saat 4 olardı. Uşaq getdi, qardaşım da onun dalınca gedəndə gördüm ki, bayaqdan dükanın qabağından o tərəf-bu tərəfə keçən maşın da bunların arxasınca düşdü. Mən də çıxdım görüm nə baş verir, baxdım ki, maşın qardaşımın yanında dayandı. İçindən düşən beş nəfər zorla Azadı mindirdilər maşına. Qaçaraq yaxınlaşdım ki, kimsiniz, biri əlini qoydu sinəmə dedi ki, polisdənik, mindi maşına, getdilər", cənab Həsənli deyir.

O bildirir ki, altı saat gözlədikdən sonra dünən gecə saat 11-də Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, qardaşının "oğurlandığını" deyib.

"Mənə heç bir sənəd göstərmədilər. Mən də 102-yə zəng etdim ki, qardaşımı oğurlayıblar. Ordan dedilər ki, bir az gözləyin sizə məlumat verəcəyik", Azad Həsənlinin qardaşı deyib.

Müsavat Partiyası sədrinin müavini Səxavət Soltanlı deyir ki, müsavatçının yoxa çıxması xəbərini onlara Azad Həsənlinin həyat yoldaşı Təranə Məmmədova xəbər verib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib.

Bu barədə daha geniş