Zamirə Hacıyevanın mənimsədiyi pulları Britaniya Azərbaycana qaytaracaqmı?

Dollar Fotonun müəllifi Getty Images

Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər.

Bunu Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon BBC-yə deyib və qeyd edib ki, Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul "siyasi və beynəlxalq məsələyə" çevrilə bilər.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva son on il ərzində Londonun məhşur dükanı Harrodsda 21 milyon dollar xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubu və təyyarə sahibi olub.

O, bu ödənişlərin bəziləri üçün Beynəlxalq Bankın 35 ədəd kredit kartından istifadə edib.

Fotonun müəllifi Getty Images
Image caption Cahangir Hacıyev hazırda həbsdədir.

Cahangir Hacıyev 2016-cı ildə sədri olduğu Bankda böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb. Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib.

İngiltərə Ali Məhkəməsi Zamirə Hacıyevaya sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə üzləşə bilər.

Zamirə Hacıyeva Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Cənab Toon BBC-yə deyib ki, Milli Cinayət Agentliyi məhkəmə işini qazanarsa, o zaman mülklər müsadirə oluna bilər.

"İlk növbədə, həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi (Azərbaycan-red.) və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq".

Cənab Toon əlavə edib ki, hazırda İzaholunmaz Sərvət Sərəncamı qanununun hədəfində səkkiz şəxs var. Onlar Afrika, Cənubi Asiya, keçmiş Sovet İttifaqı və Rusiyadandırlar.

Bu barədə daha geniş