Binədə qəza: "Özümü mənəvi cəhətdən günahkar bilirəm" - 160 saylı marşrutun sahibi deyir

Ötən həftə Bakının Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub, nəticədə 2 nəfər ölüb
Image caption Oktyabrın 1-də Bakının Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub, nəticədə 2 nəfər ölüb

"Baş verənlərə görə özümü mənəvi cəhətdən günahkar bilirəm. Hesab edirdim ki, mən bu sahəni daha dərindən bilirəm, amma indi görürəm ki, işimdə nöqsanlar var".

Bu sözləri oktyabrın 1-də Binə qəsəbəsində qatarla toqquşan 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva BBC News Azərbaycancaya deyir.

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında paytaxtdakı sərnişindaşıma şirkətlərinin işini tənqid edib.

Prezident Əliyev nə deyib?

O, sürücülərin "psixoloji, narkoloji durumuna, peşəkarlığına nəzarət olunmadığını" söyləyib. "Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir".

İlham Əliyev şirkətlərin nəzarətə götürülməli, onların texniki parametrləri ilə bağlı təftiş aparılmalı olduğunu da bildirib. O, hökumətin toplantısında özəl şirkətlərin fəaliyyətindən məyus olduğunu bildirib.

"Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə".

Image caption 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva işində dönüş yarada bilməsə, bu işdən çəkiləcəyini deyir

BBC News Azərbaycancaya danışan şirkətlər cənab Əliyevin iradları ilə razılaşdıqlarını deyir və həmçinin vəziyyətlərini izah edirlər.

"Bizim şirkət 15 ildir bu işlə məşğuldur. İş olan yerdə nöqsan da olur. Amma saytların qabartdığı kimi sürücü narkoman deyil, qanında heç bir maddə aşkarlanmayıb, sadəcə adi ağrıkəsici aşkarlanıb. O da cinayət tərkibli deyil", "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva qeyd edir.

"Özüm də başda olmaqla dünən, bu gün xətlərə nəzarət etmişəm, işçilərimizi səfərbər etmişəm. Bu o demək deyil ki, başqa vaxt nəzarət olmurdu. Amma həyatdır da, heç kim qəzadan sığortalanmayıb."

"Yenə də mən həlak olanların ailəsinə başsağlığı verirəm, hüzn içindəyəm", deyən xanım Əliyeva zərərçəkmişlərə yardım etdiyini bildirir.

"Cənab prezidentin iradlarını qəbul edirəm, işimdə dönüş yarada bilməsəm bu işdən çəkiləcəm", o əlavə edir.

Bəs MMC indiyə kimi niyə işində dönüş etmirdi?

Hələ avqustda 160 saylı marşrut nöqsanlara görə Bakı Nəqliyyat Agentliyi tərəfindən müsabiqəyə çıxarılıb.

Oktyabrın əvvəllərində isə eyni marşrut xəttinin avtobusu iki dəfə qəza törədib. Bir dəfə avtobus qatarla toqquşub. Bu zaman iki nəfər həlak olub, 30-dan artıq sərnişin xəsarət alıb.

Oktyabrın 6-da isə minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilini idarə edən sürücü və onun altı yaşlı övladı xəstəxanaya yerləşdirilib.

İradə Əliyeva deyir ki, marşrut xətti müsabiqəyə çıxarılana qədər ölüm hadisəsi qeydə alınmayıb.

Bundan başqa, o, ikinci qəzada avtobus sürücüsünün günahkar olmadığını söyləyir:

"Sürücü özü dayanacağa girmişdı, ixtiyarı yox idi. Yenə saytlar hallandırdılar: "Ayşən" MMC hadisə törətdi". 100 maşını olan şirkətdə, əlbəttə, hadisə olacaq".

"Şlaqbaum olsa da, olmasa da…"

Qatarla avtobusun toqquşmasına gəlincə, İradə Əliyeva deyir ki, bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir, amma yenə də əlavə edir:

"Şlaqbaum olsa da, olmasa da sürücünün diqqəti yolda olmalı, mütləq onu görməliydi, bilir ordan dəmiryol xətti keçir".

Bununla belə, İradə Əliyeva "bütün günahı sürücünün üstünə yıxılmasını" istəmir.

"O da bizim işçimizdir. Haqqında deyildiyi kimi deyil, fotoları yayılıb, baxsanız o deyilən şeydən əsər-əlamət görməzsiniz. Mən özüm də bu sahəyə diqqət edirəm, elə adamları işə qəbul etmirəm".

Baş Prokurorluq bundan əvvəl Binədəki qəzayla bağlı istintaq getdiyini bildirib.

Avtobus sürücüləri niyə tələsir?

"Ayşən LTD"-nin rəhbəri sürücülərin tələsməsi, bu səbəbdən avtobusu sürətlə idarə etmələri haqda iradlara da münasibət bildirir:

"Onlar qrafikə nəzarət etmək, vaxtında getmək üçün tələsirlər. dayanacaqlar taksilər tərəfindən zəbt edilib, ona görə də vaxtında dayanacağa girə bilmirlər. Binənin mərkəzində dayanacağa girmək mümkün deyil."

Başqa bir sərnişindaşıma şirkəti, "Monella" MMC şirkətinin rəhbəri Qurbanəli İsmayılov BBC News Azərbaycancaya "maddi çətinliyə" görə yeni avtobus gətirə bilmədiklərini deyir.

"2005, 2006, 2008-ci illərdə ən müasir avtobusları birinci gətirən bizim şirkət olub. Ancaq sonradan müəyyən səbəblərdən maddi durumumuz çətinləşmişdi".

Cənab İsmayılov iddia edir ki, "o vaxtkı rəhbərlik" istismarlarında olan gəlirli marşrut xətlərini "səbəbsiz, heç bir izahat verilmədən əllərindən alınaraq seçilmiş şirkətlərə verilib".

"O biri tərəfdən qeyri-rəsmi hərəkətlərə görə avtobuslarımız aylarla xəttə buraxılmırdı. Biz ona görə külli miqdarda pul itirdik, çətinliklər çəkdik. Buna görə də bir çox şirkətlər problemlərlə üzləşirlər", deyə o davam edir.

"Biz insanın həyatını 20 qəpiyə dəyişirdik"

Sürücülərin psixolji, narkoloji müayinədən keçirilməməsi haqda deyilənlərə gəlincə, Qurbanəli İsmayılov bildirir ki, başqalarının yerinə cavab verə bilməz, ancaq onlar sürücüləri müayinədən keçirirlər və dəfələrlə o cür sürücüləri işdən uzaqlaşdırdıqları da olub.

"Bu, uzun söhbətdir. Ekspromt cavab vermək çətindir. Artıq həyat məcbur etdi ki, prezident bu söhbətə müdaxilə etdi. Bu səbəbi də mühit özü yaratdı. Biz çalışırıq ki, intizam olsun. Amma nə qədər intizam tələb etsək də, ehtiyacımız var, daha doğrusu, indiyədək çox ehtiyacımız vardı".

"Bu gediş haqqı ilə biz insanın həyatını 20 qəpiyə dəyişirdik. Dollar bahalandığından xaricdən gətirilən ehtiyat hissələri qat-qat, 4-5 dəfə bahalansa da, gediş haqqı həmin səviyyədə qalmışdı. Ona görə şirkətlər çətin vəziyyətə düşüblər. Bu çətinliklər də bu gün üzə çıxır. Düzdür, gediş haqqı iki aydır artıb, onun faydasını hələ hiss etməmişik. Vaxt lazımdır".

Qurbanəli İsmayılov bildirib ki, onlara yeni, müasir avtobuslar almaq, qaraj yaratmaq, intizamlı xidmət etmək tapşırığı verilib.

Bu barədə daha geniş