Socar-ın Türkiyədə açdığı 6 milyardlıq zavod Azərbaycana nə vəd edir?

star Fotonun müəllifi Azertag

Bu gün Türkiyənin İzmir şəhərində Star neft emalı zavodunun açılış mərasimi keçirilir.

Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan açılış mərasimində iştirak edib, Azərtac xəbər verir.

Zavodun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur, bu barədə BBC News Azərbaycancaya ARDNŞ-in mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib.

Star zavodunun təməli 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoğan tərəfindən qoyulub.

Socar 2008-ci ildən etibarən Türkiyədəki fəaliyyətini SOCAR Turkey Enerji A.Ş. (STEAŞ) adı ilə davam etdirir.

STEAŞ-ın səhmlərinin 87 faizi Socar-a, 13 faizi isə Goldman Sachs şirkətinə məxsusdur.

"250 milyon dollar xalis mənfəət"

ARDNŞ-in sözçüsü bildirib ki, Star zavodunun layihə dəyəri 6.3 milyard dollardır.

"Zavodun ilk 5 ildə hər il ümumi 864 milyon dollar, növbəti 10 ildə isə 614 milyon dollar əməliyyat gəliri gətirəcəyi proqnozlaşdırılır".

Onun sözlərinə görə, bu gəlirdən əməliyyat xərcləri, vergilər və digər ödənişlər çıxıldıqdan sonra zavod 250 milyon dollar xalis mənfəət əldə edəcək.

"Zavodda artıq sınaq işləri başlayıb və iki tanker xam neft zavoda daxil olub. 2019-cu ilin birinci rübündə isə zavodun tam gücü ilə işləməsi planlaşdırılır".

O qeyd edib ki, zavod illik 10 milyon ton neft emal edəcək.

Dövlət Neft Şirkətinin məlumatında deyilir ki, zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq. Zavodda "Azeri Light", "Urals" və "Kərkük" neft növləri emal olunacaq.

Zavodda 1100 nəfər işçi çalışacaq.

"Əlverişli bazar Türkiyədir"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BBC News Azərbaycancaya deyib ki, "Star çox yaxşı düşünülmüş kommersiya layihəsidir".

"Kapital ancaq ölkənin daxilində toplanmamalıdır. Stardan əlavə eyni böyüklükdə iki neftayırma zavodu tikilsə belə yenə də Türkiyədə neft məhsullarına ehtiyac var. Buna görə də, kommersiya baxımından ən əlverişli bazar Türkiyədir".

Cənab Şaban söyləyir ki, zavodunun texnoloji baxımından texniki-iqtisadi göstəricilərinə baxılarsa, son on ildən artıq müddətdə Cənubi Avropada o cür texnoloji miqyasda yeni zavod ərsəyə gəlməyib.

"Star zavodunun istehsal etdiyi məhsullar bazarda rəqabətə davamlı olacaq və realizasiya ilə bağlı digər şirkətlərin məhsulları ona rəqib ola bilməz".

O hesab edir ki, zavodun mənfəəti yüksək olacaq:

"10 milyon ton emal gücü olan zavodun təqribən 7-8 milyard dollar dövriyyəsi varsa, onun 10 faizdən aşağı mənfəəti olmalıdır ki, bu da 500 milyon dollardan aşağı olmaz".

"Azərbaycanın daha çox ehtiyacı var idi"

Təhlilçi hesab edir ki, Dövlət Neft Şirkəti neft emalı zavodunu Azərbaycanda daha tez tikə bilərdi, lakin deyir ki, "bu o demək deyil ki, Star zavodu İzmirdə tikilməməli idi".

"Bu gün ölkənin içərisində yeni neft emalının tikilməsinə Azərbaycanın daha çox ehtiyacı var idi. Bu gün yox, hətta dünən. Azərbaycanda yeni neft emalı kompleksinin tikilməsi ilə bağlı qərar 2008-ci ildə verilib, lakin bu qərarın ancaq bir hissəsi yerinə yetirilib".

O hesab edir ki, 2008-ci ildə Azərbaycan hökumətinin "baxışları tamam fərqli idi", lakin qərar tam yerinə yetirilsə idi indi Azərbaycan Avro5 standartında neft məhsullarını idxal əvəzinə istehlak etməli idi.

Cənab Şaban düşünür ki, kompleksin reallaşmamasının səbəbi miqyasın böyük götürülməsi idi.

"Azərbaycan hökuməti böyük kapitalyönümlü layihələrdən yapışdı, rasional layihələr ortaya qoymadı. Hökumət əvvəlcə 19 milyarddan artıq pul tələb edən layihə ortaya qoydu, sonra 14.4 milyard elədi, sonra daha aşağı saldı. Sonra dedi ki, bizə bu layihə lazım deyil, elə Sumqayıt və Bakıdakı mövcud zavodları maliyyələşdirək. İndi təsəvvür edin ki, 2050-ci ilə qədər Bakı və Sumqayıt şəhərinin əhalisi sənaye şəhəri olaraq onun içərisində vurnuxacaqlar. Hesab edirəm ki, bu, düzgün addım deyildi".

İlham Şaban hesab edir ki, Socar-ın bundan sonrakı addımı Türkiyə bazarında böyük yanacaqdoldurma məntəqələri şəbəkəsini əldə etmək olmalıdır.

"Əgər Türkiyədə xam neft Türkiyə bazarına gəlirsə, xam neftin emalı həyata keçirilirsə, niyə onun son satışı həyata keçirilməsin? Bu, bütün zənciri tamamlamış və gəliri daha da artırmış olardı".

Bu barədə daha geniş