Bakıda yumurta qıtlığı yaranıb, qiymətlərdə də artım var

Yumurta Bakıda yumurta qıtlığı

Bakıda yumurta qıtlığı yaranıb, marketlərdən verilən məlumatlarda deyilir.

Bravo marketlər şəbəkəsinin təchizat şöbəsindən yumurta qıtlığının olduğunu BBC News Azərbaycancaya təsdiqləyiblər.

Marketlər şəbəkəsinin təchizat şöbəsinin əməkdaşı Məlik Hüseynli bildirib ki, "yumurta qıtlığına səbəb istehsalda yaranmış problemdir".

"Mən sizə ətraflı məlumat verə bilməyəcəm. Ancaq təchizatçılar bizə istehsalda problem olduğunu deyiblər", cənab Hüseynli deyib.

Neptun marketlər şəbəkəsinin satınalma meneceri Azər Gülməmmədli də deyib ki, onların yumurta ilə təchizatında problem yoxdur, lakin "digər marketlərin yumurta təchizatında problemin yaranması" bu marketlərin müştərilərini Neptuna "yönəldib".

"Bizdə yumurta təminatı ilə bağlı problem yoxdur, lakin tələbat artıb. Bu da digər marketlərin müştərilərinin bizə üz tutmasıyla bağlıdır", satınalma meneceri deyib.

"Yumurta qıt deyil, tələbat artıb", Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev BBC News Azərbaycancaya bildirib.

"Qıtlıq bir az Bakı şəhərində idi, o da keçib getdi. Yumurta qıt deyil, məktəblər, universitetlər tətildən qayıdıb, ona görə də şagirdlər, tələbələr Bakıya axın etdilər. Təhsil ocaqlarının hamısında iaşə xidməti var və onlar yumurtadan çox istifadə edir", o deyib.

Aydın Vəliyev "istehsalda problem var" iddiaları ilə razılaşmayıb.

"Hər il yumurta qıtlığı yaranır. Sadəcə bu il bir az tez oldu, havaların dəyişməsilə əlaqədar toyuqlar yumurtadan kəsiliblər. Kiçik sahibkarların yumurta təchizatını dayandırması da azalmalara səbəb olur", cənab Vəliyev bildirib.

O, Quşçular Cəmiyyəti ilə işləyən marketlərdə yumurtanın 16-17 qəpiyə satırlar, digərləri isə baha satır. "Kənd yumurtası azalıb deyə qiyməti bahalaşıb. 25-30 qəpikdən təklif olunur", Aydın Vəliyev deyib.

Sosial şəbəkələrdə isə istifadəçilər yumurtanın qiymətinin 18-30 qəpik arasında dəyişdiyini yazıblar.

"Hörmetli admin, yumurta qıtlığə tək paytaxtda deyil, əyalətlərdə də var. Mən böyük bir marketin müdiriyəm.

Təsvvür edin ki, yumurta catışmazlığı üzündən bir adama 1-2 kaset yumurta satdığımız halda, hamıya çatsın deyə, məcburən satışı azaltdıq.

Bugünsə bu boyda marketdə yumurta tapılmadı. Firmada da yoxdur. Onsuz da son 3 ayda qiymət 3 dəfə artdi. 17 qəp. satdığımız yumurtanı indi 20 qəp. satırıq.

Bu da həm alıcıya sərf etmir, həm də bizə. Təcili tədbir görülməzsə, qayğanağın adını ancaq Cırtdan nağılında eşidəciyik", Efsane Tagizade adlı sosial media istifadəçisi isə belə yazıb.

Hazırda broyler yumurtası bəzi marketlərdə 18-20, kənd yumurtası isə 25-30 qəpiyə təklif olunur.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ildə yumurtanın qiymətinin artması ilə bağlı müşavirə keçirmişdi.

Həmin müşavirədə o, bahalaşmaya səbəb olan amillərin araşdırılmasını, səbəbkarların cəzalandırılmasını tapşırmışdı.

Əhalinin yumurta qiymətlərinin artmasıyla bağlı narazılıqlarına da münasibət bildirən Aydın Vəliyev yumurta qiymətlərində "heç bir artımın olmadığını" deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş