Azərbaycanda deputatların etikasına nəzarət oluna bilər

Milli Məclis Parlament Fotonun müəllifi Azertag

"Bircə o qalıb yazsınlar ki, küncə qoyulsun", bunu millət vəkil Araz Əlizadə "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsilə bağlı deyir.

BBC News Azərbaycancaya danışan millət vəkili ümumilikdə "deputatının etik davranış qaydaları" ifadəsi ilə razılaşmadığını deyir.

Deputatın etik davranış qaydaları və vəzifələri ilə bağlı qanunvericiliyə dəyişiklik təklifində deyilir ki, deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalıdır.

Bundan başqa, deputatlar ölkə Konstitusiyasını və qaydalarını rəhbər tutmalı, deputat etikasını gözləməli, üzvü olduğu parlament komitə və komissiylarının iclaslarında iştirak etməlidir.

Bu təkliflər təkcə Araz Əlizadənin deyil, digər millət vəkillərinin də ürəyincə olmayıb.

BBC News Azərbaycancaya danışan millət vəkilləri "tələblərin normal olduğunu, lakin etik qaydaların pozulması zamanı qərarın cəmi 9 nəfər tərəfindən verilməsini" məqbul saymırlar.

Qanuna hansı dəyişikliklər edilib?

Deputatın etik davranış qaydaları haqqında Qanuna dəyişiklərdə nəzərdə tutulur ki, millət vəkili əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz.

O, iradəsi əleyhinə ona verilən "maddi nemətlər, güzəştlər və imtiyazlar barədə İntizam komissiyasını məlumatlandırmalı və hədiyyəni Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

Fotonun müəllifi APA

Dəyişiklikdən əvvəl isə qanunda deyilirdi ki, deputat vəzifəsinin icrası zamanı nəticələrə təsir göstərə biləcək, dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləği keçməyən və qonaqpərvərliklə bağlı olmayan hədiyyələri özü və ya başqası üçün ala, təklif və ya tələb edə bilməz.

Qanuna yeni dəyişiklik təklifində isə həmçinin etik davranış qaydalarını kobud surətdə pozan millət vəkillərinin mandatdan məhrum edilməsi, onların təhqiramiz sözlərdən istifadəsinə qadağa qoyulması nəzərdə tutulur, eləcə də deputatlara həmkarlarının sözünü kəsmək qadağan edilir.

Digər bir təklifdə qyed olunur ki, millət vəkilləri vəzifələrinin icrası zamanı maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalıdırlar.

Hər hansı məsələ ilə bağlı yarana biləcək maraq ziddiyyətləri barədə onlardan İntizam komissiyasına məlumat vermələri və komissiyanın rəyini almaları tələb olunur. Deputatlar Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, maraqlarının yarandığı məsələ ilə bağlı çıxış və ya səsvermədə iştirak edə bilməzlər.

Həmçinin maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı deputatlar Milli Məclisdə iclas və ya ictimai müzakirələr zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək maraqlarını açıqlamalı, bu barədə iclas sədrini şifahi məlumatlandırmalıdır.

"Bircə o qalıb yazsınlar ki, valideynlərini çağırın"

Deputat Araz Əlizadə BBC News Azərbaycancaya "8 nəfər dəyişikliklərin əleyhinə çıxış etsə də, cəmi 6 nəfər səs verdi" deyib.

"Mən əleyhinə səs verdim, səbəb o deyil ki, mən qorxuram, xeyr, səbəb odur ki, deputat uşaq deyil. Bircə o qalıb yazsınlar ki, küncə qoyulsun və ya ya valideynlərini çağırın", millət vəkili bildirib.

"Deputatlara davranış qaydaları tətbiq etmək, bu, bir az ağır ifadədir. Hər bir normal insan özünü bu qaydaların tələb etdiyi şəkildə aparmalıdır.

Sadəcə mənə gülməli gəlir ki, necə olur ki, 40 min adamın deputat seçdiyi adam hansısa etik qaydanı pozursa, İntizam Komitəsinin 9 üzvündən 5-inin səsi ilə deputat mandatını itirir.

40 min nəfər deputatı seçir, 5 nəfərsə onu ləğv edə bilir. Bu məntiqə uyğun deyil", Araz Əlizadə vurğulayıb.

Fotonun müəllifi Azertag

"Qərar vermək səlahiyyəti parlamentdə qalmalıdır"

Millət vəkili Asim Mollazadə isə hesab edir ki, deputatların etik davranış qaydaları ilə bağlı sənədin üzərində "ciddi işləmək lazımdır".

"Ordakı bir sıra məqamların üzərində işləyib, onları dəyişmək lazımdır. Qərar vermək səlahiyyəti parlamentin yaratdığı hansısa komitədə yox, parlamentin özündə qalmalıdır. Sənəddə bir çox narahatedici məqamlar var. Mən sadəcə ümidvaram ki, ikinci, üçincü oxunuşda bu sənədin üzərində ciddi işlər aparılacaq".

Asim Mollazadə deyir ki, "qərar referendumla qəbul edildiyi üçün, ordakı müəyyən dəyişikliklər konstitusyon xarakter daşıyır".

"Ona görə də bunu normal, demokratik vəziyyətdə saxlamaq üçün layihənin üzərində işləməyə ehtiyac var. Məni narahat edən əsas məqam isə ondan ibarətdir ki, komitəyə etik davranışla bağlı hansısa qərarlar vermək səlahiyyəti verilir. Etik davranış hansısa kriminal məsələ ilə bağlıdırsa, məhkəmə qərarı olmadan İntizam komitəsi tərəfindən hansısa qərarın qəbul edilməsi hüquqi nonsensdir", deputat vurğulayıb.

Cənab Mollazadə bildirib ki, "hansısa əsassız ittihama" görə minlərlə insanın seçdiyi şəxsin səlahiyyətlərini ləğv etmək "düzgün olmaz".

Fotonun müəllifi Alamy

"Deputat da insandır, Allahın bacısı oğlu deyil ki, günahsız olsun"

Millət vəkili Aqil Abbas isə bildirib ki, etik prinsiplərdə onu narahat edən "hansısa məqam yoxdur".

"Milli Məclisdə oturan millət vəkillərinin hamısı tanınmış ziyalılar, alimlər - ölkənin qəbul etdiyi insanlardır. Onların indiyə kimi hansısa qeyri-etik davranışını müşahidə etməmişik. Mən 13 ildir deputatam, bircə dəfə Hüseyn Abdullayevlə insident olub, o da təbii ki, öz cəzasını alıb, mandatı əlindən alınıb", cənab Abbas deyib.

O bildirib ki, "deputat xalqın inandığı adamdır", ona görə də etibarını itirməmək üçün hansısa qaydanı "pozmaz".

"Bilirsiniz, adam deputatlıqdan gedə bilər, ancaq xalqın gözündən düşməmək lazımdır. Ən qorxulusu budur. Bu mənada, hansısa deputatın etik davranış qaydalarını pozacağına inanmıram", Aqil Abbas bildirib.

Cənab Abbas hesab edir ki, İntizam komissiyasının hər hansı hadisə baş verdikdə bu işə baxdıqdan sonra həmin məsələnin Milli Məclisdə müzakirə edilərək qərar qəbul edilməsi "doğru olar".

"Davranış sərhədləri ilə bağlı hər bir ictimai peşə sahibinin əməl etməli olduğu peşə etikası var. Qaldı ki, mən nə deyə bilərəm ki, nəyi etmək olar, nəyi olmaz. Hər halda deputat cinayət törədərsə, bunun təbii ki, cəzası olmalıdır və həmin şəxsin deputat olmağa haqqı yoxdur. Casusluq kimi əməllər və s. qəbul olunmazdır. Deputat da insandır, allahın bacısı oğlu deyil, günahsız olsun, səhv etməsin", cənab Abbas bildirib.

Məhdudlaşdırmalara niyə bu qədər sərt təpki vermək məsələsinə gəlincə, o deyib ki, bu təpkidən ziyadə, "bir zarafat idi".

Məmur və qohum hədiyyələrinin "fərq"i

"Bütün dünyada istər prezidentə, istər baş nazirinə, yaxud hər hansı dövlət məmuruna 50 dollardan baha hədiyyə veriləndə, o, bu haqda məlumat açıqlayır və aldığı hədiyyəni gətirib təhvil verir. Bu, bütün dünyada qəbul olunmuş qanundur, eləcə də Azərbaycan sivil ölkədir, burada bu qanunun qəbul olunmasında qeyri-adi heç nə yoxdur", cənab Abbas deyir.

"Mən sadəcə zarafatla əlavə etdim ki, kimsə bir dost, bir qohum rayondan gəlirsə, ya da pay gətirirsə, bu da bu qanuna daxildirmi? Məsələn, mənim doğum günümdür, hansısa qohumum mənə saat bağışlayıb, qiyməti 50 dollardan bahadır, bu da o qanuna daxildirmi?", millət vəkili sual edib.

Aqil Abbas deyib ki, "bir məmurla hansısa qohumun verdiyi hədiyyənin arasında fərq var".

"Təbii ki, mən ərazimdə çalışan icra başçısından və ya hansısa məmurdan hədiyyə götürsəm, bu olmaz. Ancaq doğulduğum kənddən kimsə mənə kənd payı göndərirsə, illərdir Bakıya gələn hamı kənd payı - qatıq, hətta çörək belə gətirir. Mən o payı götürsəm, bunun deputatlığa nə dəxli var?!", o əlavə edib.

Bu barədə daha geniş